“Saleh Rüstəmovun atasından qalan, bacı-qardaşına məxsus olan xeyli əmlakları müsadirə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündə əmlakların müsadirəsi yazılıb, amma hansı əsasla müsadirə olunması yazılmayıb. Təsəvvür edin, atasının 1955-ci ildə tikdiyi evi də müsadirə ediblər ki, çirkli pulla əldə olunub. Heç o vaxt Saleh Rüstəmov anadan olmamışdı, qalmışdı onun puluna həmin evin alınması olsun...” – vəkil Bəhruz Bayramov AXCP-yə maliyyə yardımına görə “çirkli pulların yuyulması” ittihamı ilə cəzalandırılan Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmov haqqında məhkəmədə danışarkən deyib.
Bakı Apellyasiya Məhkəməsində Saleh Rüstəmovla yanaşı, bu işdə təqsirləndirilən qardaşı oğlu Vidadi Rüstəmli, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov şöbəsinin sədr əvəzi Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovun şikayətinə baxılıb.
“Azərbaycanda sahibkarlıqla məşğul olmayıb”
Vəkillər apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla (sənədlərin tədqiq olunması, şahidlərin dindirilməsi, əlavə sübutların araşdırılması) baxılmasını istəyiblər. Onlar deyiblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bu işi obyektiv, ədalətli araşdırmayıb, müdafiə tərəfinin verdiyi vəsatətlərin böyük əksəriyyəti təmin olunmayıb.
Vəkillərin sözlərinə görə, istintaq orqanı Rusiyada sahibkarlıqla məşğul olan, vergisini ödəyən və bu baxımdan dövlət orqanlarıyla heç bir problemi olmayan Saleh Rüstəmovu Azərbaycanda qanunsuz sahibkarlıqda ittiham edib, məhkəmə də həmin ittihamı təsdiqləyərək, ona cəza verib:
“Bu adam Azərbaycanda ümumiyyətlə, sahibkarlıqla məşğul olmayıb. Burada rezident olmadığı halda, onu qanunsuz sahibkarlıqda ittiham eləyib, bütün qohum-əqrəbasının əmlaklarını müsadirə etmək absurddur”.
Digər vəkil İlhamə Həsənova deyir ki, Saleh Rüstəmovun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində dindirmələri videoçəkilişlə aparılıb. Amma həmin görüntülər birinci instansiya məhkəməsində tam nümayiş etdirilməyib:
“Saleh Rüstəmovun müdafiə hüququnun pozulmasına ciddi şübhələr var. Özü də bildirir ki, fiziki təzyiqlər vasitəsilə onu ifadə verməyə məcbur edib, videoya çəkiblər, o dindirmələrdə də vəkil iştirak etməyib. Nümayiş etdirilsə, görərik ki, orada vəkil olub, yoxsa yox”.
Sabiq icra başçısı özü isə onu həbs edən polislərin məhkəmədə dindirilməsini istəyir. Deyir ki, ona satış məqsədilə narkotik əldə etmə, saxlama ittihamı da verilib. Amma araşdıran yoxdur ki, bu narkotik kimdən alınıb, kimə satılacaqdı:
“Mən həbsimdən üç gün əvvəl iki sərhəd keçib gəlmişəm. Deməli, Rusiyadan gətirə bilməzdim. İddia etdikləri narkotiki də deməli, Azərbaycanda əldə eləmişəm. Onda gəlib desinlər, özüm də bilim ki, hardan almışam onu”.
Vəkillər həm də müvəkkillərinin ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıblar.
Namiq Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə baxışı isə mayın 8-nə təyin olunub.
Xatırlatma
AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov şöbəsinin sədri Babək Həsənov mayın 25-də saxlanıblar.
Cəbhəçilərlə eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov və qardaşı oğlu Vidadi Rüstəmli isə narkotik ittihamıyla daha əvvəl həbs edilmişdi.
Onların saxlanılması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) birgə məlumat da yayıb. Həmin açıqlamaya görə, AXCP funksionerləri və Saleh Rüstəmov çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Açıqlamada Saleh Rüstəmovun Rusiyadan AXCP-yə pul göndərdiyi, həbs edilmiş cəbhəçilərin həmin vəsaitləri Vidadi Rüstəmlidən alıb partiya rəhbərinə çatdırdıqları bildirilir.
İddialarda söhbət toplam 412 min dollardan (700 min manat) gedir. Onlar xüsusilə külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq, mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırmaqda ittiham olunur.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə S.Rüstəmov 7 il 3 ay, A.Məhərrəmov 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və B.Həsənova şərti cəza verilib.
AXCP sədri Əli Kərimli ittihamı rədd edərək “qurama iş” adlandırıb. O bildirib ki, Saleh Rüstəmovla uzun illərdir dostdurlar. Dostu olaraq da bir neçə dəfə ona yardım edib.