Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:51

'Yerli mallar azalır'-Media icmalı


Supermarket
Supermarket

Ölkədə sosial müdafiə, yerli malların ticarət dövriyyəsində azalması, avtomobil bazarında durğunluq və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Yerli mal istehsalında azalma

Azadliq.info saytında «Yerli malların ticarəti 46 faiz azalıb» sərlövhəli yazı oxumaq olar.

Sayt bəhs edilən yazıda iqtisadçı Nemət Əliyevin düşüncələrinə yer verib.

İqtisadçı bildirib ki, yerli malların ticarəti son 4 ildə 8.7 milyard dollara yaxın və ya 46 faiz azalıb, bu azalmanın 1.4 milyard dolları 2018-ci ilin payına düşür: «Təcili tədbirlər görülməlidir. Yerli mallar daxili bazarlardan sıxışdırılıb çıxarılır. Belə bir şəraitdə istehsalda inkişafdan deyil, tənəzzüldən danışılmalıdır».

Dövlət Statistika Komitəsinə istinad etdiyini bildirən iqtisadçı daha sonra da qeyd edib ki, 2017-ci ildə yerli malların daxili ticarətində müəyyən müsbət nəticələr əldə olunsa da, 2018-ci ildə həmin irəliləyiş əldən verilib: «Əgər 2014-cü ildə yerli malların ticarət dövriyyəsi 19 milyard dollar olmuşdursa, bu göstərici 2015-ci ildə 15.7 milyard dollar, 2018-ci ildə isə 10.4 milyard dollar olub...».

N.Əliyev hesab edir ki, bu azalma minlərlə iş yerlərinin itirilməsi anlamına gəlir.

O, daha sonra da vəziyyətdən çıxış yollarını təklif edir: «İlk növbədə vergi məmurlarının... özbaşınalıqlarına son qoyulmalı, vergi-sahibkar münasibətlərinin hazırkı sistemi köklü şəkildə dəyişməli, monopoliya və haqsız rəqabət aradan götürülməli, ümumi iqtisadi şəraitin yaxşılaşdırılması yönündə təsirli tədbirlər həyata keçirilməlidir».

Maşın bazarı
Maşın bazarı

«Alver ölüb»- avtomobil bazarında

Oxu.az saytında «Avtomobil bazarında «alver ölüb» – cədvəl» sərlövhəli yazı diqqət çəkir.

Müəllif ölkənin avtomobil bazarında vəziyyəti gündəmə daşıyır.

«Gürcüstandan 12 avtomobil gətirmişəm, hamısı əlimdə qalıb, sata bilmirəm», - deyə Azərbaycanda avtomobil alveri ilə məşğul şəxslərdən biri müəllifə şikayətlənib.

Yazıda qeyd edilməsinə görə, alverçilər bazarda belə durum yaranmasının səbəbini bir neçə ildir ki, ard-arda avtomobillərin aksiz vergisinin bahalaşması ilə izah edirlər.

Müəllif nəzərə çatdırıb ki, avtomobil bazarında yaranan durğunluğu elə Dövlət Gömrük Komitəsinin yaydığı göstəricilər də təsdiqləyir: «Məlumata görə, 2019-cu ilin yanvar ayında xarici ölkələrdən Azərbaycana idxal edilən maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar və onların hissələrinin dəyəri 221 milyon 671 min ABŞ dolları olub. Halbuki, 2018-ci ilin yanvar ayında bu göstərici 2 milyard 588 milyon 935.3 min dollar təşkil edib».

Yazıda vurğulanıb ki, nəqliyyat vasitələri və onların hissələrinin dəyəri 2019-cu ilin yanvarında 88 milyon 452.3 min ABŞ dolları olub. Halbuki ötən ilin eyni dövründə isə bu göstərici 103 milyon 594.8 min dollar (5.8 faiz azalma) təşkil edib.

Müəllif söhbətləşdiyi şəxslərə istinadən yazıb ki, hazırda əlində 10-12 min manatı olan alıcılar normal avtomobil tapa bilmir: «Çünki bahalaşmadan sonra normal maşın üzrə qiymətlər 20 mindən başlayır».

Müəllifə habelə bildirilib ki, avtomobilin ehtiyat hissələri ilə bağlı Gürcüstan bazarından asılılıq hələ də yüksəkdir.

«Bizdə maşın gələn kimi avtomatik gömrük rüsumu qoyulur, fərqi yoxdur, «ölüxana»ya gəlir, yoxsa istismar üçün. Amma orada gül kimi qayda-qanun var. Sökülmək üçün gələn avtomobil, doğrudan da, söküntüyə gedir, nəticədə, gömrük rüsumu beş dəfə az olur. Bu isə o deməkdir ki, Gürcüstanda ehtiyat hissələri dəfələrlə ucuzdur və avtomobil təmiri üzrə əldə edilən gəlirlər də paralel olaraq daha çoxdur»,-deyə alverçilərdən biri vurğulayıb.

Müşavirə
Müşavirə

Sosial tədbirlər

«Azərbaycan» qəzetində «Prezidentin sosial tədbirləri əhalinin bütün təbəqələrini əhatə edir» sərlövhəli yazı dərc edilib.

Yazıda fevralın 25-də dövlət başçısı İlham Əliyevin iştirakı ilə keçirilmiş iqtisadi və sosial məsələlərlə bağlı müşavirədən bəhs edilir. Müəllif yazıb ki, aparılan iqtisadi islahatlar büdcə daxilolmalarına müsbət təsir edib, vergi və gömrük orqanları plandan əlavə xeyli vəsait toplayıblar. Üstəlik, Dövlət Neft Fondunun gəlirləri əhəmiyyətli dərəcədə artıb. Yazıda qeyd edildiyinə görə, bütün bunlar vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə imkan verir.

Müəllif daha sonra həmin müşavirədə prezidentin çıxışından sitat da gətirir: «Biz əlavə gəlirləri, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəltməliyik. Çünki bu, bizim üçün prioritet məsələdir, vətəndaşların sosial rifahının yaxşılaşdırılması ən başlıca vəzifəmizdir. Bu istiqamətdə artıq bir çox ciddi addımlar atılıb və atılacaq».

Yazıda daha sonra bu günlər minimum əməkhaqqının 130 manatdan 180 manata, minimum pensiyaların 116 manatdan 160 manata qaldırılmasından və başqa atılan addımlardan bəhs edilir.

Yazının sonunda da oxuyuruq: «Bütün bunlar göstərir ki, 2019-cu il sosial inkişaf, əhalinin sosial inkişafı baxımından xüsusilə fərqlənən il olacaq. Bunlar həm də vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin ardıcıl xarakter daşıdığının göstəricisidir».

XS
SM
MD
LG