Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 14:27

Avropa Parlamenti Rusiyanı ‘strateji partnyorluqdan’ çıxarır


Avropa Parlamenti
Avropa Parlamenti

Avropa Parlamentinin martın 12-də yaydığı qətnamə layihəsində deyilir ki, Rusiya bundan sonra “strateji partnyor” sayılmayacaq.

Bu sənədin layihəsi Latviyadan olan deputat Sandra Kalniete tərəfindən təqdim olunub.

Avropa Parlamentində sənədin leyhinə 402, əleyhinə 163 deputat səs verib.

Belə bir sənədin ortaya çıxmasına səbəb kimi Krımın ilhaqı, Ukraynadakı münaqişədə “birbaşa və dolayısı ilə iştirak”, habelə Gürcüstan və Moldovanın ərazi bütövlüklərinin pozulması göstərilir.

Hesabatda həmçinin Solsberidə Sergei və Yulia Skripalların zəhərlənməsi, kiberhücumlar, Rusiyanın Avropa İttifaqı daxilindəki “populist qüvvələrlə” iddia olunan əlaqələri, Rusiyada müxalifət fəallarının və insan haqları müdafiəçilərinin təqib edilməsi qeyd olunur.

Bu qətnamə layihəsi ilə bağlı hesabatda bildirilir ki, Rusiya ilə əməkldaşlıq enerji təhlükəsizliyi, süni intellekt, iqlim dəyişikliyi və terrorizmlə mübarizə kimi sahələrdə saxlanacaq.

Sənəddə vurğulanır ki, Rusiya ilə əməkdaşlıq yalnız Moskvanın Minsk razılaşmalarına tam əməl etməsindən, habeləbeynəlxalq hüquqa ehtiram göstərməsindən sonra inkişaf etdirilə bilər.

Avropa deputatlarının fikrincə Avropa İttifaqı Rusiyanın beynəlxalq hüququ pozduğu hallarda Moskvaya qarşı, fərdi sanksiyalar da daxil, yeni sanksiyaların qəbuluna hazır olmalıdır.

Avropa deputatları habelə “ŞimalAxını 2” layihəsinin dayandırılmasına tərəfdar olduqlarını bildiriblər. Sənəddə qeyd olunur ki, Rusiya qazını Baltık dənizinin dibi ilə birbaşa Almaniyaya nəql edəcək bu kəmər ittifaqın Rusiya qazından asılılığını artırır və Avropa İttifaqının enerji siyasətinə ziddir.

Bu layihədən Rusiyanın məqsədi özünün qaz ixracatının Ukrayna kəmərlərindən asılılığına son qoymaqdır.

2019-cu ildə istifadəyə verilməsi nəzərədə tutulan bu kəmər Almaniyaya ildə 55 milyard kubmetr qaz nəql etməlidir.

Bundan əvvəl Almaniya kansleri Angela Merkel bildirmişdi ki, “ŞimalAxını 2” layihəsinin işi yalnız Ukrayna vasitəsilə tranzitin davam etdirilməsi şərtilə mümkün ola bilər.

XS
SM
MD
LG