Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 14:57

Robert Mueller-in baş prokurorla razılaşmadığı xəbər verilir


Robert Mueller
Robert Mueller

ABŞ mediasının yazdığına görə xüsusi prokuror Robert Mueller baş prokuror William Barrın onun Rusiya hesabatına yazılmış dörd səhifəlik xülasəsindən narazılıq bildirib və deyib ki, bu xülasə “onun komandasının gəldiyi nəticələri məzmun, təbiət və mahiyyəti etibarilə tam əks etdirmir”.

The Washington Post martın 24-da Barr bu xülasəni açıqlayandan sonra Mueller-in baş prokurora göndərdiyi məktubla tanış olduğunu iddia edir.

Baş prokuror bu xülasədə yazırdı ki, Mueller prezident Trump-ın seçki kampaniyası ilə Rusiya arasında sövdələşmənin olduğuna dair dəlillər aşkar etməyib.

Barr bunu da bildirmişdi ki, Mueller Trump-ın ədalətə mane olub-olmadığı barədə də nəticəyə gələ bilməyib.

Associated Press agentliyi ABŞ Ədliyyə Nazirliyində adını çəkmədiyi mənbəyə istinadən təsdiq edir ki, Mueller-in baş prokurora belə bir narazılıq məktubu olub.

The Washington Post qəzetinin məlumatına görə Mueller həmin məktubda yazıb:

"İndi təhqiqatımızın nəticələrinin kritik aspektlərinə dair ictimai çaşqınlıq var. Bu, nazirliyin xüsusi prokurorun təyinatında əsas məqsədini sarsıtmaq təhlükəsi yaradır”.

Xüsusi prokurorun sözlərinə görə hesabatın nəticəsi ictimaiyyətdə tam əminlik yaratmalıydı.

Barr aprelin 18-də Mueller hesabatının 448 səhifəlik redaktəli variantını açıqlamazdan əvvəl dörd səhifəlik qısa xülasə vermişdi.

Demokratlar şikayət etmişdilər ki, Barr bilərəkdən hesabatın Trump üçün neqativ olan məqamlarını yumşaldıb.

Demokratların çoxluğa malik olduqları Konqres komitəsi Mueller-in tam hesabatının açıqlanmasını tələb edib.

Onlar deyirlər ki, hesabatda qaralanmış və ya redaktə olunmuş hissələr Konqresi tam məlumatlandırmır.

Mueller öz hesabatında ABŞ kəşfiyyatının Rusiyanın 2016-cı il seçkisinə müdaxilə etdiyinə dair gəldiyi nəticələri qəbul etmiş, habelə Trump-ın onun təhqiqatına maneçilik törətmək cəhdlərini sənədləşdirmişdi.

Lakin Mueller belə bir nəticəyə gəlmişdi ki, Trump-ın komandası ilə Rusiya arasında sövdələşməni təsdiq etmək üçün kifayət qədər dəlil olmayıb.

Barr respublikaçıların çoxluğa malik olduğu Senat qarşısında mayın 1-də ifadə verməlidir.

XS
SM
MD
LG