Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:22

AB səfirləri Kerç insidentinə görə sanksiyalara razılaşır


FSB-nin saxladığı dənizçilər
FSB-nin saxladığı dənizçilər

Avropa Birliyi (AB) səfirləri səkkiz rusiyalının hesablarını dondurmağa və viza qadağaları tətbiq etməyə razılaşıb. Həmin şəxslərin ötən noyabrda Kerç boğazında 24 ukraynalı dənizçinin ələ keçirilməsi və saxlanmasında əli olduğu bildirilir. Məlumatı müzakirələrə bələd mənbələr verib.

Səfirlərin martın 6-da dəstəklədiyi sanksiyaların gələn həftə təsdiqlənəcəyi gözlənir.

Bundan sonra səkkiz rusiyalı da AB-nin sanksiya siyahısına salınacaq. Bu siyahıda Ukraynanın ərazi bütövlüyünə zərbə vurduğuna görə sanksiya qoyulmuş fərdlər və qurumlar yer alıb.

Siyahı Rusiya 2014-cü ilin martında Ukraynanın Krım regionunu ilhaq edəndən sonra yaradılıb. Rusiya həmin ildən Ukraynanın şərqindəki separatçıları da dəstəkləməyə başlayıb. Bu münaqişədə 13 minədək adam öldürülüb.

AB-nin sanksiya siyahısında 163 fərdin və 44 qurumun adları var. Siyahıdakılara sanksiyalar gələn həftə daha altı aylığa uzadılacaq.

Səkkiz rusiyalının ya zabitlər, ya da hakimlər olduğu bildirilir. Hakimlər dənizçilər barəsində həbs qətimkan tədbirləri seçiblər və onlar hazırda Moskvadakı Lefortovo həbsxanasında saxlanırlar.

Noyabrın 25-də Rusiya Sərhəd Xidmətinin gəmiləri Ukraynanın üç gəmisinə atəş açıb, gəmiləri və heyət üzvlərini ələ keçirib. Moskva onların dəniz sərhədini qanunsuz keçdiklərini deyir, onlar isə ittihamı rədd edir.

Bu insidentdən sonra Kerç boğazında gərginlik artıb. Bu boğaz Qara dənizdən Azov dənizinə yeganə çıxışdır, Rusiyayla ilhaq etdiyi Krım arasında yerləşir.

XS
SM
MD
LG