Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:13

Microsoft-un elektron kitab dükanı bağlanarsa...


Elektron kitab
Elektron kitab

Microsoft-un elektron kitab dükanı istifadəçiləri pis xəbər alıblar: şirkət bağlanır və istifadəçilər onunla birlikdə şirkətin xidmət göstərdiyi müddətdə alınmış kitabları da itirəcəklər.

Şirkət vəziyyəti yumşaltmaq üçün kitab almış müştərilərə təzminat ödəməyi vəd edib. Şirkətin bağlanmağa məcbur qalmasından belə başa düşmək olar ki, müştərilərin sayı o qədər də çox olmayıb. Microsoft məsələ ilə bağlı bundan artıq açıqlama verməyib.

Ancaq bu haqda bir anlıq düşünsək, bunun nə qədər qəribə olduğunu görərik. Siz Microsoft-un müştərisisiniz və o kitablara pul ödəmisiniz. Onlar sizindir.

Mülkiyyətə yanaşma dəyişir

Ancaq BBC-nin Şimali Amerika üzrə texnologiya müxbiri Dave Lee məqaləsində qeyd edir ki, o kitablar heç vaxt müştərinin olmayıb. Müştəri o kitablar üçün yox, onlara çıxış əldə etmək üçün pul ödəyib. İstənilən iri elektron kitab dükanının şərt və qaydalarına görə, bu çıxış hər an müştərinin əlindən alına bilər.

Elə bu maraqlı vəziyyət də məhz bu səbəbdən yaranıb. Microsoft-un eBook müştəriləri öz kitab kolleksiyalarından məhrum olacaqlar. Sadəcə, şirkət rəhbərlərinin bu şirkəti bağlamaq qərarına görə.

Bu, hər an onlayn olmağa öyrəşdiyimiz dövrdə mülkiyyətə yanaşmamızdakı dəyişiklik haqda ciddi və faydalı xatırlatmadır. Bu halda söhbət yalnız kitablardan gedirsə, ümumilikdə bu məsələ bütün rəqəmsal məhsullara aiddir. Axı, özümüzə məxsus xırda şeyləri get-gedə daha çox başqalarının istifadəsinə veririk. Bu, eyni zamanda, yaddaşımızın və hətta şəxsiyyətimizin də bir hissəsini başqalarına verməyimiz deməkdir.

Oflayn dünyada belə bir şeyi ağla gətirmək mümkün deyil. Yerli kitab dükanı bağlandığı üçün biz öz kitab rəflərimizi boşaltmırıq.

Onlayn dünyada isə status-kvo bundan ibarətdir. Amazon, Apple, Google, Kobo, Barnes and Noble –elektron kitab biznesindəki bütün əsas şirkətlər, əsasən, bu yolu gedir. Siz kitaba sahiblənmək üçün yox, oxumaq üçün lisenziya alırsınız.

Piratlıq

Bu, həm də o deməkdir ki, əksər hallarda oxuyub bitirdiyiniz kitabı kiməsə hədiyyə edə bilməzsiniz. Müəllif hesab edir ki, bu məhdudiyyət kitab oxumağın verdiyi əsas həzlərdən birinə ziddir. Bu halda bütün həzz yalnız oxuma prosesinin özü ilə məhdudlaşır.

Elektron kitab dükanları və naşirləri deyirlər ki, bütün bu məhdudiyyətin çox böyük və əsaslı səbəbi var: kütləvi və pərakəndə piratlıq. Əksər elektron kitab dükanlarında satılan kitabların üstündə DRM olur. DRM rəqəmsal hüquqların idarə olunması proqramıdır. Onun funksiyası sizin çıxış əldə etdiyiniz nüsxənin düzgün qaydada satın alınması və ödəmənin düzgün aparılmasını təmin etməkdir. Proqram bunu sizin məlumatlarınızı sözügedən kitab dükanının serverləri ilə tutuşdurmaqla həyata keçirir. Adobe kimi şirkətlərsə bir növ DRM-in topdansatışı ilə məşğul olur.

Nəşriyyatlar və elektron kitab satıcılarının dediyinə görə, DRM-in qoyduğu məhdudiyyətlər zəruridir. Biz müəlliflərin və bu işdə əməyi olan hər kəsin öz haqqını alması üçün DRM-ə dözməliyik. Bu yanaşmanı musiqi, video oyunları sənayesi də paylaşır. Bu sahələrdə də DRM paylaşmaya çox da geniş imkan yaratmır. Bu sahələrdə də siz, sadəcə, məhsulun sahibliyini yox, ondan istifadəyə çıxışı əldə edirsiniz.

Siz istehlakçı olaraq hal-hazırda bu haldan məmnun qala bilərsiniz. Ancaq 5G bumu ərəfəsində ekspertlər bir-birinə bağlı cihaz və avadanlıqların kütləvi artımını proqnozlaşdırırlar. Biz onların bir çoxunu sadəcə lizinqlə istifadəyə götürə biləcəyik, onlara sahiblənməyəcəyik.

XS
SM
MD
LG