Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 15:53

Azərbaycana 6.5 milyonluq dərman gömrükdən kənar necə gətirilib


Dərman
Dərman

Mərkəzi Gömrük Hospitalındakı kompüter-proqram sistemində ayrıca «Fikrət Qədiməliyev şöbəsi» varmış və F.Qədiməliyevin bütün qohumlarına, tanışlarına orada pulsuz xidmət göstərilirmiş.

General F.Qədiməliyev Dövlət Gömrük Komitəsinin Tibb Xidməti İdarəsinin rəisi olub, eyni zamanda hospitala rəhbərlik edib. Xəstəxanada onun adına olan şöbə barədə isə müavini olmuş Fərman Məmmədli məhkəmədə danışıb. F.Qədiməliyev də onun dediklərini təkzib etməyib.

F.Qədiməliyev, F.Məmmədli, həmçinin hospitalın işçiləri və Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin də iki əməkdaşı daxil olmaqla, ümumilikdə 8 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Onlar 188 adda qaimə üzrə 6.5 milyon manatlıq dərmanların ölkəyə gömrük nəzarətindən keçirilmədən gətirilməsi, Səhiyyə Nazirliyində qeydiyyatdan keçirilmədən onların satışı və istifadəsində suçlanır. General və müavininə həm də hospitalda 15 milyon manatlıq mənimsəmə ittihamı verilib.

«1000 manatın cəmi 20-30 manatını rəsmiləşdirirdik»

Hospitalın əczaçısı Sevinc Qurbanova martın 11-də məhkəmədə dindirilərkən deyib ki, xəstəxananın girişindəki aptekdə gün ərzində təxminən 1000 manatlıq mal satılırdı. Bunun cəmi 20-30 manatı rəsmiləşdirilirdi: «Bizə belə göstəriş verilmişdi».

Məhkəmədə hava limanında işləmiş gömrükçülər dindirilib. Onlardan soruşulub ki, necə olub, 2015-2018-ci illərdə gətirilən mallar yoxlanılmayıb, monitordan keçirilməyib? Amma heç biri bu suallara konkret cavab verməyib. İnspektor deyir ki, ancaq gələn malların qaimələrinə baxırdı, qutulardakı məhsula baxış keçirmək, sənəddə yazılanla qutunun içindəki malın eyni olub-olmadığını yoxlamaq onun işi deyildi, anbarda baxılmalıydı. Anbardar isə deyir ki, mallar onlara gəlib çatana qədər gömrük inspektorları özləri baxıb araşdırma aparırdılar. Beləliklə, uşaq bezi adıyla ölkəyə gətirilən dərmanları gömrükdən kimlərin buraxdığı bilinmir.

«Bəzi şirkətlərin malları yoxlanmırdı»

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin şöbə rəisinin müavini işləmiş Azər Mustafayev də məhkəmədə şahid qismində dindirilib. Bu zaman məlum olub ki, o, rəsmən birinci şöbənin rəis müavini olsa da, ikinci şöbənin rəis müavininin işini görüb. Deyir ki, idarənin rəisi, general Sadiq Abdiyev ona belə göstəriş vermişdi. Onun sözlərinə görə, hava limanında sərnişinlər üçün «yaşıl dəhliz» olduğu kimi, gələn malların gömrükdən keçidində də «yaşıl dəhliz» vardı. Yəni bəzi şirkətlərin gətirdiyi mallara baxış keçirilmirdi, yaxud onların işi qısa müddətdə həll olunurdu. Amma o, həmin şirkətlərin adlarını açıqlamayıb.

2018-ci il aprelin 30-da DTX bu məsələ ilə əlaqədar əməliyyat keçiriləndən sonra istintaqa cəlb edilənlər arasında general S.Abdiyev də olub. Amma bu 8 nəfərin haqqındakı cinayət işi məhkəməyə göndəriləndə onun işi ayrılıb.

Hazırda məhkəmə qarşısına çıxarılan şəxslərdən F.Məmmədlinin vəkilləri bununla əlaqədar prokurorluğa şikayət veriblər. Onlar S.Abdiyevin məsuliyyətdən kənarda qalmasına etiraz edirlər.

Məhkəmə martın 14-də davam edəcək.

Təqsirləndirilən şəxslərə qarşı CM-in 179 (mənimsəmə), 206 (qaçaqmalçılıq) və 314-cü (səhlənkarlıq) maddələri ilə ittihamlar irəli sürülüb. Bu ittihamlarda 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG