Mayın 10-u Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalist Elmar Hüseynovun qətlinin araşdırılması, günahkarların tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsi işinin sürətləndirilməsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) müraciət ünvanlayıb.
Müraciətdə bildirilir ki, mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş “Mətbuat azadlığı: bəşəri mahiyyət və Azərbaycan reallıqları” mövzusunda konfrans keçirilib.
Şuradan bildirildiyinə görə, toplantı iştirakçıları bu qərara gəliblər ki, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin araşdırılması sürətləndirilməli və cinayəti törədənlər tezliklə tapılmalı, cəzalarını almalıdırlar.
Müraciətdə Elmar Hüseynovun 2005-ci il martın 2-də törədilmiş qətli ilə bağlı cəzasızlığın davam etməsinin narahatlıq doğurduğu vurğulanıb:
“Bu mənada müəyyən siyasi qüvvələrin günahkarların hələ də tapılıb cinayət məsuliyyətinə cəlb edilməmələri səbəbilə manipulyasiyalara yol vermələri də narahatlıq doğurmaqdadır.”
“Elmar Hüseynovun qətli siyasi sifariş idi”
“Elmar Hüseynovun qətli siyasi sifariş idi və yaxın zamanlarda bu qətlin üstünün açılacağına inanmıram”
Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Oqtay Gülalıyev deyib.
O, mayın 10-da Mətbuat Şurasının jurnalist Elmar Hüseynovun qətli ilə bağlı Dövlət Təhlükəsizlik Xidmətinə ünvanlanmış müraciətinə münasibət bildirərkən belə söyləyib.
Oqtay Gülalıyev qeyd edib ki, Elmar Hüsseynovun qətli adi bir qətl deyildi və birbaşa onun jurnalist fəaliyyətilə bağlı idi:
“14 il ərzində Elmar Hüseynovun qatillərin tapılması istiqamətində atılan addımlar yetərli olmadı və nəticədə qatillər tapılmadı. O, öz yazılarına görə öldürülüb ...”
Hələlik, müraciətə və hüquq müdafiəçisinin səsləndirdiyi tənqidlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
“Monitor” jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib.
Hadisənin üstündən 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələdə məsuliyyətə cəlb olunmayıblar.
Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.
Elmar Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.
Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. 1996-cı ildən “Monitor” jurnalını təsis edib. O, həmçinin, “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi idi.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Elmar Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmaması barədə qərar verib.
Bununla bağlı AİHM-ə mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət Elmar Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.
Amma Azərbaycan rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu qətlin üstünü açmaqda maraqlıdırlar.