Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:55

Ukraynanın dostları prezident seçkisindən niyə ehtiyatlanır – Qərb mediası


Siyasi karikatura
Siyasi karikatura

Martın 31-də Ukraynada prezident seçkisi keçiriləcək. Qərb mediasının aparıcı mövzularından biri məhz bu seçkidir.

Ukraynanın Qərbdəki havadarları narahatdırlar ki, yeni seçiləcək prezident, kimliyindən asılı olmayaraq, islahatları sürətləndirməyə meylli olmaz, ya da bunu bacarmaz. “Reuters” agentliyi seçkinin əsas üç namizəd arasında yarışmaya çevriləcəyini yazır. Bu namizədlər indiki Prezident Petro Poroshenko, keçmiş baş nazir Yulia Tymoshenko və komediyaçı Volodymyr Zelenskiy-dir.

Agentlik Kiyevdə çalışan qərbli diplomatlara istinadla yazır ki, hər üç namizəd seçiləcəyi halda islahatları necə aparacağı, korrupsiyayla mübarizə, ölkəyə yardımın saxlanması sarıdan şübhələrə yer qoyur.

Seçki plakatı
Seçki plakatı

“Poroshenko-nu az-çox tanıyırıq, Tymoshenko-ya bələdik, amma Zelenskiy bizim üçün müəmmadır”, – bir diplomat deyib.

“Hərəsinin bir eybi var. Elə bir namizəd yoxdur ki, onunla yola düzələsən”, – başqa diplomat söyləyib.

Diplomatlar həm də narahatdırlar ki, belə sıx mübarizənin getdiyi seçkidə aldatma iddiaları, etirazlar baş verəcək.

Ukrayna 2014-cü ildən bəri əldə etdiyi xoş niyyət və inamı puça çıxara bilər. Hökumət düşünür ki, nə olursa-olsun, onu dəstəkləyəcəklər”, – ikinci diplomat vurğulayıb.

2014-cü ildə Krımı Rusiya ilhaq edəndən sonra Poroshenko Ukraynanı toparlaya bilib, ordunu gücləndirib, bank və enerji sektorunda islahatlar aparıb. Amma antikorrupsiya fəaliyyəti yerində sayıb, yüksəkçinli rəsmiləri mənimsəmə, rüşvətxorluq iddialarından dolayı həbsə atılmayıb ki, bu da seçiciləri məyus edib.

Zelenskiy niyə Poroshenko-ya əsl təhdiddir

BBC isə komediyaçı Volodymyr Zelenskiy-nin rəy sorğularının başında getməsindən yazır.

Volodymyr Zelenskiy
Volodymyr Zelenskiy

“Zelenskiy sistemə qarşı... komediyaçı Ukraynanın dərin dövlətinə qarşı”, – ABŞ-dakı Rutgers Universitetinin Ukrayna üzrə eksperti Alexander Motyl deyir.

41 yaşlı Zelenskiy son aylar populyarlaşıb, rəy sorğuları onun 25 faizlə öndə getdiyini göstərir.

O, özünün satirik TV şousunu siyasi reallığa çevirməyi hədəfləyir: Xalqın Qulluqçusu adlı serialda adi vətəndaşın korrupsiyayla mübarizə apararaq prezidentliyə yüksəlişini təsvir edir.

Bu şou milyarder, prezident Poroshenko-nun əsas rəqibi olan Ihor Kolomoisky-yə məxsus 1+1 kanalında göstərilir. ZelenskyKolomoisky-yə yaxın hesab olunur”, – BBC yazır.

“Çox fərqlidir, gənc, yaşı 40-dan aşağı seçiciləri hədəfləyir. Detallı proqramı da yoxdur, amma populist də deyil”, – Atlantik Şurası beyin mərkəzindən Ukrayna üzrə ekspert Anders Aslund deyir və komediyaçını “Trump-dan çox Macrona” bənzədir.

2004-cü ilin Narıncı İnqilabında əsas rol oynamış Yulia Tymoshenko-nun isə deməyə sözü azdır. Aslundun fikrincə, onun əsas elektoratı “yaşlılar, kənd camaatı, qadınlardır” və seçki kampaniyasında “çox az yeni bir şey deyib”. O, qazın qiymətini azaltmaq, pensiyaları artırmaq, kənd təsərrüfatı torpaqlarının özəlləşdirilməsini dondurmaq vədi verib.

Seçkiyə Yuriy Tymoshenko adlı namizədin qatılması isə keçmiş baş naziri qəzəbləndirib. O, Poroshenko-nu ittiham edir ki, həmin namizəddən “oyuncaq” kimi istifadə edir, seçiciləri çaşdırmaq, onun şanslarına zərbə vurmağı hədəfləyir. Sözügedən namizəd isə israr edir ki, seçicilər “Yulia və Yuriy-ni asanlıqla fərqləndirəcəklər”.

Yulia Tymoshenko (ortada) tərəfdarları ilə selfi çəkir
Yulia Tymoshenko (ortada) tərəfdarları ilə selfi çəkir

Ukraynanın yeni liderini köhnə problemlər gözləyir

“Gallup” sorğu mərkəzi isə yazır ki, seçkinin nəticəsindən asılı olmayaraq, yeni lider hələ 2014-cü ilin Avromaydan inqilabından sonra verilən vədləri yerinə yetirməli olacaq, sakinlərin gözləntisi budur.

Bu gözləntilər içində iqtisadi islahatlar var. Ötən il respondentlərin cəmi 29 faizi mövcud yaşayış standartından məmnun olduğunu bildirmişdi, 50% deyirdi ki, durumu pisləşir.

Yəni, ukraynalıların üçdə ikisi (65%) həyat səviyyəsindən narazıdır.

Ukraynada hər 10 yetkin yaşlından dördü ərzaq (38%), yaxud sığınacaq (38%) üçün pulu olmadığını deyib, 47 faizsə yaşadığı şəhərdə yaxşı, çatımlı yaşayış yerinin olmamasından şikayətlənib.

Maaşların azlığı, iş yerlərinin çatışmazlığı da ukraynalıları yeni imkanlardan ötrü xaricə üz tutmağa vadar edib. “The Washington Post”da bu yaxınlarda dərc olunmuş məqalədə deyilirdi ki, hər 10 ukraynalıdan biri, təxminən 5 milyon nəfər ölkədən xaricdədir. Bu şəxslərin Ukraynaya göndərdiyi pul vəsaiti isə bu il ölkənin ÜDM-nin 12 faizinə çatacaq.

XS
SM
MD
LG