Avropa Birliyinin Breksit üzrə əsas təmsilçisi deyir ki, Britaniyanın gələn həftə birlikdən sazişsiz çıxma ehtimalı artır.
Michel Barnier aprelin 2-də Brüsseldə deyib ki, Britaniya üçün “ağır Breksit” ehtimalı “günü gündən artır”.
Bir gün öncə Britaniya parlamenti Breksit sazişinə alternativləri rədd edib. Sazişi Baş nazir Theresa May AB ilə ötən il imzalayıb.
Aprelin 2-də May hökumətlə böyük iclas keçirəcək, Breksit böhranından çıxış yolu tapmağa çalışacaq. Britaniya AB-dən 10 gündən sonra çıxmalıdır.
Britaniyalı deputatlar artıq üç ayrı-ayrı səsvermədə London-Brüssel sazişini rədd ediblər.
“Heç bir saziş bizim arzulanan, yaxud niyyət etdiyimiz ssenari deyil... amma AB 27 indi hazırdır. Günü gündən bu, daha real görünür”, – Barnier eyib.
O, bir daha vurğulayıb ki, AB May ilə ötən il razılaşdırdığı sazişlə bağlı təkrar danışıq aparmayacaq.
“Britaniya hələ də AB-dən nizamlı qaydada çıxmaq istəyirsə, bu razılaşma, bu saziş yeganə variantdır”, – o, sözlərinə əlavə edib.
Barnier Britaniya qarşısında iki variantın olduğunu deyib.
“Britaniya hökuməti növbəti günlərdə ayrılma sazişinə səs verməzsə, iki variant qalır: sazişsiz çıxmaq, ya da çıxmaq üçün müddətin uzadılmasını istəmək”, – o vurğulayıb.
Parlamentdə aprelin 1-də keçirilən səsvermədən sonra Breksit naziri Stephen Barclay deyib ki, indiki durumda Britaniya aprelin 12-də AB-dən sazişsiz çıxmalıdır, bu isə bir çox beynəlxalq şirkətlər üçün ən pis ssenari sayılır.