Azərbaycanın müstəqillik tarixi, otellərdə qiymətlər, gəliri xərcini ödəməyən dövlət müəssisələri və başqa məsələlər medianın aparıcı mövzularındandır...
«Otellərdə fantastik qiymətlər»
Yenisabah.az saytında «Azərbaycanda otellər elə yüksək məmurlara məxsusdur ki... - fantastik qiymətlər» sərlövhəli yazı oxumaq olar.
Yazıda mövzu ilə bağlı iqtisadçı Məhəmməd Talıblının düşüncələrinə yer verilib. O sayta deyib ki, idman və mədəniyyət tədbirləri ilə bağlı Azərbaycana gələn turistlərdən təkcə qazanmaq lazım deyil, həm də onlara ölkəyə marağı artırmaqdan ötrü fürsət kimi baxılmalıdır: «Biz isə birdəfəlik gəlişə fürsət kimi baxırıq. Bu yanlış yanaşmadır».
Onun sözlərinə görə, turistlərə Azərbaycana gələcək sabit müştəri gözü ilə baxılmalıdır: «Otellərdə yüksək qiymət, bahalı xərclər onların bizimlə müqayisədə digər ölkəni, məsələn, Gürcüstanı seçmək imkanı yaradır».
İqtisadçı hesab edir ki, Gənclər və İdman və Mədəniyyət nazirlikləri xüsusilə, tədbirlər ərəfəsində otellərin ulduzlar üzrə tariflərini müəyyənləşdirməlidir: «Nazirlik indiki halda bunu nəinki müəyyənləşdirmək, hətta onun nəzarəti ilə məşğul ola bilmir ki, otellər zənciri vahid əldə cəmləşib. Həmin otellər elə yüksək məmurlara məxsusdur ki,... Demək, biznesdə inhisarçılıq meyllərinin olması və inhisar qiymətlərini diktə etməsi, onların epizodik olaraq yüksək gəlir əldə etməsini təmin edir, lakin turist potensialını bununla da itirmiş oluruq».
Yazıda qeyd edildiyinə görə, DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi bildirib ki, Azərbaycanda bəzi otellər Avropa Liqasının final matçı tarixində qiymətlərini adi vaxtdakından 2-3 dəfə artırıb. Onun sözlərinə görə, Azərbaycan öz turizm bazarını tanıtmaq yolunda olduğundan belə qiymət artımları «yaraşmır».
Xərci gəlirindən çox olanlar
Ona.az saytında «Azərbaycanın 6 iri dövlət şirkətindən 4-nün xərci gəlirindən çox olub» sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, keçən il iri dövlət vergi ödəyiciləri üzrə dövlət büdcəsinə daxilolmalarla həmin müəssisələrə dövlət büdcəsindən ayrılmış xərclərin müqayisəsi açıqlanıb. Saytın bildirməsinə görə, bu, Hesablama Palatasının «Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında» Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəyində əksini tapıb.
Müəllifin qeyd etməsinə görə, bu məsələdə vəziyyət heç də ürəkaçan deyil. Yazıda vurğulanır ki, bu sırada «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti (QSC) xüsusi diqqət çəkir: «Keçən il «Azərbaycan Dəmir Yolları» QSC-nin büdcəyə ödədiyi vəsait 15.8 milyon manat, xərclədiyi vəsait isə bundan 38 dəfə çox, yəni 607.5 milyon manat olub».
Müəllif bildirir ki, ödənilən və xərclənən vəsaitin müqayisəsi baxımından ikinci yerdə «Azərsu» ASC qərarlaşıb: «2018-ci ildə «Azərsu» ASC-nin büdcəyə ödənişi 27.5 milyon manat, büdcədən bu quruma ayrılan vəsait isə bundan 17 dəfəyə qədər çox, yəni 431.3 milyon manat olub. «Azərenerji» ASC-yə büdcədən ayrılan vəsaitlə bu qurumun büdcəyə ödənişi arasında 2.7 dəfə fərq olub. Keçən il «Azərenerji» ASC-yə büdcədən 240.1 milyon manat ayrılıb, büdcəyə ödəniş isə 86.8 milyon manatı keçməyib».
Yazıda habelə vurğulanır ki, Dövlət Neft Şirkəti üzrə də mənfi saldo qeydə alınıb: «Keçən il Dövlət Neft Şirkəti büdcəyə 1 milyard 425.1 milyon manat ödəniş edibsə, xərci bundan 4 faiz çox - 1 milyard 486.4 milyon manat olub».
Müsəlman Şərqində ilk demokratik və parlamentli respublika
«Azərbaycan» qəzeti «Tarixin ən qüdrətli Azərbaycanı» sərlövhəli yazı dərc edib.
Müəllif yazıb ki, bu gün, mayın 28-də müsəlman Şərqində ilk demokratik və parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101-ci ili tamam olur: «1918-ci il may ayının 28-də cümhuriyyətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi».
Daha sonra müəllif Xalq Cümhuriyyətinin yarandığı tarixi şərait və amillər barədə söz açır. Eyni zamanda, Cümhuriyyətin qurucularından bəhs edir: «Məhz o insanların müstəqil dövlətçiliyin bərpa olunmasına xidmət edən əqidə və məslək birliyi son nəticədə öz sözünü dedi və 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi».
Müəllif hesab edir ki, qarşısına müstəqil, azad və demokratik respublika qurmaq kimi şərəfli vəzifə qoymuş milli hökumətlər cəmi 23 aylıq fəaliyyətləri dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu bütün dünyaya nümayiş etdirib.
Müəllif sonda da yazıb: «Müstəqil siyasət yeridən Azərbaycan artıq regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan ölkə və strateji tərəfdaş kimi tanınır... Müstəqilliyimiz isə əbədidir. Bu azadlığı və hürriyyəti heç bir qüvvə xalqımızdan ala bilməz».