Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:33

'Devalvasiyadan sonra kredit borclarına görə böyrəyimi satdım'


Böyrək köçürülmə
Böyrək köçürülmə

«Bankdan dost-tanışın adına kreditlər götürüb ikiotaqlı ev almışdım. Pulu mənə manatla vermişdilər, sən demə, müqavilələr dollarla imiş. Devalvasiyadan sonra kreditləri ödəyə bilmədim, pis vəziyyətdə qaldım. Evi satsam da, yenə vəziyyətdən çıxa bilmədim. Ona görə elan verib böyrəyimi satdım», – Rufan Əhmədli məhkəmədə danışıb.

O, qanunsuz orqan köçürməsinə məcburetmə, insan alveri, dələduzluq kimi əməllərdə suçlanan Vahib Xudadatovun işində zərərçəkən kimi tanınıb. Ona görə də aprelin 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

R.Əhmədli deyir ki, onu heç kim, heç nəyə məcbur eləməyib. Özü maddi baxımdan ağır durumda olduğundan çıxış yolunu böyrəyinin birini satmaqda görüb: «Həmin ərəfədə internetdə böyrəyini satan adamların elanını gördüm. Mən də elan verdim ki, satıram, qiyməti də 25 min manat. Telefon nömrəmi də qoydum».

Bir neçə gün sonra V.Xudadatov ona zəng edib, görüşüblər. Amma özünü ona Sahib kimi təqdim edib. Ona deyib ki, 25 min real qiymət deyil, Rusiyada işləyən bir qohumu 12 minə almağa razıdır. R.Əhmədli razılaşıb: «Çünki kredit borclarına görə təcili ehtiyacım vardı».

«Söz vermişdi ki, ev verəcək»

Zərərçəkən danışır ki, bir günə ona pasport alıblar. Daha sonra V.Xudadatov, böyrək köçürüləcək Altay Süleymanov və onun qardaşıyla birlikdə İrana gediblər. Bu böyrək alverində iştirak etmiş digərləri kimi, R.Əhmədli və resipiyent də «Xomeyni xəstəxanası»nda müayinədən keçib, iranlı həkim Mohsen Tahiri transplantasiyanın mümkün olub-olmamasını araşdırıb. Bir müddət sonra Tahiri Tacikistanın paytaxtı Düşənbədə Transplantasiya Mərkəzində onun böyrəyini A.Süleymanova köçürüb.

«Vahib, sadəcə, vasitəçi olub. Ona qarşı heç bir şikayət və tələbim yoxdur. Ehtiyacdan özüm satmışam, pulumu da almışam», – R.Əhmədli belə deyib.

Ondan fərqli olaraq, başqa bir zərərçəkmiş Rasim Bayramov isə şikayətçidir. Deyir ki, böyrəyini satsa da, ona vəd olunan 12 min dollardan cəmi 2 min dollar və 2 min manat alıb. Zərərçəkmiş bildirir ki, onun Zaur adlı tanışı böyrəyini satmışdı. Özünün də maddi durumu pis olduğundan Zaur kimi böyrəyini satmağa razılaşıb: «Sahib mənə söz vermişdi ki, böyrəyimi almaq istəyən adam mənə puldan başqa ev verəcək, işlə təmin edəcək. Amma heç birini eləmədi. Ona görə də şikayətçiyəm».

R.Bayramovun böyrəyi Tbilisidə «Lanset» klinikasında Fazil Həsənov adlı şəxsə köçürülüb.

V.Xudadatov isə deyir ki, zərərçəkən yalan danışır, böyrəyini 12 min manata satıb, pulunu da alıb: «Bakıda kirayə ev tutmuşdu, həm də mağaza işlədirdi. Pulun hamısını da ora verib. Hətta ona pul lazım olanda Fazil müəllimə zəng edirdi. Rasimə şəxsən özüm 12 min manat pul vermişəm. Fazil müəllim isə vasitəçiliyimə görə mənə ayrıca 3 min dollar pul verdi».

Məhkəmə aprelin 19-da davam edəcək.

27 zərərçəkmiş var

Cinayət işində 27 zərərçəkmiş var. Bütün orqan köçürmələrində donorun pulu, İrana və daha sonra Gürcüstana (yaxud da Düşənbəyə) yol, otel xərclərinin hamısını resipiyent qarşılayıb. Hər iki tərəf – həm böyrəyini satan, həm də alan vasitəçiliyə görə V.Xudadatova da ayrıca pul verib. Hər əməliyyata görə M.Tahiriyə 10 min, transplantasiyanın həyata keçirildiyi xəstəxanaya isə 8 min dollar pul ödənildiyi bildirilir.

Bu böyrək köçürmələri ilə əlaqədar «Lancet»in azərbaycanlı rəhbəri Fərman CeyranlıM.Tahiri haqqında da cinayət işi ayrılıb.

F.Ceyranlı hazırda Gürcüstanda həbsdədir. Dekabrın 20-də onun 6 illik həbs cəzası 2 il 3 ayadək azaldılıb. Məhkəmə Gürcüstan Cinayət Məcəlləsinin 180 və 247-ci (dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmək) maddələri ilə irəli sürülən ittihamları daha yüngül əməlləri nəzərdə tutan maddələrlə dəyişib. F.Ceyranlı isə bildirib ki, o, Azərbaycandan verilən sifarişlə, haqsız yerə həbs edilib. O, bunu Azərbaycan müxalifəti ilə yaxın olması ilə izah edib. Cərrahın bu açıqlamasına nə Azərbaycan, nə də Gürcüstanın hüquq-mühafizə orqanlarından münasibət bildirilib.

XS
SM
MD
LG