Türkiyə Vaşinqtonun xəbərdarlığına baxmayaraq Rusiyayla havadan müdafiə sazişinə əməl edəcək. Bunu Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu martın 29-da rusiyalı həmkarı Sergei Lavrov-la görüşdən sonra deyib.
“Biz yekunda Rusiyayla razılaşdıq və razılaşmanı imzaladıq. Razılaşma qüvvədədir və biz çatdırılmanın zamanını müzakirə edirik”, – Cavusoglu jurnalistlərə bildirib.
“Saziş artıq bağlanıb”, – o, sözlərinə əlavə edib.
ZİDDİYYƏTLİ BƏYANATLAR
Cavusoglu Ankaranın S-400 sistemlərini digər tərəfə satmağı planlaşdırmadığını vurğulayıb.
Martın 28-də ABŞ-ın 4 senatoru hər iki partiyanın dəstəklədiyi qanun layihəsini təqdim edib. Həmin sənəd Ankaranın S-400 sistemlərini qəbul etmədiyini ABŞ hökuməti təsdiqləyənədək Türkiyəyə F-35 qırıcılarının satışını qadağan edir.
Cavusoglu-nun sözlərinə görə, Türkiyə Birləşmiş Ştatlardan ziddiyyətli bəyanatlar almaqdadır və Ankara F-35-lə bağlı bütün öhdəliklərinə əməl edib.
O həmçinin Ankaranın ABŞ-ın Qolan təpələri üzərində İsrailin suverenliyini tanımasına qarşı çıxdığını deyib.
ABŞ Prezidenti Donald Trump martın 25-də Qolan təpələrini İsrail ərazisi kimi tanıyıb.
Türkiyə Prezidenti Recep Tayyip Erdogan bu addımı tənqid edib, deyib ki, bu, Yaxın Şərqi yeni böhran həddinə çatdırır.
Rusiya, İran, ABŞ-ın Fars Körfəzində müttəfiqləri daxil bir sıra ərəb ölkələri də Trump-ın qərarını tənqid edib.
Lavrov Cavusoglu ilə brifinqdə deyib ki, Vaşinqtonun Qolan təpələri ilə bağlı qərarı “fürsət vermənin məqsədli, şüurlu nümayişidir”.