Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:06

Elina Hacıyevanın anası: ‘Vəkil 2 min pul istədi…’


Bir neçə gün öncə sosial şəbəkələrdə intihar cəhdindən sonra vəfat etmiş məktəbli Elina Hacıyevanın ailəsinə vəkil üçün maddi yardım toplanması haqda paylaşımlar yayıldı.

Vəkillər Kollegiyasının rəhbərliyi bu ailəyə pulsuz vəkil ayırmağa hazır olduğunu bəyan edib.

Bu barədə AzadlıqRadiosuna danışan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyir ki, nəinki bir, hətta bir neçə vəkil heç bir ödəniş olmadan, könüllü şəkildə bu işi üzərinə götürməyə hazırdır.

Kollegiya rəhbərinin sözlərinə görə, özü artıq Elina Hacıyevanın ailəsilə danışıb, bu barədə onları məlumatlandırıb:

“Düzü, bəzi saytlarda bu ailəyə vəkil üçün pul toplanması elanını görəndə məyus oldum, mənə çox pis təsir elədi. Facebook vasitəsilə anasını axtarıb tapdım. Dedim ki, baxmayaraq, mən işlərə çıxmıram, hətta özüm də çıxmağa hazıram. Anasını bu günə Vəkillər Kollegiyasına dəvət etdim. Bu gün bir neçə vəkilimiz mənə müraciət edib, özü təmənnasız şəkildə qoşulmaq istədiyini bildirdi”.

Anar Bağırov deyir ki, aprelin 22-də Sevil Hüseynovanı gözləsə də, gəlməyib. Ona görə özü ailə ilə bir daha əlaqə saxlayıb:

“Deyəsən, həyat yoldaşı idi. Bir daha təklif etdim ki, gəlin, müzakirə edək, bir neçə nəfər savadlı, bu istiqamətdə ixtisaslaşmış vəkil qoşulmağa hazırdır”.

Mərhum məktəblinin anası Sevil Hüseynova da AzadlıqRadiosuna bu haqda danışıb. Bildirib ki, ailə öncədən bir vəkillə razılaşmışdı. O həmin vəkilin kimliyini açıqlamasa da, deyir ki, vəkil öncə pulsuz hüquqi yardım göstərəcəyini demişdi:

“Amma sonra dedi ki, 2 min manata qədər pul lazım olacaq. Biz imtina etdik. Əvvəla, bizim o qədər pulumuz yoxdur. İkincisi də dedilər ki, bu iş prezidentin nəzarətindədir. Bizə istiqamət vermək üçün vəkil lazımdır”.

Sevil Hüseynovanın sözlərinə görə, iki gün öncə Təranə Əliyeva adlı vəkil də onlara gələrək, təmənnasız hüquqi yardım göstərmək istədiyini deyib. Vəkillər Kollegiyasının sədri də əlaqə saxlayıb: “Hələ qərar verməmişik. Amma çox güman ki, Təranə Əliyeva olacaq. Aprelin 23-də gedib onunla müqavilə bağlamaq niyyətindəyik”.

Xatırlatma

Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevanın bu il aprelin 4-də məktəbdə intihara cəhd edib. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, aprelin 6-da orada vəfat edib.

Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar cəhdinə səbəb kimi məktəbdə ona pis münasibət olduğu qeyd edilir.

Artıq Elina Hacıyevanın təhsil aldığı 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın, direktor müavini Lalə Məhərrəmovanın, sinif rəhbəri Çimnaz Mehdiyevanın və həmin təhsil müəssisəsinin psixoloqu Könül Ağayevanın işdən çıxarıldığı açıqlanıb.

Üstəlik, məktəb direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143-cü (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG