Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:24

ABŞ prezidentinə vəzifə başında ittiham verilə bilərmi


Richard Nixon, 1970-ci il
Richard Nixon, 1970-ci il

ABŞ Konstitusiyasında aydın şəkildə yazılıb ki, prezident “ağır cinayət və nalayiq hərəkətlərə” görə vəzifədən kənarlaşdıra, Konqres bunu impiçment prosesilə gerçəkləşdirə bilər. Amma prezident məhkəmədə mühakimə oluna bilərmi, Konstitusiyada bu haqda bir söz deyilmir, indiyədək ABŞ Ali Məhkəməsi də bu məsələyə ayrıca baxmayıb. “Reuters” agentliyi bu məsələni araşdırıb.

ƏDLİYYƏ DEPARTAMENTİNİN İKİ SƏNƏDİ

İndi məsələ daha çox diqqət mərkəzindədir. Çünki Xüsusi prokuror Robert Mueller Rusiyanın 2016-cı ildə ABŞ-da prezident seçkisindəki rolu, Prezident Donald Trump-ın seçki kampaniyasının Moskvayla mümkün əlbirliyi, Trump-ın sözügedən təhqiqatı əngəlləməyə çalışması iddialarını araşdıraraq xüsusi hesabat hazırlayır.

Robert Mueller
Robert Mueller

ABŞ Ədliyyə Departamentinin onillər boyunca apardığı siyasət onu göstərir ki, vəzifədə olan prezidentə ittiham irəli sürülə bilməz. Bunu hüquq ekspertləri deyir.

1973-cü ildə Prezident Richard Nixon ətrafında “Watergate” qalmaqalı yarananda Ədliyyə Departamenti qəbul etdiyi daxili bir sənəddə vəzifədə olan prezidentə ittiham irəli sürülə bilmədiyini vurğuladı. Nixon 1974-cü ildə istefa verdi. Departament 2000-ci ildə mövqeyini bir daha təkrarladı, vəzifədə olan prezidentin cinayət təqibi, ittihamlara qarşı “konstitusion toxunulmazlığı” olduğunu vurğuladı.

Bir çox hüquq ekspertlərinin fikrincə, bu sənədlər Ədliyyə Departamentinin bütün işçiləri, o cümlədən Mueller üçün keçərlidir.

Amma bəzi hüquqşünaslar deyirlər ki, ölkənin qurucuları prezidentləri mühakimədən qorumaqdan ötrü Konstitusiyaya bir bənd sala bilərdilər. Bunu etməyiblərsə, deməli ittihamların irəli sürülməsi mümkündür. Onların mövqeyincə, prezidentin toxunulmazlığı heç kəsin qanundan yuxarıda durmamasını nəzərdə tutan fundamental hüququ pozur.

MUELLER ADİ İŞÇİ DEYİL

Onda görəsən, Mueller mövcud siyasətə baxmayaraq Trump-a ittiham irəli sürə bilərmi?

Donald Trump
Donald Trump

Agentlik bunun mümkün olduğunu yazır. Belə ki, Ədliyyə Departamentinin Mueller-in təyinatıyla bağlı qaydaları ona “fövqəladə vəziyyətlərdə” departamentin siyasətindən kənara çıxmağa icazə verir. Amma belə bir kənaraçıxmanı ABŞ-ın baş prokuroru təsdiqləməlidir və hazırda bu vəzifədə Trump-ın təyin etdiyi William Barr-dır.

Bəzi hüquq ekspertləri ehtimal edirlər ki, Mueller ciddi pozuntu aşkarlarsa, parçalanmış durumda olan Konqresin Trump-dan hesabatlılıq tələb edəcəyinə inamı olmazsa, belə bir istisnaya əl ata bilər. Bəzi hüquqşünasların deməsinə görə, Mueller 1973 və 2000-ci ildə qəbul olunmuş sənədlərə tabe deyil, çünki o, departamentin adi işçisi sayılmır.

Bəs Trump vəzifədən kənarlaşdırıla və sonra mühakimə oluna bilərmi? Buna şübhə yoxdur, çünki keçmiş prezidentin vəzifədə olarkən yol verdiyini nöqsanlara görə mühakimə olunması mübahisə doğurmur.

“Reuters” Nixxon-dan sonra vəzifəyə keçmiş Prezident Gerald Ford-un elə bu amili nəzərə alaraq sələfini əfv etdiyini yazır. Richard Nixxon “Birləşmiş Ştatlarda törətdiyi, yaxud törədə biləcəyi bütün pozuntularla bağlı tam, azad və mütləq əfv” qazanmışdı.

XS
SM
MD
LG