Vaşinqton son üç ayda 1 milyard dollardan artıq yeni raket kontraktı imzalayıb. Yəni, Soyuq müharibə dövrünün əsas silah sazişindən çıxdığını elan edəndən bəri. Bunu yeni araşdırma üzə çıxarıb.
İlk atəş açılıb
“Ortamənzilli Raket Qüvvələri (INF) sazişindən çıxmaqla yeni soyuq müharibənin ilk atəşi açıldı”, – Nüvə Silahlarının Ləğvi üzrə Beynəlxalq Kampaniyanın (NSLBK) rəhbəri Beatrice Fihn xəbərdarlıq edib. Qeyd edək ki, bu kampaniya Nobel Sülh Mükafatına layiq görülüb.
ABŞ Prezidenti Donald Trump sözügedən sazişdən ötən ilin oktyabrında çıxdığını elan edib. Həmin sazişi 1987-ci ildə Birləşmiş Ştatlarla keçmiş Sovet İttifaqı bağlamışdı.
Vaşinqton Rusiyanın yeni raket sistemi yaratmaqla sazişi pozmaqda ittiham edib və bu ilin fevralından sazişdən rəsmi çıxmaq prosesini başladıb.
Rusiya Prezidenti Vladimir Putin cavabında Moskvanın da sazişdən çıxacağını bildirib.
Bu sənəd qlobal silahlara nəzarətin təməli sayılırdı.
Oktyabrdan sonrakı üç ay ərzində ABŞ hökuməti 1 milyarddan artıq yeni raket kontraktı imzalayıb, NSLBK PAX adlı başqa bir antinüvə silahları kampaniya qrupu ilə birlikdə yaydığı hesabatda bildirir.
Hesabatda ABŞ-ın altı şirkəti ilə imzalanmış 1,1 milyard dollarlıq sazişlər sadalanır.
Ən böyük faydanı ABŞ-ın müdafiə podratçısı olan Raytheon görüb, 537 milyon dollarlıq 44 yeni kontrakt imzalayıb.
Şirkətlərin rolu araşdırılsın
Lockheed Martin 268 milyon dollarlıq 36 kontrakt, Boeing 245 milyon dollarlıq dörd yeni kontrakt əldə edib.
“Konqres yağlı tikə ələ keçirmiş Boeing, Lockheed Martin və Raytheon-un lobbiçilik rollarını araşdırmalıdır”, – Fihn bəyanatında deyib.
Hesabat müəllifləri onu da etiraf edirlər ki, ötən il oktyabrın 22-dən bu il yanvarın 21-dək imzalanmış yeni kontraktların hamısının yeni nüvə silahı istehsalını nəzərdə tutub-tutmadığı bəlli deyil.
“Aydın olan odur ki, daha çox raket yaratmağa bir tələskənlik var, bundan bir ovuc şirkət faydalanır və vurma məsafəsindən asılı olmayaraq, bazarı raketlərlə doldurmaq istəyirlər”, – hesabatda deyilir.
Qlobal səviyyədə isə Fransa, Hindistan, İtaliya, Niderland, Britaniya və Birləşmiş Ştatlar hökumətlərinin özəl şirkətlərə nüvə silahlarının istehsalı, yığılması üçün azı 116 milyard dollarlıq (102 milyard avroluq) kontrakt verdiyi bildirilir.
Hesabatda o da vurğulanır ki, Çin, İsrail, Şimali Koreya, Pakistan və Rusiyada silah arsenalında özəl sektorun inkişafı əsasən qaranlıq qalır, yəni, kontraktların həcmi, onların hansı şirkətlərə verilməsi bilinmir.