Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 11:33

Çin gücünü dünyaya yaymaq istəyir, senzura imkan vermir


Çin istehsalı «Güllələrlə sovrulanlar» filmindən kadr
Çin istehsalı «Güllələrlə sovrulanlar» filmindən kadr

Pekində yaşayan kinorejissor Huang Han Çin hökumətinin sərt senzorları sayəsində ən ağır həftələrindən birini yaşayır. Onun müstəqil, azbüdcəli, 2019-cu ildə çıxmalı olan sevgi filmi çıxılmaz problemlə üz-üzə qalıb: siqareti göstərmədən kişi personajın siqaret çəkdiyini necə göstərməli.

«Hökumətin filmləri təftişi get-gedə daha da sərtləşir. Yalnız çox məşhur rejissorlar bu təftişdən keçir. Qalanlarımız sərt protokola tabe olmalıyıq», – karyerasını itirməkdən qorxduğu üçün CNN-ə fərqli adla danışan 30 yaşlı Huang deyir.

2014-cü ildə prezident Xi Jinping Çinin iqtisadi inkişafına nisbətdə dünyadakı populyarlığının da artırılması üçün daha ciddi səy göstərilməsinə çağırıb. «Biz Çinin yumşaq gücünü artırmalıyıq, …Çinin mesajını dünyaya daha yaxşı ötürməliyik», - o deyib.

Çin ötən ay bu sahədə gözlənilməz qələbə əldə edib. Netflix «Dolaşan dünya» (The Wandering Earth) adlı Çin elmi-fantastik blokbasterini yayımlayacağını bildirib. Bu film 190-dan çox ölkədə 700 milyon dollara yaxın kassa gəliri əldə edib.

Ancaq Çin filmləri çox nadir hallarda ölkədən kənara çıxa bilir.

Ekspertlərin sözlərinə görə, Kommunist Partiyası yerli filmlərin senzurasını yumşaltmasa, Pekinin Çinin kino vasitəsilə öz yumşaq gücünü dünyaya yaymaq arzusu gözündə qala bilər.

Proses aşağıdan yuxarıya getməlidir

Almaniyanın Tübinqen Universitetinin Çin Mərkəzinin media mütəxəssisi Matthias Niedenführ deyir ki, yuxarıdan-aşağıya inzibati amirlik yanaşması populyar dünya hitləri yarada bilməz.

«Fransız kinosu, Koreya TV-si, yapon animesi – bunların hamısı yaradıcı mühitin və aşağıdan yuxarıya doğru gedən prosesin məhsullarıdır. İroniya ondan ibarətdir ki, Çin dünyada tanınmağı çox istəyir», – o deyir.

Sərt senzura illərlə Çin kinematoqrafçılarının yaradıcılığını məhdudlaşdırıb. 2016-cı ildə çıxan qaydalara görə, Qərb həyat tərzi, fikir ayrılığı, homoseksuallıq və zaman içində səyahət arzuolunmaz mövzulardır.

2018-ci ilin yanvarında isə Çinin senzura idarəsi ölkədə çiçəklənən submədəniyyətlərə qarşı təqibə başlayıb. Qurumun xüsusi göstərişi ilə dövlət telekanallarının «dekadent mədəniyyəti» təbliğ edən sənətçiləri işə götürməsi yasaqlanıb. Hip-hop və tatuların göstərilməsi isə ciddi qınanılır.

2019-cu ilin yanvarından bəri Çin senzurası sırğa taxan kişilərin qulaqlarını bulanıq göstərməyə başlayıb.

Huang Han-ın sözlərinə görə, bu qadağalar əvvəllər gəlir gətirəcəyinə şübhə olmayan bir sıra janrları boğub. Bura onun özünün ixtisaslaşdığı yapon tərzi qorxu filmləri də daxildir.

«Filmin təftişi zamanı xalq inancları rol oynayır. Qeyri-rəsmi qaydaya görə, ruhlar yalnız personajın yuxusunda göstərilə bilər», – o deyir.

Daxili bazardan imtina edirlər

Bəzən çinli kinorejissorlar senzuradan yan keçmək üçün daxili bazardan imtina edib dünya auditoriyalarına fokuslanırlar. Məsələn, çinli-amerikalı kinorejissor Hao Wu-nun çəkdiyi «Arzunun Xalq Respublikası» (The People's Republic of Desire) adlı sənədli film Çindən kənarda göstərilib, bir neçə beynəlxalq mükafata layiq görülüb. Çində isə göstərilmir. Çünki hökumət 2017-ci ilin sonunda striminqi qadağan edib.

Ancaq bu taktika heç də həmişə senzorlardan yan keçməyə imkan vermir. Bu ilin fevralında tanınmış çinli rejissor Zhang Yimou-nun «Bir saniyə» (One Second) filmi gözlənilmədən 69-cu Berlin Kinofestivalının proqramından çıxarılıb. Filmin rəsmi Weibo hesabında deyilir ki, filmin son anda çıxarılması «texniki səbəb»lərlə bağlı olub. Bu ifadədən, bir qayda olaraq, hökumət senzurasını bildirmək üçün istifadə olunur. Filmin mövzusu Çin tarixinin ən həssas dövrlərindən biri olan Mədəni inqilabdır.

Yüksək populyarlıq belə, rejissoru və uğurlu filmi senzorların qəzəbindən qurtara bilmir. «Yansi sarayının hekayəsi» (Story of Yanxi Palace) filminə ötən ilin avqustunda Çində cəmi bir gündə yarım milyarddan çox adam baxıb. Film 15 milyard dəfədən çox strim olunub və 2018-ci ilin Google-da ən çox axtarılan TV şousu olub.

Ancaq yanvarda Çinin bir dövlət qəzetində çıxan köşə yazısı filmi cəmiyyətə «mənfi» təsir göstərdiyinə görə tənqid edib. Məqalədə deyilir ki, filmin çəkildiyi Syanlun imperatoru dövrünün personajları dövlət təbliğatındakı kommunist qəhrəmanlardan daha populyardır. Bu məqalədən az sonra bir neçə dövlət telekanalı gözlənilmədən filimin yayımını dayandırıb.

«Senzorlar bilirlər ki, yanvarda bu filmlərə qadağa qoyulması Çinə yumşaq güc gətirə bilən «inəklər»in kəsilməsi idi. Ancaq Pekin hazırda xaricdə tanınmaqdan çox daxili sosial mühəndisliyə üstünlük verir», – Niedenführ deyir.

XS
SM
MD
LG