Keçmiş müstəntiq, bu yaxınlarda həbsdən çıxmış Rüfət Səfərov hazırda Türkiyədə xəstəxanadadır. O, Hepatit C-dən müalicə olunur. Bu barədə AzadlıqRadiosuna onun atası, keçmiş YAP-çı deputat, uzun müddət Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri olmuş Eldar Sabiroğlu danışıb.
R.Səfərov siyasi bəyanatla prokurorluq orqanlarından istefa verdiyini açıqlayandan az sonra həbs olunmuş və prezidentin martda imzaladığı əfv sərəncamıyla azadlığa çıxıb.
«Çoxdan yoluxsaydı...»
Atası iddia edir ki, oğlu Hepatit C-yə həbsdə olarkən yoluxub. Deyir ki, Rüfət həbs olunmamışdan az öncə ümumi müayinədən keçib, qan analizi verib, amma onda heç bir ciddi xəstəlik aşkarlanmayıb. R.Səfərov azadlığa buraxılandan sonrakı müayinə zamanı isə Hepatit C-yə yoluxduğu məlum olub: «Əgər çoxdan yoluxsaydı, həbsdə müalicə olunmadığını da nəzərə alsaq, çoxdan ağır fəsadları olardı, ciyərini məhv eləyərdi. Prokurorluqda işləyən hər kəs kimi, Rüfət də hər il müayinədən keçib, əvvəldən olsaydı, tapılardı. Həbs olunun təcridxanaya gətiriləndə də dustağı müayinədən keçirirlər. Rüfətdə onda da Hepatit aşkarlanmayıb. Deməli, həbsdə olduğu müddətdə yoluxub. Daha doğrusu, yoluxdurulub. Günahsız bir adamı 9 il azadlıqdan məhrum edib, onun 3 ilini həbsdə saxlayan hakimiyyət hər şey edə bilər».
E.Sabiroğlu deyir ki, oğlu həbsdəykən dişini müalicə etdirib, infeksiyaya da onda yoluxduğunu ehtimal edirlər. Atasının sözlərinə görə, Türkiyədə həkim Rüfətin Hepatit C-nin ağır formasından əziyyət çəkdiyini və müalicənin də uzunmüddətli olacağını deyib: «Ailənin həyəcan, mənəvi baxımdan faciə yaşamasına yol açan bir haldır».
«Ola bilsin, yoluxmuş vəziyyətdə gəlib»
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov isə AzadlıqRadiosuna bildirib ki, R.Səfərovla bağlı tibbi sənədlərə baxmadan onun nə vaxt yoluxduğunu söyləmək mümkün deyil. Rüfətin həbsinin ilk günlərində təcridxanada müayinədən keçirilməsi və həmin vaxt onda Hepatit aşkarlanmaması barədə arqumentə cavab verən rəis müavini deyir ki, ilkin müayinədə dustaqda Hepatit olub-olmaması yoxlanmır: «Təcridxanaya daxil olarkən şəxsdə vərəm, HİV kimi xəstəliklərlə bağlı ilkin müayinələr keçirilir. Hepatit C-yə gəlincə, ilkin müayinədə şəxs özü məlumat verdikdə, onu ətraflı müayinələrə cəlb edirik. Ola bilər ki, Rüfət Səfərov elə yoluxmuş vəziyyətdə gəlib həbsə, sadəcə, ilkin müayinədə Hepatit C olub-olmadığı yoxlanılmayıb».
İ.Qurbanov deyir ki, həbs yerlərində qanla ötürülən xəstəliklərə yoluxma ehtimalı şəxsin özünün gigiyenik vasitələrini qorumasından asılıdır. Rəis müavininin sözlərinə görə, cəzaçəkmə müəssisələrində infeksion xəstəliklərə qarşı profilaktik tədbirlər həyata keçirilir, maarifləndirmə işi aparılır. Məsələn, məhkumlara HİV, Hepatit kimi infeksion xəstəliklərin necə yoluxduğu, onlardan qorunmağın yolları izah edilir: «Bunlar, əsasən, qan yoluyla yoluxan xəstəliklərdir, üzqırxan və digər gigiyenik alətlərdən birgə istifadə nəticəsində ola bilər. Biz həbs yerinə gələn hər bir şəxsə ayrıca gigiyenik paketlər veririk - üzqırxandan tutmuş, dırnaqtutana qədər. Müəssisələrin hamısında birdəfəlik şprislərdən istifadə olunur, stomatoloji xidmətdə isə bütün avadanlıqlar sterlizə edilir. Cəmiyyətdə infeksion xəstəliklərə qarşı həyata keçirilən bütün profilaktik tədbirlər cəzaçəkmə müəssisəsində də həyata keçirilir».
Xatırlatma
R.Səfərov 2015-ci il dekabrın 20-də hüquq-mühafizə sistemində vəziyyəti tənqid edərək, işdən çıxdığını bəyan edib. Həmin vaxta kimi R.Səfərov Zərdab Rayon Prokurorluğunun müstəntiqi olub.
2015-ci il dekabrın sonunda R.Səfərov saxlanılıb və rüşvət almaqda təqsirli bilinərək, barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. 2016-cı ilin yanvarında barəsindəki həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. 2016-cı ilin sentyabrında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Səfərov 9 il azadlıqdan məhrum edilib.
R.Səfərov ittihamı qəbul etmir və haqsızlığa etiraz olaraq prokurorluqdan istefasına görə siyasi sifarişlə cəzalandırıldığını bildirir. Hesab edir ki, onun cəzalandırılması həm də hüquq-mühafizə orqanlarında çalışan digərlərinin də gözünü qorxutmaq məqsədi güdür.
O, prezident İlham Əliyevin bu il martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.