Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:01

Q.İbrahimov: 'Yəqin mesaj verirlər ki, sizi buraxmağa məcbur qaldıq, amma...'


Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...
Gözlə

No media source currently available

0:00 0:00:35 0:00

Bayram Məmmədov: Əfvlə nəsə dəyişəcəksə...

«İslahatın ömrü 30 gün çəkmədi». Sosial şəbəkələrdə gənc fəal Bayram Məmmədovun bugünlərdə polisə tabe olmamaqda suçlanaraq 30 sutka həbs cəzası almasına daha çox bu şəkildə reaksiya verilir, hakimiyyətin islahatlar haqda bəyanatlarının sadəcə imitasiya olduğu yazılır. B.Məmmədov «heykəl məhbusu» kimi tanınır, digər fəal Qiyas İbrahimovla birlikdə keçmiş prezident Heydər Əliyevin heykəli üzərinə «Qul bayramınız mübarək!» yazandan sonra narkotik ittihamıyla saxlanıb, Novruz bayramı ərəfəsində əfv sərəncamı ilə azadlığa buraxılıb.

Bir çoxları siyasi fəalın «Turan» xəbər agentliyinə verdiyi müsahibədə səsləndirdiyi fikirlərə görə saxlanıldığını iddia edir. Halbuki atası mətbuata oğlunun azadlığa çıxdıqdan sonra hər gün polisə aparıldığını deyir.

Qiyas İbrahimov:"Məndən artıq əziyyət çəkmiş dostlardan əfv istəyirəm"
Gözlə

No media source currently available

0:00 0:02:18 0:00

B.Məmmədovla eyni vaxtda həbs edilən və martda azadlığa çıxan Qiyas İbrahimov da AzadlıqRadiosuna açıqlamasında dostunun həbsini həmin müsahibə ilə bağlamır: «Bayram onsuz da sosial şəbəkədə fikirlərini açıq və sərt yazırdı. Yəqin mesaj verirlər ki, sizi azadlığa buraxmağa məcbur qaldıq, amma bundan sonra sizə rahat olmayacaq. Əlbəttə, bu bizi narahat edir. Yaxşı bir şey deyil yenidən həbs olunmaq. Bayram 15 gün deyil azadlığa çıxıb, elə bil, məzuniyyətə göndərmişdilər, artıq yenidən bir aylıq həbs etdilər».

Bu günlərdə həbsdən çıxan, siyasi məhbus sayılan Elgiz Qəhrəman da polisin ona təzyiq göstərməsi barədə danışmış, gecə saatlarında onun da olduğu avtomobildə silah-sursat axtarıldığını söyləmişdi. O, AzadlıqRadiosuna açıqlamasında təzyiqlərin aprelin 1-dək davam etdiyini bildirir.

O.Gülalıyev
O.Gülalıyev

Hüquq müdafiəçisi: «Hakimiyyət repressiyaları dayandırmayıb»

«Son hadisələr onu göstərir ki, hakimiyyət repressiyaları dayandırmayıb. Görünən budur ki, beynəlxalq və yerli ictimaiyyətin təzyiqləri davamlı olmasa, hakimiyyət çox tezliklə həbsxanalarda boşaltdığı yerləri yenidən dolduracaq», – hüquq müdafiəçisi Oqtay Gülalıyev baş verənləri şərh edərkən deyir. O, hakimiyyətin məcburiyyət qarşısında əfv sərəncamı ilə siyasi məhbus sayılan şəxsləri azad etdiyini, siyasi məhbus problemini birdəfəlik yoluna qoymaq, islahat aparmaq niyyəti olmadığını düşünür.

Hüquq müdafiəçisinin sözlərinə görə, siyasi məhbus sayılanların bir çoxu azadlığa çıxsa da, həbsdə qalanların da sayı az deyil, üstəlik, siyahıya düşəcək şəxslərin də sayı artmaqdadır.

«Gəncə hadisələrinə görə 50 nəfərdən yuxarı şəxsin, «Tərtər işi»nə görə bəzi şəxslərin adı siyasi məhbus siyahısına düşməyə çox yaxındır. Yəni hakimiyyətin repressiyası davam edəcəksə, siyasi məhbus siyahısı da artacaq. Bütün bunlar hakimiyyətin qorxu yaratmaq cəhdinin sübutudur», – O.Gülalıyev bildirir.

A.Hacılı
A.Hacılı

Müsavat Partiyasının başqanı Arif Hacılı hakimiyyətin hər zamankı kimi tənqidə, açıq fikrə dözümsüz olduğunu, B.Məmmədovun da bu səbəbdən həbs edildiyini iddia edir. O, son aylarda islahatlar haqda danışmağa başlayan iqtidarın davranışında ciddi dəyişiklik baş vermədiyini söyləyir: «Sadəcə, son zamanlar cəmiyyətdəki fəallığa və beynəlxalq birliyin siyasi məhbus məsələsinə xüsusi diqqət yetirdiyinə görə hakimiyyət bu istiqamətdə addım atmağa, onların bir hissəsini azadlığa buraxmağa məcbur qaldı. Ancaq hakimiyyət tənqidə dözümsüzlüyü ilə seçilir, plüralizmlə barışmır, ölkədə avtoritar idarəçilik sistemi tətbiq edilir. Bayram Məmmədov həbsdən çıxdıqdan sonra da hakimiyyəti kəskin tənqid edirdi. Görünür, bu amil hakimiyyəti narahat edir».

Partiya başqanı da hesab edir ki, İ.Əliyev hakimiyyəti bununla həm keçmiş məhbusları, həm də cəmiyyəti xof içində saxlamaq niyyətindədir.

H.Məmmədov
H.Məmmədov

«İslahat gedir və onun müəllifi cənab prezidentdir»

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Milli Məclisin İnsan haqları komitəsinin üzvü Hikmət Məmmədovsa AzadlıqRadiosuna açıqlamasında son həbs və təzyiqlər haqda konkret danışmır. O, Azərbaycanda siyasi məhbus olmadığını deyir və əlavə edir: «Siyasi məhbus yoxdursa, qalan məsələləri şərh etməyə də gərək yoxdur».

Hakimiyyətin islahat yox, imitasiya aparması barədə tənqidlərə isə belə cavab verir: «Azərbaycanda çox böyük islahatlar aparılır. Heç şübhəsiz ki, bu islahatları kimsə tənqid, kimsə də təqdir edə bilər, Azərbaycan demokratik ölkədir. Ancaq ölkədə bu istiqamətdə siyasi iradə ortaya qoyulub, bu da geniş auditoriya tərəfindən qəbul edilir. Bu islahatlar hər zaman aparılıb. Məqsədyönlü, uzun müddətli, strateji xarakter daşıyır. Kiminsə onu «imitasiya» adlandırmasına baxmayaraq, islahat gedir və onun müəllifi cənab prezidentdir».

Azərbaycan prezidenti son aylarda məhkəmə-hüquq, siyasi və iqtisadi sahələrdə aparılan islahatlardan danışır. O, Novruz bayramı ərəfəsində siyasi məhbus sayılan 50-dən artıq şəxsi əfv sərəncamı ilə azadlığa buraxıb.

XS
SM
MD
LG