Mayın 9-da Rusiyanın Novosibirsk şəhərində Kommunist Partiyasının regional bölməsinin həyətində sovet diktatoru Joseph Stalinin heykəli açılıb. Büstün qoyulduğu yerə 200-dək adam gəlib, əsasən yaşlılar olub.
Gələnlərin çoxu əllərində 2-ci Dünya müharibəsi illərində SSRİ-yə rəhbərlik etmiş şəxsin portretlərini və qırmızı bayraqlar tutub. Mərasimdə Novosibirsk komitəsinin birinci katibi, şəhərin meri Anatoliy Lokot iştirak edib.
“Stalinin rəhbərliyi altında sovet xalqı faşist işğalçılarına qalib gəldi, müharibədən sonra ölkəni bərpa etdi. Bunlar nəhəng xidmətlərdir. Bu abidəni açmaqla böyük qələbənin generalissimusunu anırıq. Özlərini liberal adlandıranların tarixi başqa cür yazmasına imkan vermərik”, – mer deyib.
Etiraz aksiyaları gözlənir
Açılışa gələnlərin fikrincə, Stalinin apardığı siyasət SSRİ-nin çiçəklənməsinə töhfə verib. Onlar repressiyalara haqq qazandırıblar, bunu dövlətin düşmənlərinin çox olmasıyla izah ediblər.
“Mən və şəhərin bir çox sakini bu abidənin qoyulmasına qəti qarşıyıq, çünki Stalini cinayətkar sayırıq, onun günahı üzündən milyonlarla adam həlak olub. Bu, xalqımız üçün sadəcə, biabırçılıqdır”, – ictimai fəal Timur Khanov “Сибирь.Реалии” portalına deyib. O, Kommunist Partiyasının binası qarşısında təkadamlıq piket də keçirib.
Abidənin ucaldılmasının təşəbbüskarları onun əleyhdarlarının etiraz aksiyaları keçirəcəklərini istisna etmirlər. Regional komitənin məlumatına görə, büstün qoyulduğu ərazidə sutka boyu keşik çəkiləcək.
Martın 13-də Novosibirskin bədii şurası şəhərin mərkəzində Stalinə abidə qoyulmasını təsdiqləyib. 16 ekspertdən 11-i təklifə “hə” deyib. Bədii şuranın sədri, arxitektor Aleksandr Lojkin-in sözlərinə görə, bu, kompromis qərardır, “arzu edənlər abidəyə gül qoya biləcəklər, eyni zamanda Stalini tiran sayanlar da təhqir olunmayacaq”.
Təşəbbüs qrupu 2000-ci illərin əvvəllərində Novosibirskdə Stalinə abidə qoyulmasına çalışırdı. Bundan ötrü 500 min rubladək vəsait də yığılmışdı.