Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:19

'Əgər Bakı nefti olmasaydı...'-Media icmalı


Maşın bazarı 'ölür' - Yeni qaydalara görə
Gözlə

No media source currently available

0:00 0:03:33 0:00

Maşın bazarı 'ölür' - Yeni qaydalara görə

İkinci Dünya müharibəsində Azərbaycanın rolu, internetin ucuzlaşacağı ilə bağlı gözləntilər, avtomobil bazarında vəziyyət və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Avtomobil bazarından xəbərlər

YeniSabah.az saytında «Maşın bazarında son durum – Bir ay sonra qiymətlər yüksələcək» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin avtomobil bazarında mövcud durum və yaxın perspektivi ekspert Eldəniz Cəfərovla dəyərləndirib.

«Müşahidələrə əsasən, avtomobil bazarında qiymətlər yüksəlməyib. Bunu həm yeni, həm də ikinci əl avtomobillərə şamil edə bilərik», - deyə E.Cəfərov vurğulayıb.

Ekspert xatırladıb ki, ötən il mühərrik həcminə görə aksiz vergisi artırılmışdı. Onun deməsinə görə, bu, yeni maşınlarda qiymət artımı doğurdu. Ekspertin qeyd etməsinə görə, amma hazırda müşahidə edilən odur ki, yeni avtomobil satan rəsmi distribüter və dilerlər endirimlər təklif edirlər.

O vurğulayıb ki, ikinci əl avtomobil bazarında da qiymət artımı yoxdur: «Yanvarda qiymət artımı var idi, fevraldan başlayaraq mayın 1-nə qədər ikinci əl maşın bazarında qiymətlər yüksəlməyib. Yanvarda 10 min manata ala biləcəyiniz avtomobili indi 9 min manata ala bilərsiz».

Ekspert əlavə edib ki, Azərbaycanda qiymətlərin enməsi və artması əsasən mövsümi xarakter daşıyır: «Yeni avtomobil bazarında ilin sonunadək qiymətlər stabil olaraq qalacaq. Bu bazarda qiymətlərin yüksəlməsi yalnız müəyyən rüsumların qalxmasıyla baş verir. Məsələn, gömrük rüsumu qaldırılır və ya aksiz vergisi artır».

E.Cəfərova görə, ikinci əl avtomobil bazarında isə iyul ayından sonra yay mövsümündə qiymətlər yüksələ və bu artım yalnız 5 faizə qədər ola bilər: «Çünki hazırda Azərbaycana Avropa ölkələrindən dizel mühərrikli ikinci əl avtomobillər çox gətirilir...».

Server
Server

İnternetin ucuzlaşacağı gözlənir

Oxu.az saytında «Azərbaycan əhalisinə şad xəbər - İnternetin qiyməti kəskin ucuzlaşacaq» sərlövhəli yazı yer alır.

Müəllif gözlənilən ucuzlaşma ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbətləşib.

Yazıda bildirilir ki, «Delta Telekom LTD» MMM provayderlərlə təmin olunan internetin qiymətində 70 faizə qədər endirim etməklə bağlı qərar qəbul edib. Bununla bağlı «Delta Telekom LTD»dən məlumat verilib.

Məsələ ilə bağlı Oxu.az-a açıqlama verən Azərbaycan İnternet Forumunun prezidenti O.Gündüz bu addımı müsbət qiymətləndirib: «Uzun müddətdir Azərbaycanın internet bazarında qiymət və keyfiyyət problemi qalmaqda idi. Bizdə qiymətləri internet bazarı deyil, daha çox dövlət provayderləri müəyyən edir. İkinci dərəcəli provayderlər isə interneti alıb, vətəndaşlara satır».

Onun sözlərinə görə, Azərbaycanda internetin qiymətinin ucuzlaşması tarixinə baxsaq, görərik ki, ikinci provayderlər dövlət provayderlərinin qiymət endirimindən sonra ucuzlaşmaya əl atırlar. O.Gündüzün sözlərinə görə, Azərbaycan internet bazarının 50 faizə qədəri dövlət provayderlərinin əlindədir: «Biz gözləyirdik ki, dövlət provayderləri qiyməti salacaqlar. Ancaq indiki halda «Delta Telekom LTD» belə bir maraqlı təşəbbüs irəli sürüb. Bu da bazarda şərtləri kifayət qədər dəyişəcək. Çünki provayderlərin xeyli hissəsi interneti bu MMM-dən alır».

O.Gündüzə görə, əgər əsas provayder qiyməti 70 faizə qədər endirirsə, bazardakı provayderlər də qiyməti ucuzlaşdırmalıdırlar: «Burada iki cür yanaşma olur. Birincisi, provayderlər də qiyməti endirir. İkincisi, ikinci dərəcəli provayderlər qiyməti saxlayıb, sürəti qaldırırlar. Düşünürəm ki, bu, yaxşı təşəbbüsdür. Həm internetin keyfiyyətinin artmasına təsir edəcək, həm də bazarda inkişafa səbəb olacaq. Ümid edirəm ki, bundan sonra dövlət provayderləri də bu məsələyə ciddi yanaşacaqlar».

Sovet əsgəri 1945-ci il mayın 2-də Berlində Reyxstaq üzərində sovet bayrağını qaldırır
Sovet əsgəri 1945-ci il mayın 2-də Berlində Reyxstaq üzərində sovet bayrağını qaldırır

Yusif Məmmədəliyevin ixtirası...

Rəsmi AZƏRTAC saytında dərc edilən «Yaqub Mahmudov: Bakı nefti və Azərbaycan aliminin ixtirası olmasaydı, dünya faşizm bəlasından xilas olmazdı» sərlövhəli yazıda isə İkinci Dünya müharibəsində Azərbaycan xalqının rolu dəyərləndirilib.

«9 May qələbəsi ilə dünya faşizm kimi bir bəladan xilas oldu. İkinci Dünya müharibəsində Qələbənin qazanılmasında Bakı nefti əvəzsiz rol oynayıb. 1941-1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşüb», - deyə Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov AZƏRTAC-a söyləyib.

Y.Mahmudov faşizm üzərində Qələbənin qazanılmasında Azərbaycan xalqının zəkasının da mühüm rolu olduğunu düşünür. O, Yusif Məmmədəliyevin yüksəkoktanlı yanacaq ixtira etməsinin üzərində dayanır: «Stalin isə azərbaycanlıların 48 saat ərzində sürgün olunması barədə dekret hazırlamış və Azərbaycanın ozamankı rəhbərliyinə müvafiq göstəriş vermişdi. Lakin Stalinə sübut edildi ki, neftçilərimizin xəyanəti barədə məlumatlar yalandır...».

Tarixçi hesab edir ki, Bakı nefti və Azərbaycan aliminin mühüm ixtirası olmasaydı, 1941-1945-ci illər müharibəsi qələbə ilə sona çatmaz, dünya faşizm bəlasından xilas olmazdı...

XS
SM
MD
LG