Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 06:21

‘Rus dili dövlət dili olmasa, bizi Allah cəzalandırar...’


Özbəkistanda rus dilini təbliğ edən plakatlardan biri
Özbəkistanda rus dilini təbliğ edən plakatlardan biri

Özbəkistanın 20-dək rusdilli xalq artisti, incəsənət xadimi və kinematoqrafı hakimiyyəti rus dilinə dövlət dili statusu verməyə çağırıb. Bu çağırış Rusiyanın Xarici işlər naziri Sergei Lavrovun Daşkəndə rəsmi səfəri ərəfəsində səsləndirilib.

Müraciəti “Vesti” Rusiya media orqanının Özbəkistan versiyasında yerləşdiriblər.

Özbəkistan Prezidenti Shavkat Mirziyoev (solda) və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov, 2 may, 2019-cu il
Özbəkistan Prezidenti Shavkat Mirziyoev (solda) və Rusiyanın Xarici işlər naziri Sergei Lavrov, 2 may, 2019-cu il

AzadlıqRadiosu-nun özbək xidmətinin məlumatına görə, bu təşəbbüs Daşkənddə Rusiya mədəniyyət mərkəzinin 25 illik mərasimində səslənib və imzaların yığılmasını jurnalist Allo Xacayev təşkil edib.

“Ədalət zəfər çalar”

Müraciəti imzalayanlar sırasında multiplikator Nazim Tulyaxocayev və SSRİ Xalq artisti Bernara Kariyeva var. Onlar “Ozodlik” radiosuna müsahibələrində deyiblər ki, bu yolla “ədalət zəfər çalar”.

“Rus dilinə dövlət statusu verməklə biz rus xalqına minnətdarlığımızı bildirmiş olarıq. Bunu etməsək, Allah bizi cəzalandırar”, – 80 yaşlı Kariyeva deyib. O qeyd edib ki, bu yaşında dil öyrənmək ona çətindir. Ancaq apteklərdə preparatların təlimatını özbəkcə olduğundan oxuya bilmir.

Rəssam Vyaçeslav Axunov isə radioya deyib ki, “bu təşəbbüslə çıxış edən incəsənət xadimləri müstəmləkə təfəkkürü ilə hərəkət edirlər”.

“Onların hamısı keçmişin əsiridirlər. Onlar keçmişdə yaşayırlar, indi, yaxud gələcəkdə deyil. Çünki onlar cəmiyyətin sovet dövründə tərbiyə görmüş təbəqəsidir. Onlar həmin tərbiyə üçün darıxırlar, Kremlin oyunlarında marionet kuklalara çevrilirlər. Onların rus dilinin beynəlxalq ünsiyyət dili olmasını deməsi də tərtəmiz müstəmləkə təfəkkürüdür. Bu, imperiyadan qalan mirasdır”, – o vurğulayıb.

1989-cu ilədək Özbəkistan SSR-də rəsmi dil rus dili olub. Aşkarlıq siyasəti başlanandan respublikanın Ali soveti özbək dilinə dövlət dili statusu verilməsi barədə qanun qəbul edib.

Bütün Mərkəzi Asiya ölkələrində əhali öz milli dilində və rus dilində danışır.

Özbəkistan və Türkmənistanda rus dili heç bir statusa malik deyil.

Qırğızıstan və Qazaxıstanda isə rus dili rəsmi dil sayılsa da, dövlət dili deyil. Bu iki ölkə keçmiş SSRİ-nin ən çox “rusdilliləşmiş” respublikaları olub.

Tacikistan Konstitusiyasına görə rus dili “millətlətarası ünsiyyət dili” statusuna malikdir.

SSRİ-də, bütün tarix boyunca, yalnız üç Cənubi Qafqaz respublikasının - Azərbaycan, Gürcüstan və Ermənistanın milli dili, onların həm də dövlət dili olub.

XS
SM
MD
LG