Keçid linkləri

2024, 19 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:32

İlk müsəlman qadın kosmonavt da Azərbaycanın Beynəlxalq Bankından kredit alıbmış


Anousheh Ansari
Anousheh Ansari

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin ikinci cinayət işində ona verilən ittihamların bir çoxu bankın Moskva filialının fəaliyyətilə bağlıdır.

Bu üzdən aprelin 29-da onun məhkəməsində Moskva filialının rəhbəri olmuş Fuad Abdullayev şahid qismində dindirilib.

1992-ci ildən Beynəlxalq Bankda çalışan, 2001-ci ildə isə bankın Moskva filialına rəhbərlik edən Fuad Abdullayev hazırda işsizdir. O deyir ki, Cahangir Hacıyev özü 2001-ci ildə bankın İdarə Heyətinin sədrliyinə keçəndən sonra onu da Moskva filialına rəhbər təyin edib:

"Orada bir çox layihələr həyata keçirildi. Götürülmüş kreditlərin bəziləri ödənilib. 2015-ci ildə bankdan ayrılandan sonrakı kreditlərin aqibətindən xəbərim yoxdur. Kreditlərin verilməsi barədə göstəriş Cahangir Hacıyevdən gəlirdi".

Fuad Abdullayevin sözlərinə görə, Moskva filialında 69 veksel əməliyyatı həyata keçirilib.

16 milyon dollara neft yatağı alınıb

Qazaxıstanda "Kultuk" neft yatağının alınmasından danışan sabiq filial rəhbəri deyir ki, o ərəfədə Cahangir Hacıyevi Emin Sadiq adlı şəxslə tanış eləyib. Bundan sonra neft yatağının alınması ilə bağlı razılıq əldə olunub. Alınmasına 16 milyon dollar pul xərclənən neft yatağı sonra bir neçə nəfərin adına rəsmiləşib. Pay sahiblərindən biri də bankın Hətəm Həsənov adlı əməkdaşı olub, onun adına səhmlərin 60 faizi rəsmiləşib.

"Sonra Qazaxıstanda yeni şirkət yaradıldı, Emin Sadiq, Fuad Hüseynli, yerli vətəndaş olan bir nəfər və Cahangir Hacıyevin adına rəsmiləşmə oldu. Bankı Luksemburq şirkəti, yəni Xəqani Bəşirov təmsil edirdi. Hazırda Qazaxıstan məhkəməsində bu məsələ ilə əlaqədar məhkəmə çəkişməsi gedir", – şahid ifadəsində bildirib.

O, əlavə edib ki, layihəyə ayrılan pullardan C.Hacıyevin xəbəri olub, çünki onun göstərişi ilə həyata keçirilirdi.

Fuad Abdullayev Moskvada fəaliyyət göstərən və "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun Beynəlxalq Bankın Moskva filialından kredit götürüb ödəyə bilməməsindən da danışıb. Onun bildirdiyinə görə, iş adamı Ukraynanın Odessa şəhərində ticarət mərkəzlərinin inşası üçün Moskva filialından 70 milyon dollar pul götürmüşdü:

"Ona layihə üçün kredit verildi. Lakin sonradan Telman İsmayılovun işlərində problemlər yarandı, kreditləri ödəyə bilmədi, 2013-cü ildə ödənişləri dayandırdı. Bu səbəbdən Telman İsmayılov layihəsini Cahangir Hacıyevin tanışı Xəqani Bəşirovun nəzarətində olan şirkətlərə verdi. Beləliklə, onun dörd şirkəti Xəqani Bəşirovun nəzarətinə keçdi".

İlk müsəlman qadın kosmonavt olan Anusheh Ansari də Moskva filialından kredit götürübmüş. Fuad Abdullayev bu haqda da danışıb. Onun sözlərinə görə, Ansari ABŞ-da "Ağıllı ev" layihəsi üçün bankdan 12 milyon dollar kredit götürmüşdü. Kreditin faizi ödənilsə də, əsas borc qalıb:

"Mən işdən ayrıldım, ona görə bu məsələnin sonrasından xəbərim olmadı".

Məhkəmə mayın 6-da davam edəcək.

Xatırlatma

Hazırda Beynəlxalq Bank işi üzrə mühakimə olunan 22 nəfərə qarşı CM-in 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham irəli sürülüb.

Cahangir Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib. İttihamda yazılıb ki, C.Hacıyevin tapşırığı ilə D.Xəlilovun rəhbərlik etdiyi «General Construction»ın işçilərinin adına müxtəlif şirkətlər yaradılaraq, onların vasitəsilə Beynəlxalq Bankdan milyonlarla kredit götürülərək mənimsənilib. Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmir.

C.Hacıyev 2015-ci il dekabrın 5-də həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 oktyabr 2016-cı il tarixli hökmü ilə 15 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG