Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:14

Putin Zelenskiy-ni təbrik etməyə tələsmir, Medvedev ‘sağlam düşüncə’ arzulayır


Dmitry Medvedev (solda) və Vladimir Putin
Dmitry Medvedev (solda) və Vladimir Putin

The Moscow Times qəzeti yazır ki, Kreml aprelin 22-də Rusiya prezidenti Vladimir Putinin Zelenskiy-ni rəsmən təbrik etməyəcyini bildirib.

Interfax-ın yazdığına görə Putinin sözçüsü Dmitry Peskov Ukrayna ilə potensial əməkdaşlıq barədə suala cavab verərkən deyib ki, Zelenskiy-ni təbrik etmək barədə danışmaq “hələ tezdir”.

O bildirib ki, Rusiya yeni seçilmiş Ukrayna prezidentini onun əməllərinə görə qiymətləndirəcək.

Peskov əlavə edib ki, Rusiya Ukrayna seçkisinə hörmətlə yanaşsa da, Kiyevin Rusiyadakı ukraynalıları səsvermədən məhrum etməsilə bağlı seçkinin legitimliyini hələ qəbul etməlidir:

"Biz Ukrayna seçkisinə hörmət edirik. Həm də bu seçkidə nəticə çox aşkar olub. Lakin bu seçkinin legitimliyi müəyyən sual altındadır, çünki 3, 5 milyon adam səs verə bilməyib”.

Komsomolskaya Pravda qəzeti yazır ki, Rusiya baş naziri Dmitry Medvedev Ukrayna seçkisinin nəticələrinə özünün Facebook səhifəsində şərh verib və Vladimir Zelenskiyə “sağlam düşüncə” arzulayıb.

“Yeni prezidentin qarşısında son illərin reallıqları nəzərə alınmaqla ölkəni birləşdirmək vəzifəsi durur. Mənim şübhəm yoxdur ki, yeni dövlət rəhbəri Rusiyaya münasibət məsələsində seçki kampaniyasında istifadə etdiyi ritorikaya sadiq qalacaq. Əhalinin müxtəlif qruplarına hesablanmış məlum ideoloji formulları təkrarlayacaq. Bu mənada heç bir xəyala qapılmıram”.

Bununla belə Medvedev Rusiya və Ukrayna arasında münasibətlərin yaxşılaşmasına şans olduğunu da yazır:

“Bunun üçün nə lazımdır? Düzgünlük. Bir də praqmatik və məsuliyyətli yanamşma lazımdır. Ölkənin şərqindəki vəziyyət də daxil, Ukraynada formalaşmış reallıqları nəzərə alan yanaşma. Buna görə də yeni Ukrayna rəhbərliyinə ən başlıcası sağlam düşüncə arzu etmək lazımdır. Və əlbəttə ölkələrimizin xalqları arasında münasibətlərin dəyərinin dərindən başa düşülməsini. Bunlar siyasi konyunkturdan yüksəkdə dayanmalıdır”.

Avropa Şurasının Prezidenti Donald Tusk Zelenskiy-ni gözlənən qələbəsi münasibətilə təbrik edib.

Fransa Prezidenti Emmanuel Macron, Britaniyanın Xarici işlər naziri Jeremy Hunt da ona təbriklərini çatdırıblar.

Ukrainska Pravda-nın xəbərinə görə, ABŞ Prezidenti Donald Trump Zelenskiy ilə telefonla danışıb və onu təbrik edib.

Aprelin 22-də Azərbaycan prezidenti İlham Əliyev də Volodymyr Zelenskiy-ni seçki qələbəsi münasibətilə təbrik edib.

Əliyev məktubda qeyd edib ki, Azərbaycanla Ukraynanı zəngin ənənələrə malik dostluq əlaqələri birləşdirir:

“İnanıram ki, bu ənənələri özündə bariz şəkildə əks etdirən dövlətlərarası münasibətlərimiz, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir”.

Prezident İlham Əliyev Volodymyr Zelenskiyə möhkəm cansağlığı, xoşbəxtlik, Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətində uğurlar arzulayıb.

XS
SM
MD
LG