ABŞ prezidenti Donald Trump The New York Times qəzetinin Ağ Evin İranın mümkün hücumuna qarşı Yaxın Şərqdə 120 minlik qoşun yerləşdirilməsi planlarını nəzərədən keçirdiyinə dair məqaləsini “saxta xəbər” adlandıraraq rədd edib:
“Düşünürəm ki, bu saxta xəbərdir, OK? Mən bunu edərəmmi? Qətiyyən. Amma biz bunu planlaşdırmamışıq”.
Mayın 14-də Ağ Evin qarşısında jurnalistlərlə danışan Trump deyib ki, Vaşinqtonun belə planları yoxdur:
“Ümid edirəm ki, bizim belə bir planımız olmayacaq. Əgər biz bunu etsəydik, bundan lap çox qoşun göndərərdik”.
Ağ ev İrana qarşı hərbi planları ‘nəzərdən keçirir’
Ağ ev Yaxın Şərqə 120 min hərbçinin yerləşdirməsini nəzərdə tutan hərbi planları nəzərdə keçirir. “The New York Times” qəzetinin yazmasına görə, belə bir plan İranın ABŞ qüvvələrinə hücum edəcəyi, yaxud nüvə silahları üzərində işi sürətləndirəcəyi halda gerçəkləşdirilə bilər.
Qəzet mayın 13-də administrasiyadakı anonim rəsmilərə istinadla yazıb ki, Müdafiə nazirinin vəzifəsini icra edən Patrick Shanahan ötən həftə Prezident Donald Trump-ın aparıcı təhlükəsizlik müşavirləri ilə görüşdə bu planları təqdim edib.
Bir neçə plan müzakirə olunub və “ən yaxşı variant kimi 120 min hərbçinin yerləşdirilməsinə baxılıb, bunun tamamlanması bir neçə həftədən bir neçə ayadək çəkə bilər”, – qəzet yazıb.
Planda İran torpaqlarının tutulması yoxdur
Məlumata görə, planda İran torpaqlarının tutulması məsələsi yoxdur.
Ağ ev və Pentaqon Vaşinqtonla Tehran arasında gərginliyin artdığı bir dönəmdə yayılmış informasiyanı hələlik, şərh etməyiblər.
Ötən həftə Birləşmiş Ştatlar Yaxın Şərqə təyyarədaşıyan gəmi qrupu göndərdiyini bildirib, bunu İranın Amerika və müttəfiqlərinin qüvvələrinə yaratdığı təhdidlərlə izah edib.
Tehran isə bu məlumatları “psixoloji müharibə” adlandırıb.
Prezident Donald Trump ötən il Birləşmiş Ştatların İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb. O vaxtdan tərəflər arasında gərginlik artıb.
Trump-ın fikrincə, bu saziş İranın nüvə silahları hazırlamasını önləməyə yetərli deyil, İranın raket proqramını, Tehranın regiondakı yaraqlılara “dəstəyini” əhatələmir.
İran yaraqlıların fəaliyyətini dəstəkləmədiyini deyir, nüvə proqramının sırf mülki enerji məqsədi daşıdığını bildirir.