Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 08:38

Hamı İrandan neft almasa, bunun Azərbaycana ziyanı nə olacaq?


Fars Körfəzində neft platforması
Fars Körfəzində neft platforması

ABŞ prezidenti Donald Tramp İrandan neft alışını dayandırmağı tələb edir, əks halda neft alan ölkələri sanksiyalarla hədələyir. İran ordusunun baş qərargah rəisi Məhəmməd Baqeri isə deyib ki, İran beynəlxalq neft marşrutunu bağlamaq niyyətində deyil, ancaq «Hörmüzdən bizim neftimiz keçməyəcəksə, başqalarının da nefti keçməyəcək».

ABŞ-İran qarşıdurması bölgədə gərginliyə yol aça, bölgə ölkələrinin iqtisadiyyatına təsir göstərə bilərmi?

Neft bahalanır

«Bizim neftimiz həmin boğazdan, ya körfəzdən keçmir ki, biz bu hədədən çəkinək. Biz Amerikanın İranı hədələməsində də iştirak etmirik ki, Tehran Bakıya təzyiqlər etsin», – deputat Rasim Musabəyov deyir. Onun fikrincə, baş verənlərin bircə müsbət cəhəti var – neftin qiyməti xeyli yüksəlib.

«Doğrudur, ABŞ Səudiyyə Ərəbistanı ilə hasilatın artırılması ilə bağlı danışıqlar aparır. Hasilat artacaq, ya yox, amma hər bir halda neftin qiyməti 70 dolları çoxdan keçib», – deputat əlavə edir.

İqtisadçılarsa bu məsələ haqqında fərqli düşünürlər. Düzdür, REAL Partiyasının icraçı katibi, iqtisadçı Natiq Cəfərli də neftin bahalandığını və bunun da ölkəyə əlavə xeyir gətirdiyini ayrıca vurğulayır. Ancaq neft məsələləri üzrə ekspert İlham Şaban da, o da İrana sanksiyaların ölkə iqtisadiyyatına mənfi təsirləri olacağını da qeyd edirlər. Xüsusən də iki ölkə arasında böyük investisiya yatırılmalı olan Cənub-Şimal dəmiryol dəhlizi kimi layihələrin gerçəkləşdirilməsinin təhlükə ilə üzləşəcəyini bildirirlər.

N.Cəfərli
N.Cəfərli

Yarım milyard dollarlıq itki

N.Cəfərli Azərbaycanın maliyyələşdirdiyi sözügedən layihənin aqibətinin ciddi şəkildə sual altına düşəcəyini söyləyir.

«O layihənin gerçəkləşməsi dayanmasa belə, çox mürəkkəbləşəcək. İran imkanları hesabına bu layihəni həyata keçirə bilməyəcək. Hətta maliyyəsi olsa belə, bu, mümkün deyil. Hərçənd, maliyyəsi də yoxdur və həmin vəsaiti, təxminən 500 milyon dolları Azərbaycandan almaq istəyirdi. Bundan başqa, dəmiryolunun çəkilməsi üçün Qərb texnologiyasından istifadə edilməlidir, həmin texnologiyanı satacaq şirkətlərsə İranda fəaliyyətlərini dayandırıblar», – İ.Şaban izah edir.

N.Cəfərli sanksiyalar daha da sərtləşənədək Azərbaycan-İran ticarət dövriyyəsində pozitiv artım dinamikası olduğunu, amma bundan sonra bu dinamikanın zəifləməsi ehtimalının yüksəldiyini vurğulayır.

İ.Şaban hesab edir ki, İran iqtisadiyyatına yetərincə vəsait gəlmədiyi üçün onun qonşu ölkələrlə ticarət dövriyyəsində enmələr müşahidə ediləcək və bunu da həmin ölkələrin dönərli valyutada imkanlarının məhdudlaşması ilə əlaqələndirir. O, 2011-ci ildə İrana nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq ediləndə Azərbaycanın da təxminən yarım milyard dollar itirdiyini bildirir: «Sanksiyalardan öncə, 2010-cu ildən əvvəl İranla bizim ticarət dövriyyəmizdə ən maksimal hədd 550 milyon dollar idisə, 2014-cü ildə həmin rəqəm 150 milyon dollardan aşağı idi. Görün qonşu ölkələrlə münasibətə nə qədər təsir göstərib. O cümlədən də İranın ticarət dövriyyəsi istər Qazaxıstan, istər Türkmənistan, istərsə də Rusiya ilə statistik göstəricilərdə enişə doğru gedirdi».

İ.Şaban
İ.Şaban

Nəticələr dərhal görünməsə də...

İ.Şaban xatırladır ki, 2014-cü ildə Rusiyaya sanksiyalar tətbiq ediləndən müəyyən müddət sonra nəticələr özünü göstərməyə başladı: «Rusiyaya sanksiyalar 2014-cü ilin ortasında hüquqi qüvvəyə mindi. 2017-ci ildə bu, ölkənin iqtisadiyyatına real olaraq təsirini göstərməyə başladı. Rusiya ilə iqtisadi əlaqələri olan ölkələr, postsovet məkanı da bunu hiss etməyə başladı. İkinci faktoru deyim. «Ərəb baharı» 2011-ci ildə gündəmə gələndə İrana qarşı da nüvə proqramı ilə bağlı sanksiyalar tətbiq edildi. O zaman Tehran da bəyan edirdi ki, bunun ölkə iqtisadiyyatına ciddi təsiri olmayacaq, buna tab gətirəcək, bundan əziyyət çəkən sanksiya verən ABŞ, Avropa Birliyi ölkələri olacaq. Ancaq 2015-ci ilin yayında sanksiyalar götürüləndə məlum oldu ki, İran iqtisadiyyatı 400 milyard dollar gəlirdən məhrum olub. Bu, Tehranın açıqladığı rəqəm idi».

N.Cəfərli son hadisələrin artıq bölgəyə təsirini büruzə verdiyini düşünür. O bundan sonra da iqtisadi gərginliklə yanaşı, hərbi-siyasi gərginliyin artacağını ehtimal edir: «Zatən ABŞ-la İran, İsraillə İran arasında hibrid müharibə gedir, bu müharibəni adətən iki ölkə başqa adla, başqa ölkələrin ərazisində aparır, məsələn, Suriyada, İraqda və s. Ona görə də vəziyyətin daha da gərginləşməsi ehtimalı yetərincə yüksəkdir, təəssüf ki. Bu da bölgədəki iqtisadi, siyasi məsələlərə birbaşa təsirə malikdir. Üstəlik, İranın neft bazarına da təsiri var. Odur ki, neftin alınmasına qadağa yetərincə gərginlik yaradacaq. Sadəcə, Türkiyə və Çin qadağalara baxmayaraq, İrandan neft alacaqları ilə bağlı açıqlama veriblər, Rusiya İran neftinin hamısını ala və öz nefti ilə dünya bazarına çıxara biləcəyi haqda bəyanat verdi. Bu, baş tutacaqsa, neft bazarında gərginlik azalacaq və Hörmüz boğazının bağlanması da ertələnə bilər».

XS
SM
MD
LG