Son bir neçə gündə internet istifadəçiləri onun keyfiyyətindən yenə narazılıq edirlər. Bu narazılıqlar demək olar səngimir, sadəcə, vaxtaşırı bir qədər də artır. Bu şikayətlər xüsusən də KATV1 istifadəçilərinin dilindən eşidilir.
Məsələn, Samir Əsədli AzadlıqRadiosu-na deyir ki, adıçəkilən provayderin xidmətindən təxminən 3 ildir istifadə edir və hər zaman problemlərlə üzləşir, “bəzən saatlarla internet kəsintisi yaranır”:
“Gecə saat 3-də internet kəsilir. Günorta saat 12-yə, 1-dək düzəlmir. Zəng edəndə də cavab verirlər ki, profilaktik iş aparılır. Deyirəm, axı siz məni xəbərdar etməlisiniz, cavab verirlər ki, keyfiyyəti düzəldirik. (İnternet mütəxəssisi) Osman Gündüz də müsahibəsində demişdi, bir nəfərə çatacaq interneti 5-6 nəfərə satırlar, ona görə trafikin sürəti aşağı düşür. Deyəndə də deyirlər ki, xətdə problem var, modemdə problem var, gəlib düzəldirlər, səhər yenə eyni problem yaranır. Tək özü də KATV1-də belə problem yoxdur, işdə də Bakinternetə qoşulmuşuq, o lap bərbad gündədir. Həmin ödənişə uyğun xidmət göstərmir, nə Wi-Fi-la, nə “şnur”la normal qoşulmaq olur. Bakinternet dövlətindir, şikayət edirsən də baxılmır”.
“3 ildir boğaza yığıblar”
Samir Əsədli narazılığı barədə sosial şəbəkədə də yazıb və KATV1 adından həmin statusun altından qısa açıqlama yerləşdirib: “Hal-hazırda serverdə profilaktik işlər aparılır və buna görə İnternetin verilişində müvəqqəti fasilə yaranıb. Çalışırıq ki, ən qısa zamanda bərpa olunsun. Yaranmış vəziyyətə görə üzr istəyirik”.
Yeri gəlmişkən, Samir Əsədli saatlarla internetsiz qaldığına görə provayderdən həmin vaxtın pulunu ödəməsini tələb etsə də, KATV1-dən hələlik cavab yoxdur.
Bu provayderdən şikayətçi tək Samir Əsədli deyil. Jurnalist Kamran Mahmudov da bugünlərdə Facebook sosial şəbəkəsində yazıb: “KATV1 kimi müştərilərinə saymamazlıq, laqeydlik edən ikinci şirkət tanımıram. Ödənişin vaxtından 1 saat keçməmiş internet kəsilir. Amma 1 aya yaxındır internetlə bağlı problem yaşanır, heç veclərinə deyil. Bu gün bu provayderdən rəsmən imtina etdim”.
Sübhan Qəhrəmanov da provayderi hörmətsizlikdə ittiham edir və istifadəçisi olduğu 3 ildə boğaza yığıldığını yazır: “Bir problem olan kimi də telefon zənglərinə cavab vermirlər”.
Provayderlərin cavabları
AzadlıqRadiosu da adıçəkilən provayderlə əlaqə saxlayıb. Onlar bununla bağlı az sonra özlərinin geri zəng edəcəklərini söyləsələr də, günün sonunadək xəbər çıxmayıb.
Bakinternetlə əlaqə yaratmaq mümkün olmayıb.
Digər provayderlərdən də internetin keyfiyyəti ilə bağlı tənqidlərə münasibət öyrənmək cəhdləri nəticəsiz qalıb. Alfanet-dən yazılı müraciət göndərilməsi istənilib, Citynet-dən sualın qeydiyyata alındığını, az sonra cavab veriləcəyini söyləyiblər.
Azdatacom-un əməkdaşı bəzi yerlərdə problemlərin olduğunu gizlətməyib: “Məsələn, Pirşağıda elə nömrələr var ki, orda saat 6-dan, 7-dən sonra problem yaranır. Çünki xətdə yüklənmə olduğundan problem çıxır. Amma elə bir nömrə yoxdur ki, problem yaransın, onu araşdırmayaq. Problem varsa nömrəni desinlər baxaq”.
Provayderlərin “gecə əməliyyatı”?
Jurnalist Şəmşad Ağa isə adını açıqlamadığı mənbəyə istinadla yazır: “Deyilənə görə, bəzi provayderlərə qeyri-rəsmi tapşırıq verilib ki, internetin sürətini azaldın və gecələr fasilələrlə verin (elə bil Hövsana su verirlər). Fərqində deyillər ki, bununla təkcə informasiya azadlığına müdaxilə etmirlər, həm də əhalidə provayderlərə etimadsızlıq yaradırlar. Etimadsızlıq mühiti həm də onların iqtisadi durumuna mənfi təsir edəcək. Allah bilir, yenə nə iyrənc planları var...”
Şəmşad Ağa AzadlıqRadiosu-na deyir ki, məlumatı ona verən şəxs adının çəkilməsini istəmir, səbəb də yerli provayderlərdən birində çalışmasıdır və onun sözlərinə görə, məqsəd informasiya məhdudlaşdırılması ola bilər.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz Şəmşad Ağanın yazdıqlarını real saymır, amma ölkədə internetin baha və keyfiyyətsiz olduğunu vurğulayır:
“Qonşu ölkələrlə müqayisə edəndə görürsən ki, bizim ödəyib əldə etdiyimiz sürətlə, onların ödəyib əldə etdiyi sürət arasında on dəfə fərq var. Təsəvvür edin, Azərbaycanda vətəndaş 30 manat ödəyib məsələn, dövlət provayderləri olan Aztelekom və Baktelekomdan 5-6 meqabit ala bilirsə, Rusiyada, Qazaxıstanda, Gürcüstanda bu məbləğə vətəndaş 10, 20 dəfə çox sürət ala bilir. Bu, ciddi problemdir”.
Osman Gündüz bu məsələlərlə bağlı bütün sualları Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin cavablandırmalı olduğunu söyləyir:
“Artıq interneti topdan satan provayderlər qiyməti endirdiklərini elan ediblər. 70 faiz azaldıblar. Ancaq özəl provayderlər onu ucuz satmağa ehtiyatlanırlar. Çünki onlar dövlət provayderlərinin resurslarından – dövlətin quyularından, xətlərindən və sairdən yararlanırlar. Dövlət provayderindən xəbərsiz addım atsalar problem yaranacağından ehtiyatlanırlar. Dövlət provayderləri olan Aztelekom-la Baktelekom isə bazarın düz 50 faizinə nəzarət edir. Bunların rəhbərliyi nazirlikdir. Nazirlik buna reaksiya verməlidir. Nazirlik indi həm bazarı tənzimləyir, həm qiymət müəyyənləşdirir, həm də kommersiya ilə məşğuldur. Bu da yolverilmzədir”.
Azərbaycanda internetin dövlətin inhisarda olduğunu və bu üzdən problemlər yarandığını, müştəriyə ödədiyi pula uyğun xidmət göstərilmədiyini ekspertlər dəfələrlə bildiriblər.
Nazirlik inhisar iddiası ilə razılaşmır
Osman Gündüz Strateji Yol Xəritəsinə görə 2020-ci ildə Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyinin kommersiya səlahiyyətlərinə son verilməli olduğunu qeyd edir.
RNYTN-dən münasibət almaq mümkün olmasa da, adıçəkilən nazirlik bir neçə ay öncə AzadlıqRadiosu-nun inhisarla bağlı sualına cavabında ölkədə 40-dək internet - provayderinin fəaliyyət göstərdiyini, onlardan 37-nin özəl sektora məxsus olduğunu bildirmişdi:
“Bu sahədə sağlam rəqabət mühitinin formalaşdırılmasına daim diqqət göstərilir. Bu gün ölkədə beynəlxalq normativlərə uyğun olaraq internet provayderlərin fəaliyyəti üçün xüsusi razılıq (lisenziya) tələb edilmir. Qeyd etdiyiniz “Azərtelekom” özəl şirkətdir. Yalnız “Bakinternet” – “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində fəaliyyət göstərir. Onun da xidmətləri paytaxt əhalisinin cəmi 35 faizini əhatə edir. Özəlləşdirmə prosesi isə “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə nəzərdə tutulduğu kimi, dövlətin iqtisadi maraq və mənafeyinə uyğun dəyərləndirilir və buna uyğun müvafiq addımlar atılır”.
Nazirlik internetin keyfiyyəti ilə bağlı sualı cavablandırarkən Azərbaycanda əhalinin təxminən 80 faizinin internet istifadəçisi olduğunu və “bu sayda istifadəçi arasında ayrı-ayrı hallarda internetin keyfiyyəti ilə bağlı şikayətlərin olması mümkündür” deyə qeyd etmişdi. “Amma bu, çoxsaylı provayderlərin xidmət göstərdiyi milyonlarla istifadəçinin internet təchizatında problem olması anlamına gəlmir”, – nazirlik vurğulayırdı.