Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:48

Beynəlxalq Bankdan aşpaza, xadiməyə milyonlarla pul necə verilib?


Beynəlxalq Bankın həbsdə olan rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva təcridxanada qardaşına görüş və telefon danışığı qadağasıyla əlaqədar 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib. Amma məhkəmədə Əminə Hacıyevanın iddiası mümkün sayılmayıb. Bu barədə Cahangir Hacıyevin vəkili Fəxrəddin Mehdiyev martın 11-də keçmiş bankirin özünün məhkəməsində danışıb.

Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və daha 19 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Hazırda bu məhkəmə prosesində şahidlərin dindirilməsi mərhələsidir.

Amma martın 11-də keçirilən məhkəmədə öncə Cahangir Hacıyevin vəkili onun ailə üzvlərilə görüş və telefon danışıqlarına qoyulan məhdudiyyətin aradan qaldırılması barədə vəsatət qaldırıb.

Vəkil deyib ki, İnzibati-İqtisadi Məhkəmənin Əminə Hacıyevanın iddiası üzrə qərardadında bu məsələ ilə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət etmək tövsiyə olunub. Fəxrəddin Mehdiyev həmin qərardadı da məhkəməyə təqdim edib:

“Xahiş edirik, Cahangir Hacıyevin bacısı ilə görüşməsi, telefon danışıqlarına şərait yaradılması üçün Bakı İstintaq Təcridxanasına məktub göndərəsiniz”.

“MƏN ANCAQ QOL ÇƏKMİŞƏM”

Vəkilin vəsatəti təmin olunmayıb. Hakimlər bildirib ki, bu, onların səlahiyyətində olan məsələ deyil, həbs yerlərində şəxsin saxlanma qaydasını Penitensiar Xidmət müəyyənləşdirir.

Bundan sonra şahidlər dindirilib. Onların da hamısı Dünyamin Xəlilovun işçiləri, faktiki onun rəhbərlik etdiyi müəssisələrdə çalışan şəxslər olub. Onlar Beynəlxalq Bankdan adlarına kredit götürülməsindən danışıblar.

Beynəlxalq Bankın vəsaitlərinin mənimsənilməsi ittihamıyla hazırda təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılan 22 nəfərdən üçü həbsdədir – C.Hacıyev, D.Xəlilov və İ.Hidayətzadə. Onların üçü də bundan öncə Beynəlxalq Bank işinə görə ayrı-ayrılıqda məhkum olunub, 5 ildən 15 ilə qədər azadlıqdan məhrum ediliblər.

Martın 11-də məhkəmədə vaxtilə Dünyamin Xəlilovla birlikdə mühakimə olunmuş şəxslər şahid qismində dindirilib.

Şahidlərdən Mansur Zeynalov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il həbs cəzası alıb. Apellyasiya məhkəməsi bu müddəti 4 ilə, Ali Məhkəmə isə 2 il 6 aya endirib. O bildirib ki, Xəlilovun “General Construction” şirkətində hüquqşünas işləyib, amma özü ixtisasca hüquqşünas olmayıb:

“Şirkətdə işim müqavilələri tərcümə etmək olub. 2007-ci Dünyamin Xəlilov “Kondor Qrup” MMC şirkətini yaratdı və məni həm təsisçi, həm də icraçı direktor təyin etdi. Sonra adıma Beynəlxalq Bankdan kreditlər götürüldü. Mən ancaq sənədlərə qol çəkmişəm, pullardan xəbərim olmayıb”.

10 MİLYON MANATA YAXIN PUL GÖTÜRÜLÜB

Fərhad Əmiraslanov da öncə 5 il cəza alıb, Ali Məhkəmə 2 ilə endirib. O isə “General Construction”da tikinti mütəxəssisi işləyib:

“Sonra Dünyamin müəllim adıma “Aqora” MMC-ni yaratdı. Onun istəyi ilə bir neçə dəfə kredit sənədlərinə qol çəkmişəm. Şirkətdə rəhbər vəzifəm formal olub”.

Məhkəmədə elan olunub ki, Fərhad Əmiraslanov Beynəlxalq Bankın 7 kredit müqaviləsinə qol çəkib və adına 10 milyon manata yaxın pul götürülüb.

Seyfulla Seyfullayev də 5 il azadlıqdan məhrum edilib. Amma Ali Məhkəmə onu şərti cəza ilə azadlığa buraxıb. O, “Səbail Mebel” ASC-nin baş direktoru olub:

“Adıma Beynəlxalq Bankdan 9 milyon manat kredit götürüldü. Bankdan adını xatırlamadığım şəxs mənə zəng edib çağırdı. Gedib sənədlərə qol çəkdim, lakin pulu görmədim. Dedilər ki, pullar şirkətin inkişafına xərclənəcək. Həmin pula armatur alınmalı idi, lakin heç nə olmadı”.

Sabiq deputatın faktiki rəhbərlik etdiyi “İntertekstil” fabrikində aşpaz işləmiş Arzu Qasımova, xadimə Mehriban Abbasova, usta Mehdi Mehdiyev və digərləri də məhkəmədə ifadə verərək, onların adlarına Beynəlxalq Bankdan milyonlarla kredit götürülməsi barədə ifadə veriblər. Onlar bildiriblər ki, düzdür, sənədlərə qol çəkiblər, amma müqavilələrin məzmunundan da, götürülən kreditlərdən də xəbərsizdilər.

“Dedilər ki, şəxsiyyət vəsiqəsini gətirin, banka gedəcəksiniz. Sonra bizi yığdılar bir yerə, bir avtobus adam, banka apardılar, gedib orada sənədlərə qol çəkdik”, - Arzu Qasımova bildirib.

Məhkəmə martın 18-də davam edəcək.

Xatırlatma

Beynəlxalq Bank işi üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israfetmə) maddələri ilə ittiham irəli sürülüb.

Cahangir Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, Cahangir Hacıyevin tapşırığıyla Dünyamin Xəlilovun rəhbərlik etdiyi “General Construction”ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib.

Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

Cahangir Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmüylə 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG