Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:54

'Ziyana düşmüş hüquqi şəxslərin yardıma ehtiyacları var'-Deputat (Media icmalı)


İ.Həbibbəyli
İ.Həbibbəyli

Formula-1 yarışları, yeni orfoqrafiya lüğətinin hazırlanması, 2015-ci il devalvasiyaları nəticəsində hüquqi şəxslərə dəyən ziyanla bağlı yeni təkliflər və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Yeni orfoqrafiya lüğətinə nələr düşmədi?

Trend.az saytında «İsa Həbibbəyli: Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır» sərlövhəli yazı yer alır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli sayta deyib ki, Nazirlər Kabineti «Azərbaycan dilinin Orfoqrafiya Normaları»nın təsdiq edilməsi haqqında qərar qəbul edib. Onun fikrincə, artıq yeni orfoqrafiya lüğətinin çap edilməsini gözləmədən bəzi sözlər Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalar əsasında yazılmalıdır.

İ.Həbibbəyli yeni təsdiqlənmiş orfoqrafiya qaydaları ilə bağlı bəzi mübahisəli məsələlərin yenə də qalması fikri ilə razılaşmayıb: «...Mübahisəli məsələlərin hamısı sosial şəbəkələrdə və Orfoqrafiya Komissiyasının iclasında yenidən müzakirə edilib. Mən artıq yeni orfoqrafiya qaydaları ilə bağlı mübahisəli məsələ görmürəm».

Onun qeyd etməsinə görə, yeni lüğətin bu il ərzində çap edilməsi nəzərdə tutulur.

Yazıda xatırladılıb ki, AMEA Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutu 69 maddədən ibarət «Azərbaycan dilinin orfoqrafiya qaydaları» layihəsi hazırlamışdı. Aparılan müzakirələrdən sonra Orfoqrafiya Komissiyasının iclasında sözlərin yazılışı ilə bağlı təklif olunan bəzi məsələlər qəbul edilməyib. Bunlar ərəb mənşəli -iyyat, -iyyət və -iyyə şəkilçilərində qoşa «y» samitindən birinin düşməsi, Avropa dillərindən alınma sözlərdə söz ortasında qoşa «m» hərflərindən birinin düşməsi ilə bağlı olub: ««Rəbb» və «Tanrı» sözlərinin böyük hərflə yazılması yeni orfoqrafiya qaydaları layihəsində öz əksini tapsa da, bu məsələ də sonradan müzakirədən çıxarılmışdı».

V.Əhmədov
V.Əhmədov

Sahibkarların da kredit problemi gündəmə gəlir

YeniSabah.az saytında «Sahibkarların kreditləri ilə bağlı təkliflər hazırlanır-Yeni güzəştlər» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edildiyinə görə, deputat Vahid Əhmədov deyib ki, problemli kreditlərlə bağlı təkliflər var: «...Əsas məqsəd hüquqi şəxslərlə əlaqədardır. Çünki Azərbaycanda iki devalvasiyadan sonra hüquqi şəxslər, sahibkarlar da çox böyük əziyyət çəkiblər».

V.Əhmədovun deməsinə görə, sahibkarlarla bağlı bəzi göstərişlər var: «Hətta aldığım məlumata görə, cənab prezidentin göstərişi var. Maliyyə qurumları bu işlə əlaqədar müəyyən təkliflər hazırlayırlar. Nə vaxt prezidentə təqdim olunacaq, baxılacaq, onu deyə bilmərəm. Bizim də müəyyən təkliflərimiz var. Təklifləri hazırlamışıq, yəqin ki, bu yaxınlarda təqdim edəcəyik. Bu təkliflərə baxılmasının tərəfdarıyıq».

Deputat xatırladıb ki, prezident İlham Əliyev banklara 10 min dollara qədər borcu olan fiziki şəxslərə güzəşt edilməsi ilə bağlı fərman (2019-cu il fevralın 28-də A.R) verib.

V.Əhmədovun fikrincə 2015-ci ildə baş verən devalvasiyalar nəticəsində (manat dollar qarşısında iki dəfə dəyər itirib-A.R) sahibkarlar da çox böyük ziyana düşüblər.

Deputat təkliflərin detallarına toxunmayıb və mövqeyini belə əsaslandırıb: «Çünki təkliflər müxtəlifdir, müəyyən variantlar var. Hansı qəbul olunacaq, o, artıq prezidentin səlahiyyətində olan məsələdir. Əsasən, hüquqi şəxslərlə əlaqədardır. Bizi narahat edən odur. Azərbaycanda sahibkarlığın inkişafına təkan vermək üçün ziyana düşmüş hüquqi şəxslərin müəyyən yardıma ehtiyacları var».

Bakıda Formula-1
Bakıda Formula-1

500 milyondan çox insan...

«Azərbaycan» qəzetində «500 milyondan çox insan Azərbaycanı izləyəcək» sərlövhəli yazıda Formula-1 Azərbaycan Qran-pri yarışlarına hazırlıq və onun ölkə həyatında əhəmiyyəti dəyərləndirilib.

Müəllif yazıb ki, Azərbaycan bir çox beynəlxalq musiqi və idman yarışlarına ev sahibliyi edib, artıq 4 ildir dünyanın bir nömrəli avtomobil yarışına - Formula-1-ə evsahibliyi edir: «Aprelin 26-28-də dünyanın diqqəti yenidən Azərbaycana yönələcək. Bu müddətdə Formula-1 Azərbaycan Qran-prisini 500 milyondan çox tamaşaçı izləyəcək».

Müəllif daha sonra da bu yarışın Azərbaycandan ötrü əhəmiyyətini ifadə etməyə çalışıb: «Bakıda, sadəcə, möhtəşəm yarış keçirilməyəcək, həmçinin, bu tədbir vasitəsilə paytaxtımız və ümumilikdə milli mədəniyyətimiz dünya ictimaiyyətinə təbliğ ediləcək. Azərbaycanın dünyada daha geniş səviyyədə tanıdılmasında bu tədbirin əhəmiyyəti çox böyükdür».

Yazıda daha sonra da yarışın incəliklərindən və hazırlıq prosesindən bəhs edilir. Sonda isə oxuyuruq: «Beləliklə, yalnız Cənubi Qafqazın deyil, Avropanın tolerantlıq, sülh və inkişaf mərkəzlərindən biri kimi tanınan Azərbaycan Formula-1 ilə uğur estafetini növbəti dəfə layiqincə davam etdirəcək».

XS
SM
MD
LG