Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:00

BDU-nun indiki rektoru 'istefa verərəm' deyirdi


E.Babayev
E.Babayev

Bakı Dövlət Universitetinin yeni rektoru Elçin Babayev kimdir? Son günlər çox səslənən bu suala AzadlıqRadiosu aydınlıq gətirməyə çalışıb.

O, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru, dosentdir. Son təyinata qədər prezident yanında Elmin İnkişafı Fondunun direktoru, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, eləcə də rəsədxananın «Kosmik plazma və Heliogeofiziki problemlər» şöbəsinin rəhbəri olub. Bir sıra beynəlxalq elmi jurnallarda məqalələrlə çıxış edib.

R.Hacıyev
R.Hacıyev

Elçin Babayev: «İstefa verməyə hazıram»

«Azadlıq» qəzetinin keçmiş redaktoru Rahim Hacıyev BDU-nun yeni rektoru haqda Facebook sosial şəbəkəsində yazır: «Universitetin yeni rektoru və maliyyə maxinasiyaları. 2009-2019-cu illərdə prezident yanında Elmin İnkişafı Fondunun icraçı direktoru olmuş Elçin Babayev Bakı Dövlət Universitetinə rektor təyin edilib. Onun Fonda rəhbərlik etdiyi dövrdə Hesablama Palatası çox ciddi maliyyə pozuntuları aşkar etmişdi. Vəzifələrin belə «təcrübəli»lərə verilməsi praktikası davam edir».

Məsələ bundadır ki, hələ iki il öncə Hesablama Palatasının hesabatında E.Babayevin rəhbərlik etdiyi Elmin İnkişafı Fondunda nöqsanlar olduğu deyilirdi.

Hesablama Palatasının audit yoxlamasının nəticələrinə əsasən, Fonda ayrılmış vəsaitlər 50-60% səviyyəsində icra edilib, istifadə olunmayan vəsaitlərsə depozit və tapşırıqlar hesabına köçürülüb, nəticədə qalıq məbləğ ildən-ilə artıb. Palata bildirirdi ki, 2015-ci ildə 127.6 min manat və 2016-cı ildə 49.2 min manat layihə rəhbərləri tərəfindən büdcəyə qaytarılıb və Fondun xərcləri həmin məbləğ qədər artıq göstərilib. Halbuki, maliyyə ilinin sonunda Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilməliydi. Bundan başqa, qrant vəsaiti hesabına alınmış elmi avadanlıq, cihaz və qurğuların Fondun mülkiyyəti hesab olunmasına və layihənin icrası müddətində layihə rəhbərinin, icraçılarının istifadəsinə verilməsinə baxmayaraq, həmin əsas vəsaitlər Fondda uçota alınmadan birbaşa xərcə silinib.

Amma qurumun üzə çıxardığı nöqsanlarla bağlı sonradan hansı addımların atıldığı bəlli deyil. Fondda korrupsiya ittihamları isə bundan öncə də səslənirdi. Hələ Hesablama Palatasının hesabatından 6 il öncə E.Babayev mətbuata bununla bağlı açıqlama verməyə məcbur qalmışdı: «Elmin İnkişafı Fondunun fəaliyyəti tam şəffafdır və burada hansısa korrupsiyadan, xoşagəlməyən hallardan söhbət gedə bilməz. Kim hansısa xoşagəlməyən hallarla bağlı fakt göstərərsə, istefaya getməyə hazıram».

Facebook istifadəçisi Zaur Əliyevsə yazır: «Elçin Babayev BDU-ya rektor təyin oldu. Elmin İnkişafı Fondunu ağ günə çıxarmışdı, indi də BDU-nu qoyacaq... Elm Fondunda layihələri olan bilir Elçin Babayev necə «şəffaf» insandır».

N.Qulamoğlu
N.Qulamoğlu

Ekspert: «Azərbaycan üçün tipik haldır»

Təhsil eksperti Nabatəli Qulamoğlu isə adı korrupsiyada hallanan şəxsin universitet rektorluğuna gətirilməsini Azərbaycan üçün tipik hal sayır.

«Bir misal deyim, vaxtilə Səməd Seyidovun rəhbərlik etdiyi Xarici Dillər Universitetində Hesablama Palatası külli miqdarda yeyinti aşkar etdi. Hətta iş o səviyyəyə çatdı ki, cinayət işi açmaq istədilər. Sonra düşündülər ki, bu Azərbaycanı AŞPA-da təmsil edir, hakimiyyət üçün çalışır və s. Ona görə də vaz keçdilər. Yəni bu hakimiyyət qanuna əhəmiyyət vermir», – deyən ekspert BDU-ya adı korrupsiya ittihamında hallanan şəxsin rektor gətirilməsinə təəssüflənir.

N.Qulamoğlunun fikrincə, ölkədə BDU-ya rəhbərlik edəcək yetərincə savadlı, intellektli kadr var: «Ancaq belə kadrlar adətən hakimiyyətə göstərdiyi xidmətinə, hansı tapşırıqları yerinə yetirməsinə görə təyin olunur. Vaxt vardı Abel Məhərrəmov tapşırıqları yerinə yetirirdi, həmin çaxır, biznes məsələsi üzə çıxandan sonra vəzifədən uzaqlaşdırıldı. Ruslar demiş: «ne poyman-ne vor», əlində tutulmayıbsa, oğru deyil. İndi bura sağlam bir adam təyin edəcəklərini güman etmirəm».

Yeri gəlmişkən, E.Babayevdən öncəki rektor A.Məhərrəmov haqqında da rəsmi səviyyədə olmasa da, hakimiyyətə yaxın mediada korrupsiya ittihamları səslənirdi. Elə bundan sonra da rektorluqdan uzaqlaşdırıldı.

N.Bəydəmirli
N.Bəydəmirli

İşadamı, keçmiş deputat Nazim Bəydəmirli isə yazır: «Mənim şübhəm yoxdur, sizin də şübhəniz olmasın ki, nə vaxta qədər rektoru tələbə-müəllim kollektivi seçməyəcək, prezident təyin edəcək, o zamana qədər bir rüşvətxoru, yerlibazı, regionçunu digəri əvəz edəcək və növbəti «minioliqarx» yetişdiriləcək».

Çoxsaylı cəhdlərə baxmayaraq, AzadlıqRadiosu bu ittihamlar və iradlarla bağlı E.Babayevdən münasibət öyrənə bilməyib.

«54 yaşı var, hələ də elmlər namizədidir»

Bəs alim kimi o necə tanınır?

54 yaşlı E.Babayevin hələ də elmlər namizədi olması tənqidçilərin gözündən yayınmayıb. Amma deputat Fazil Mustafa kimi «E.Babayev vəzifəsindən istifadə edərək qalaq-qalaq onun-bunun yazdığı kitablara öz adını soxuşdurmayıb, imkanlardan istifadə edərək özünü elmlər doktoru, akademik adlarına calaq etməyib»,- deyə düşünənlər də var.

Fizika-riyaziyyat üzrə elmləri namizədi haqqında AMEA-nin Fizika-riyaziyyat və texnika elmləri bölməsindən münasibət öyrənmək olmur. Bölmənin katibinin müavini, fizika elmləri doktoru, professor Cavad Abdinov deyir ki, E.Babayev fizika-riyaziyyat üzrə elmlər namizədi olsa da, astronomdur, astrofizika ilə məşğul olur, onlarla işləmir.

Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılova görə, E.Babayevin «əvəzi yoxdur»: «Google-da «Elçin Babayev» yazıb axtarış versəniz, görərsiniz ki, onun məqalələrinin sayı bəzi titulları olan alimlərdən qat-qat yüksəkdir».

Şamaxı Astrofizika Rəsədxanası
Şamaxı Astrofizika Rəsədxanası

«Ona il ərzində 60-70 istinad olur»

Həqiqətən də, alimin bir çox xarici dərgilərdə müştərək məqalələri çıxıb. X.Mikayılov E.Babayevin məqalələri müştərək yazmasında təəccüblü nəsə görmür, «bu ədəbiyyat deyil, tarix deyil, fizika, riyaziyyat, xüsusən də astronomiya sahəsində yazılan məqalələrin demək olar hamısı müştərək yazılır», – deyir. «NASA-nın saytında elə məqalə var 100-150 müəllifi olur. Bu sahədə yazılan məqalələrin 99 faizi birgə müəlliflik əsasında hazırlanır. O, Günəş şüalanmasının Yerə, insana təsiri haqda araşdırmalar aparıb. Avropalı alimlərlə çalışıb, ona il ərzində 60-70 istinad olur», – o, sözlərinə əlavə edir.

Alimin elmdən ayrılıb rektor gətirilməsinə isə həmkarı belə münasibət bildirir: «Dövlətimiz belə məsləhət görüb».

E.Babayevsə bir məqaləsində «Elm və təhsil - bilik, müasirlik, savad, gələcəyə açılmış qapılar deməkdir. Azərbaycan alimləri, ziyalıları ölkəmizin, cəmiyyətimizin elitasıdır. Onların dünyagörüşü, mövqeyi, hərəkətləri, fəaliyyəti Azərbaycanın inkişaf dinamikasını, inkişaf perspektivlərini xeyli dərəcədə müəyyən edir», – deyə yazıb. Daha sonra qeyd edir: «Son illərdə dövlət səviyyəsində görülən işlər deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanda elm və təhsil sahəsində böyük nailiyyətlərə imza atılacaqdır». O, bir qədər sonra əlavə edib: «Azərbaycanda elm və təhsilin sürətli inkişaf tempi imkan verəcəkdir ki, cənab İlham Əliyevin dediyi kimi, tez bir zamanda Azərbaycan ixtira olunan elmi nailiyyətlərin istifadəçisi yox, müəllifinə çevrilsin, Azərbaycan regionun elmi mərkəzi statusu qazansın». E.Babayev bunu 4 il qabaq - 2015-ci ildə yazırdı.

P.S. Elçin Babayev Azərbaycanda 5 il müddətinə təyin olunan ilk rektordur. Qanun onun daha bir neçə dəfə rektor təyin olunmasına məhdudiyyət qoymur. Məmur, alim Babayev rektor kimi hansı işlərə imza atacaq, hər halda bu, yaxın 5 ildə bəlli olacaq.

XS
SM
MD
LG