Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 11:12

'5-10 manata görə uşaqların taleyinə biganə yanaşanlar'-Media icmalı


Boşanma
Boşanma

Formula-1 Azərbaycan Qran-Pri yarışlarına hazırlıq, İrana gedənlərin sayının artmasının səbəbləri, Qəyyumluq komissiyalarının fəaliyyətinə baxış və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Ailə münaqişələri yarananda...»

Modern.az saytında «İcra hakimiyyətlərində taleyi «qumara qoyulan» uşaqlar» sərlövhəli yazı oxumaq olar.

Yazıda ailə münaqişələri yarananda uşaqların da problemlərlə üzləşməsi və bu yöndə icra hakimiyyətləri yanında qəyyumluq və himayəçilik komissiyalarının fəaliyyəti Prezident yanında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyevlə dəyərləndirilib.

Müəllif qeyd edir ki, boşanma zamanı uşağın atada, yaxud anada qalması və ya övladlığa uşaq götürmə prosesində vətəndaşlar bir çox çətinliklərlə qarşılaşır. Yazıda vurğulandığına görə, üstəlik, illərlə davam edən məhkəmə çəkişmələrində uşaqlar psixoloji travma, stress, əsəb gərginliyi yaşayırlar. Müəllif bildirir ki, uşağın övladlığa verilməsi barədə məhkəmə qərarı əsas olsa da, bununla yanaşı, məhkəməyə qəyyumluq və himayəçilik orqanının rəyi də təqdim olunur.

«...Tərəflərdən birinin komissiya üzvləri ilə sövdələşməyə getməsi uşaqların həyatını alt-üst edir», - yazıda oxuyuruq.

Ə.Nuriyev isə mövzu ilə bağlı sayta bunları deyib: «...Boşanma zamanı uşağın kimlə qalacağı müzakirə olunarkən qəyyumluq və himayəçilik orqanları uşağın mənafeyini əsas götürərək, dövlətin maraqlarından çıxış etməlidir».

Ə.Nuriyevin fikrincə, bir çox hallarda icra hakimiyyətlərinin rəyləri yalnız formal xarakter daşıyır. Onun sözlərinə görə, uşağın hansı tərəfdə qalması ilə bağlı qəyyumluq komissiyası ilə sövdələşmələrə də gedilir: «Qəyyumluq orqanlarında 5-10 manata görə uşaqların taleyinə biganə yanaşanlar da var...».

Astara gömrüyü
Astara gömrüyü

İrana axının artmasının səbəbləri...

«Yeni Müsavat» qəzetində «İrana gedənlərin sayında ikiqat artım-səbəb nədir?» sualı gündəmə daşınır.

Qəzet mövzunu iqtisadçı-ekspert Rövşən Ağayevlə müzakirə edib.

R.Ağayev bildirib ki, 2017-ci illə müqayisədə 2018-ci ildə Azərbaycanın turizm gəlirləri 375 milyon dollar (13 faizə yaxın) azalıb, Azərbaycan vətəndaşları isə xaricdə turist kimi 400 milyon dollara yaxın (14.5 faizə yaxın) az vəsait xərcləyiblər. R.Ağayev qeyd edib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 19.5 faiz artaraq 4 milyon 908.1 min nəfər olub. Ekspertin vurğulamasına görə, 2018-ci ildə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 71.8 faiz artıb.

«Gedənlərin sayının kəskin artımı ilə bağlı versiya bu ola bilərdi ki, «görürsünüz, ölkədə iqtisadi fəallıq sürətlə artır, insanlar 2-3 illik böhrandan sonra daha çox qazanmağa və xaricdə daha çox istirahət etməyə imkan qazanıb». Amma kənar turist axınının marşrutu bu versiyanın gerçəklik payını xeyli düşürür. Çünki bizim vətəndaşlarımız istirahət üçün əsasən Türkiyə və Gürcüstana, qismən isə Rusiya və Avropaya üstünlük verir», -ekspert izah edir.

R.Ağayevə görə, İran seçimində isə adətən üç motiv olur. Bunlar səhiyyə xidmətləri almaq, xırda ticarət məqsədilə ucuz məhsulların idxalı və dini yerlərə ziyarətdir.

Ekspert hesab edir ki, İrana gedənlərin sayının artması da təsadüf deyil. O hesab edir ki, İranda milli valyutanın ABŞ sanksiyalarının təsiri ilə sürətlə dəyərsizləşməsi bu axını gücləndirib: «Düzdür, ötən ilin yayından Tehran rejimi ərzaq məhsullarının ixracını ciddi şəkildə məhdudlaşdırıb. Ötən həftə isə kartof və soğanın ixracına tam məhdudiyyət tətbiq olunub. Bu üzdən İrandan ərzaq məhsullarının idxalı azalsa da, digər məhsulların idxalında ciddi artım müşahidə olunmaqdadır».

Formula-1
Formula-1

«Formula-1 çox möhtəşəm fürsətlər yaradır»

«Azərbaycan» qəzetində dərc edilən «Sürətin Bakı triumfu» sərlövhəli yazıda Formula-1 Azərbaycan Qran-Pri yarışları dəyərləndirilir.

Müəllif yazıb ki, aprelin 26-28-də Bakı dördüncü dəfə dünyanın ən mötəbər idman yarışlarından birinə - Formula-1 Azərbaycan Qran-prisinə evsahibliyi edəcək.

Yazıda qeyd edilir ki, artıq sürət yarışına sayılı günlər qalıb, Bakı Şəhər Halqasında (BŞH) hazırlıq işləri planauyğun həyata keçirilir.

Müəllifin bildirməsinə görə, Bakı trekini əhatə edən tribunaların qurulmasına, asfalt örtüyün yarışa hazır vəziyyətə gətirilməsi məqsədilə təmir-bərpa işlərinə çoxdan start verilib: «Trek ətrafındakı tribunaların sayının hər zamankı kimi 9 olması nəzərdə tutulub. Ümumi tamaşaçı tutumu (ayaqüstü zonalar daxil olmaqla) 30 minə yaxındır. Trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi isə 7.6 metrdir. Bu hissə trekin «Qoşa Qala» divarlarının yanından keçən qismində yerləşir. Həm start xətti, həm də finiş xətti Azadlıq meydanının Abşeron tribunasının qarşısına düşən hissəsindədir. Trekdə 20 döngə var».

Müəllif vurğulayır ki, BŞH-dan bu il yarışlara 3000 könüllü, 1300 marşal cəlb olunacaq. Yazının sonunda da oxuyuruq: «Bir sözlə, ölkəmizin tanıdılması və iqtisadi faydası baxımından Formula-1 çox möhtəşəm fürsətlər yaradır. Əminliklə söyləmək olar ki, bir neçə gündən sonra Azərbaycan Qran-prisində sürət həvəskarlarını daha bir mükəmməl yarış gözləyir».

Formula-1 yarışı daha 3 il, yəni 2023-cü ilədək Azərbaycanda keçiriləcək.

XS
SM
MD
LG