Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:32

Gürcüstanda plastik torbalar yasaqlandı


İllüstrativ foto
İllüstrativ foto

Aprelin 1-dən Gürcüstanda birdəfəlik, istənilən qalınlıqda polietilen paketlər qadağan olunub – həm istehsalı, həm idxalı, həm də satışı.

Bu qadağanı nəzərdə tutan qanun 2018-ci ilin oktyabrında qəbul olunub. Qadağanın pozulması sahibkarla 500 lari (180 dollardan çox) cərimə, məhsulun müsadirəsi hesabına başa gələcək. Təkrar pozuntu zamanı cərimə ikiqat artacaq.

Hələlik, Gürcüstanda bioloji həll olunan paketlərə icazə verilir. Bu paketlər qarğıdalı və buğda liflərindən hazırlanır və üç aydan iki ilədək bir müddət ərzində çürüyür. Kağız paketlərə də icazə verilir, onlar ətraf mühitə ziyan vurmur.

İllüstrativ foto
İllüstrativ foto

GECİKMİŞ, AMMA ÇOX VACİB QƏRAR

Qanun qəbul olunan zaman ekoloqlar hakimiyyətin bu yöndə addımlarının gecikdiyini bəyan ediblər. Belə ki, son illər Gürcüstanın küçələrində böyük həcmdə müxtəlif rəngli polietilen, plastik zibil yığılırdı. Plastik tullantıları yığıb emal edən bir neçə müəssisə peyda olunca durum nisbətən düzəlmişdi.

“Gecikmiş olsa da, çox vacib qərardır. Əks halda fəlakətlə üzləşərdik. Plastik tullantılar torpağı, suyu çirkləndirir. Təkcə adamlar deyil, heyvanlar da bundan əziyyət çəkir. Ev heyvanlarının otlaqlarda ot yerinə polietilen paket yeyib ölməsi halları az olmayıb”, – ekoloq Nino Chkhobadze “Currenttime.tv”yə deyib.

BMT-nin hesablamasına görə, hər il Yer üzündə yaşayanlar beş trilyonadək plastik paket istifadə edir. Dəqiqəyə 10 milyon paket düşür.

Azərbaycanda da birdəfəlik plastik torbaların istifadəsi yasaqlana bilər. Hələ ötən il rəsmilər deyirdilər ki, ticarətdə plastik torbaların ödənişli olması ilə bağlı işlər görülür, yaxın zamanda birdəfəlik istifadə olan 20 mikrona qədər plastik torbaların istifadəsinin qadağan olunması nəzərdə tutulur.

XS
SM
MD
LG