Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 01:02

İraq həbsxanasındakı azərbaycanlı uşaqlar – Qərb mediası


İraqdan repatriasiya olunmuş rusiyalı uşaqlar, 10 fevral, 2019-cu il
İraqdan repatriasiya olunmuş rusiyalı uşaqlar, 10 fevral, 2019-cu il

“Reuters” agentliyinin əməkdaşı İraqın paytaxtı Bağdadda Rusafa qadın həbsxanasında olub. İslam Dövləti (İŞİD) silahlı qruplaşmasına bağlı qadın və uşaqların taleyi müzakirə olunanda bu həbsxana diqqət mərkəzinə gəlir.

Nolar, evimizə getmək istəyirəm, bizə kömək edin. Burası bizimçün yaxşı yer deyil”, – azərbaycanlı bir qız müxbirə dil töküb. Jurnalist qızın 100-dək uşağın əhatəsində danışdığını yazır.

Bu qruplaşma 2014-cü ildə Suriya və İraqda böyük ərazilər ələ keçirib, kütləvi qətllər, işgəncə, cinsi köləlik gerçəkləşdirib. Bu səbəbdən indi bu həbsxanada qalanların həm təhlükəsizlik riski yaratdığı, həm də özlərinin qisas hədəfi ola biləcəyi düşünülür.

“İlk vaxtlar aramızda inam yaratmaq çətin idi. Hətta çoxu özlərini və uşaqlarını öldürməyə çalışırdılar”, – həbsxananın adını çəkilməsini istəməyən direktoru deyib.

Suriyadan qayıtmış kosovolu qadın övladı ilə
Suriyadan qayıtmış kosovolu qadın övladı ilə

Bu həbsxanada şübhəli İŞİD döyüşçülərinin 1241 əcnəbi arvadı və uşağı saxlanır, onlar 12-dən artıq ölkəni təmsil edir. 774 nəfəri 9 aylıq-15 yaş arasındadır, direktor söyləyib.

Bağdadın imkanları məhdud olduğundan məhkəmə qarşısına çıxarılmayanların öz ölkələrinə göndərilməsini istəyir. Ancaq bu, hüququ baxımdan mürəkkəb, siyasi “zəhərli” məsələ sayıldığından bir çox ölkələr həmin şəxslərin qəbulundan imtina edib.

Bizə paltar, dərman gətirmisən? Doğrudan, bizə dərman lazımdır”, – mavi hicablı azərbaycanlı qız deyib.

Həbsxana direktoru həmin qızın anasının ömürlük həbsə məhkum edildiyini deyir, o, İŞİD-ə üz olub, İraqa qanunsuz gedib. Qız isə yaşı çatmadığından İraq qanunları ilə mühakimə oluna bilməz. Onun dəmir barmaqlılar arxasında nə qədər qalacağı bilinmir.

“Reuters” yazır ki, Azərbaycan İraqda ən çox vətəndaşı həbs olunmuş ölkələrdəndir, bu sırada Rusiya və Türkiyə də var. Ancaq agentlik Azərbaycanın Xarici İşlər Nazirliyindən İŞİD-ə bağlı uşaqların repatriasiya siyasətinə dair şərh ala bilmədiyini yazır.

Kembric Universiteti
Kembric Universiteti

Kembric Universiteti köləliklə əlaqələri öyrənəcək

Britaniyanın Kembric Universiteti trans-Atlantik kölə ticarəti ilə əlaqələrini araşdırmağı planlaşdırdığını bildirib. İki ilə aparılacaq tədqiqat akademik qurumun kölə ticarətintəki rolunun etiraf yolları, bunun təsirinin yoluna qoyulması üzrə tövsiyələr hazırlayacaq. Bu haqda “The Associated Press” yazır.

Elit universitetin bildirməsinə görə, köləliklə bağlı şəxslərdən alınmış ola biləcək maliyyə dəstəyi, eləcə də alimlərinin köləliyi əsaslandırmağa necə kömək etdiyi nəzərdən keçiriləcək.

Tədqiqata rəhbərlik edəcək professor Martin Millett deyib:

“Müstəmləkə dövründə Britaniyanın bir çox başqa institutları kimi, universitetin də həmin dövrün təcrübəsindən birbaşa, yaxud dolayısı yolla yararlandığını, yaxud ona töhfə verdiyini təxmin etmək ağlabatandır”.

Liverpul və Britaniyanın digər liman şəhərləri vaxtilə kölə ticarətindən böyük gəlir götürüblər, bir çox şirkətlər və ailələr zənginləşiblər.

Meng Wanzhou
Meng Wanzhou

Çində kanadalı narkotikə görə ölümə məhkum olunub

Çin məhkəməsi Kanada vətəndaşını narkotik maddənin istehsalı və qaçaqmalçılığına görə ölümə məhkum edib. Bu, Huawei Technologies şirkəti rəsmisinin həbsindən dolayı Pekinlə Ottava arasında gərginlik yaşandığı bir dönəmə təsadüf edir.

Məhkəmənin qərarında deyilir ki, kanadalı Fan Wei narkotik maddənin istehsalı və qaçaqçılığı sxeminin başında durub. Digər şübhəli Wu Ziping də ölümə məhkum olunub, ancaq onun milliyyəti açıqlanmayıb.

Biri amerikalı və dördü meksikalı olmaqla daha 9 nəfərə hökm çıxarılıb.

Fan narkotikə görə bu il Çində ölümə məhkum edilən artıq ikinci kanadalıdır.

Dekabrda Kanada polisi Huawei-nin baş maliyyə rəsmisi Meng Wanzhou-nu ABŞ təhqiqatçılarının xahişilə həbs edib.

Birləşmiş Ştatlar bu şirkəti milli təhlükəsizliyə hədə sayır, onun ABŞ sanksiyalarını pozmağa çalışdığını deyir. Zaminə buraxılan Meng və Huawei isə iddiaları rədd edir.

Çin də iki kanadalını milli təhlükəsizliyi əsas gətirərək saxlayıb.

XS
SM
MD
LG