Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:50

'Qardaşımı ayaqlarından asıblar...'


Həbsxana
Həbsxana

«Bir qardaşıma baxmadılar, başına oyun açıb öldürdülər, indi ikincisini də onun yanına göndərmək istəyirlər, deyəsən. Cəzaçəkmə müəssisəsində bölük rəhbəri ilə mübahisə edib, buna görə onu qandallayıb karsa salıblar, orada da ayaqlarından asıblar. Orada huşunu itirib, üstünə vedrə ilə soyuq suyu töküb ayıldıblar. Çar dövrüdür ki, adamı ayağından asırlar?», – Şəmsiyyə Quliyeva AzadlıqRadiosuna danışır.

Onun qardaşı Elsevər Quliyev 6 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır. Bacısının dediyinə görə, onun gözlərində ciddi problem var, o üzdən eynəkdən istifadə edir. Elə cəzalandırılması da eynəyə görə başlayan mübahisənin nəticəsi olub: «Ondan eynəyi çıxarmağı tələb ediblər. Qardaşım da deyib ki, gözüm görmür. Başında da günə görə papaq olub. Həmin əməkdaş da qayıdıb ki, «sən kimsən burada öz istədiyini edirsən?». Mübahisə yaranıb. Buna görə indi ona zülm eləyirlər».

Ş.Quliyeva mayın 7-də cəzaçəkmə müəssisəsinə gedərək, qardaşı ilə görüşmək istəyib. Dediyinə görə, onu görüşə buraxmayıblar. Bildiriblər ki, cəza müddəti bitəndən sonra gəlib görüşə biləcək: «Dedilər ki, karsda olduğuna görə mümkün deyil. Amma sağ-salamat olduğunu bildirdilər. Deyirlər də...».

Qardaşlarının şərlənib həbs olunduqlarını iddia edən Ş.Quliyevanın sözlərinə görə, onlardan biri ötən il elə cəzaçəkmə müəssisəsində dünyasını dəyişib. Mayın 9-da ölümünün bir ili tamam olacaq. Ş.Quliyeva qardaşlarına sovqat apararkən, onlarla görüşərkən müəssisə əməkdaşlarının rüşvət tələb etməsindən də şikayətlənir: «Elsevərin bağırsağında kalip yaraya çevrilib, ağrısı var, yemək yeyə bilmir. Buna görə müalicə almalıdır, amma xəstəxanaya göndərmirlər. Hər şey üçün pul istəyirlər. Görüş 50 manat, karantindən çıxmaq 500 manat... Belə ölkə olar?».

«Böhtan, iftiradır...»

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə Ş.Quliyevanın iddialarının cəfəngiyat olduğunu deyir. M.Sadıqov AzadlıqRadiosuna bildirib ki, hansısa məhkumun gözündə eynək gəzdirdiyinə görə cəzalandırılması yalandır, belə hal ola bilməz. Onun sözlərinə görə, Penitensiar Xidmət əksinə, səhhətində problem olan məhkumlara daha həssas yanaşır:

«Nəinki bu şəxs, bütün məhkumlara münasibətdə elədir, əgər səhhətində problem varsa, Penitensiar Xidmət olaraq çalışırıq ki, onun müayinə və müalicəsi həyata keçirilsin, problem aradan qalxsın. Məhkumun gözündə problem varsa, heç vaxt ondan eynəyini çıxarmaq tələb oluna bilməz, belə əmri heç kim verməz. Böhtan, iftiradır».

Görüş, sovqat üçün rüşvət alınması iddiasına gəlincə, M.Sadıqov bildirir ki, qanunvericilikdə məhkumlar üçün onların saxlandığı müəssisənin rejimindən asılı olaraq, qısamüddətli və uzunmüddətli görüşlər, sovqat almaq hüquqları nəzərdə tutulub. Bu hüquqların reallaşdırılması üçün heç kimdən pul tələb olunmur: «Əgər belə bir hal varsa, niyə şikayət etməyib?».

Cəlilabad rayonundan olan E.Quliyev 2008-ci ildən həbsdədir. O, CM-in 234-cü (narkotik vasitələrin əldə olunması, daşınması, saxlanması) maddəsi ilə məhkum olunub.

Cəzaçəkmə müəssisələrində məhkumların zaman-zaman pis rəftar, işgəncəyə məruz qalmasına dair məlumatlar yayılır. Bəzi beynəlxalq hüquq-müdafiə təşkilatları hesabatlarında bu iddiaların araşdırılmadığını, cəzasızlığın hökm sürdüyünü deyirlər. Ancaq rəsmilər oxşar iddiaları qətiyyətlə təkzib edir.

XS
SM
MD
LG