Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 14:43

Sosial robotlar yaşlı insanlara kömək edə bilər


Robot
Robot

Sosial və köməkçi robotların dizaynerləri öz məhsullarını ürəyəyatan etməyi bacarır, onlara qəşəng adlar verirlər. Paro, Aibo Buddy onlardan sadəcə bir neçəsidir. Ancaq ekspertlər sosial robotların istehlak bazarında, daha çox yaşlı insanlara yardımda öz yerini tutacağını gözləsə də, ABŞ bazarında bu, hələ ki, baş verməyib.

Əvəzində Amazon EchoGoogle Home kimi danışan ağıllı cihazlar texniki ev köməkçiləri bazarını tutub. Şübhəsiz ki, bu məsələdə qiymət amilinin böyük rolu var. Echo-nu 100 ABŞ dollarına almaq mümkündürsə, sosial robotların qiyməti, adətən, bundan ən azı 10 dəfə baha olur.

1500 dollar + abunə haqqı

Ancaq bəzi sosial robot şirkətləri hələ də məhsullarının yaşlı insanlara qulluq sahəsində özünə yer tapacağına inanırlar. Intuition Robotics belə şirkətlərdən biridir. Şirkət özünün ElliQ adlı stolüstü köməkçi robotunu bir il San-Fransiskodakı evlərdə sınaqdan keçirəndən sonra bazara çıxarmağa hazırlaşır.

Şirkət bildirir ki, insanlar ElliQ-nun təlimatlarına müsbət reaksiya veriblər. Robot insanlara təkcə dərmanlarını qəbul etməyi yox, həm də gəzməyə çıxmağı və su içməyi xatırladıb. İnsanlar çox zaman gün ərzində onunla ünsiyyətə də giriblər. Intuition Robotics bu yaxınlarda insanların bu robot üçün 1500 dollar, üstəlik aylıq abunə haqqı ödəməyə hazır olub-olmadığını müəyyənləşdirəcək.

Ancaq alimlər həm də belə robotların yoldaşlıqdan daha uzağa getmək bacarığını araşdırırlar. Onların bəziləri bu cihazların insanların insult və dementiya kimi ağır xəstəliklərin öhdəsindən gəlməsində ciddi rol oynaya biləcəyini düşünür.

Dulut Minnesota Universitetinin kompüter elmləri üzrə professoru Arshia Khan üzərində çalışdığı robotun dementiyadan əziyyət çəkən adamların ev şəraitində həyat keyfiyyətini saxlamasına kömək edəcəyini düşünür. O və köməkçisi Yumna Anwar-ın üzərində işlədikləri proqram Softbank Robotics şirkətinin hazırladığı Pepper adlı sosial robota qavrama funksiyasını itirən insanla işləmək bacarığı verəcək.

Khan dementiyanın iki aspektini araşdırır. O, ailəsində dementiya tarixçəsi olan insanlarla işləyir. Məqsəd xəstəliyin daha erkən diaqnostika modelini hazırlamaqdır. «Tədqiqatçılar dementiyanı əsasən qavrama pozğunluğu kimi nəzərdən keçirirlər. Ancaq qavramanın zədələnməsindən öncə insan bədənində çox sayda başqa proseslər gedir», - o deyir.

Xəstəyə Pepper robotu təhkim olunur

Khan-ın sözlərinə görə, insanın yerişinin dəyişməsi erkən əlamət sayıla bilər. Addımlar daha kiçik və daha yavaş olmağa başlayır. Məqsəd erkən dementiya diaqnozu qoyulan kimi insana onun üçün xüsusi dizayn olunmuş Pepper robotunu təhkim etməkdir. Bu isə Khan-ın tədqiqatının digər aspektidir.

Pepper insanın taxdığı saat vasitəsilə onun bədən temperaturu, nəbzi və digər sağlamlıq məlumatlarını izləməyə başlayır. Bundan sonra Pepper bütün bu məlumatı xəstənin ailə üzvlərinə və ona qulluq edən müəssisəyə ötürür. Ancaq robot həm də öz sensor və kameralarının köməyi ilə xəstənin davranış və fəaliyyətini də yaxından izləyəcək. O, xəstənin gündəlik davranış və yaşayışında hər hansı dəyişikliyi görə biləcək. Məsələn, xəstə küçəyə çıxaraq boş-boşuna gəzməyə başlasa, robot bunu biləcək. Bu, xəstələrin ailə üzvlərinin ən çox narahat olduğu davranış formalarından biridir. Çünki yaddaşını itirmiş insan küçədə təkbaşına gəzərsə, başına bədbəxt hadisə gələ bilər.

Khan deyir ki, xəstənin gündəlik davranışında dəyişiklik baş verəndə, məsələn, o, hər gün bişirdiyi omleti bişirməyəndə robot əvvəlcə ona bunu xatırladacaq, eyni zamanda, öz ekranında omletin reseptini və bununla bağlı videonu göstərəcək.

Ancaq xanım Khan həm də robotların belə xəstələrə qulluq işində insanları əvəzləyəcəyini düşünmədiyini vurğulayır. «Biz buna əlavə qayğı, robotların insanların öz həyatını yaşamasına kömək etməsi kimi baxırıq. …Adamlar bizdən soruşurlar ki, insanlara yanlış ümid verməklə onları aldatmırıq ki? Ancaq məsələnin çatışan və çatışmayan tərəflərini müqayisə edəsi olsaq, siz bundansa insanların otaqda təkbaşına oturub depressiyaya düşməsini istəyirsiniz?», – o deyir.

XS
SM
MD
LG