Səhiyyənin vəziyyəti, problemli kreditlərdə kompensasiyanın ödənilməsi, elm və təhsildə yeni çağırışlar medianın toxunduğu mövzulardandır...
Deputat: «Kimin imkanı var, xaricdə müalicə alır»
Yenisabah.az saytında «Xəstəxanaların qarşısı ət-çörək növbəsində olduğu kimidir...- Fazil Mustafa» sərlövhəli yazı oxumaq olar.
Müəllif Azərbaycan səhiyyəsindəki vəziyyəti deputat Fazil Mustafa ilə müzakirə edib.
Yazıda bildirildiyinə görə, son zamanlar səhiyyə sahəsində müxtəlif məsələlərlə bağlı problemlər səngimək bilmir, bu, bəzən nazirlik qarşısında aksiyalar şəkilində öz əksini tapır.
F.Mustafa da sayta deyib ki, bu sahədə qanunun işləməməsi bir çox hallarda səhiyyənin vətəndaşların sağlamlığı ilə bağlı yükü götürə bilməməsinə bağlıdır. Deputat hesab edir ki, qida, ərzaq təhlükəsizliyi məsələlərində olan müəyyən problemlər vətəndaşın səhhətində birbaşa özünü göstərir: «Vaxtında profilaktik addımların atılmaması bu problemləri böyüdür. Ona görə də insanların ən çox əziyyət çəkdiyi sağlıqla bağlı problemdir. Bütün xəstəxanaların qarşısı ət-çörək növbəsində olduğu kimidir. Artıq Azərbaycanda sağlamlıq növbəsi yaranmağa başlayıb. Ona görə vəziyyət acınacaqlıdır. İnsanlar da etirazlarını bu formada bildirirlər».
F. Mustafa bildirib ki, mütləq tibbi sığortaya keçirilməli idi: «Bu, vaxtında olmalıydı (Azərbaycanda 2020-ci ildə icbari tibbi sığorta sisteminin tətbiq ediləcəyi gözlənir-A.R) və əhalinin müəyyən yükünü azaldacaqdı. Xüsusilə, aztəminatlı insanlar bu məsələdə zülm çəkirlər. Kimin imkanı var, xaricdə müalicə alır, o da çox vaxt gecikmiş olduğu üçün keyfiyyətli olmur. Çünki buradakı prosedurları keçirib sonra gedir. Ona görə də problemlər daha da artmağa başlayıb».
F.Mustafa hesab edir ki, problemin kökü heç də yalnız səhiyyədə deyil: «Bu, iqtisadi məsələdir, iqtisadi problemlərlə bağlıdır...».
Kompensasiyanın ödənilməsi ilə bağlı suallar
Modern.az saytında «İqtisadçı problemli kreditlərlə bağlı suallara cavab verdi: Kompensasiya ala bilməyənlər... – müsahibə» sərlövhəli yazı yer alır.
Müəllif 10 min dollara qədər banklara borclu olan fiziki şəxslərə kompensasiyaların ödənməsi məsələsi ilə bağlı iqtisadçı Vüqar Bayramovla söhbətləşib.
Yazıda qeyd edilib ki, bu həftə problemli kreditlərə kompensasiyaların ödənilməsi müddəti başa çatır, amma bir sıra suallar hələ də gündəmdədir.
İqtisadçının sayta deməsinə görə, kompensasiya almaq hüququ olan, amma hansısa səbəbdən pullarını ala bilməyənlər may ayından sonra da bu imkandan istifadə edə biləcəklər: «Məsələn, vətəndaşa 1500 manat kompensasiya hesablanıb, amma onun hələ də almayıb və kompensasiyaların verilməsi müddəti də 2 gündən sonra başa çatır. Bu halda vətəndaş may ayında kompensasiya ala bilməsə də, vəsait hesablandığı üçün növbəti aylarda bu imkandan yararlana biləcək».
Problemli kreditlərin restrukturizasiyasının (kredit şərtlərinin dəyişdirilməsi-A.R) yubanmasına gəlincə, ekspert deyib ki, kompensasiyalar sürətlə verilsə də, restrukturizasiya prosesi nisbətən gec başlayıb. Onun sözlərin görə, 600 mindən artıq vətəndaşın kompensasiya hüququ yaranıb və 300 minədək vətəndaşın problemli kreditləri restrukturizasiya olunacaq.
Daha sonra ekspert problemli kreditlərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının yanında yaranan Apellyasiya Komissiyasının fəaliyyətinə toxunaraq deyib ki, apellyasiya müraciətlərinə 30 iş günü ərzində cavab verilməlidir. V.Bayramov əlavə edib ki, Komissiyalardan mənfi cavab alan vətəndaşlar artıq məhkəməyə üz tutacaqlar.
Prezident bu il fevralın 28-də fiziki şəxslərin problemli kreditləri ilə bağlı fərman verib. Həmin fərmana görə, banklara 10 min dollara qədər borcu olan şəxslərə devalvasiyalarla dəyən ziyana görə kompensasiya ödənilir. 2015-ci ildə baş verən devalvasiyalar nəticəsində manat iki dəfə dəyər itirib.
«Gələcəyə aparan yol»
«Azərbaycan» qəzetində «Elm və təhsil: gələcəyə aparan yol» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, müasir dövrdə müstəqil Azərbaycan dövləti enerji sahəsində böyük layihələri həyata keçirərək dünya xəritəsində özünə layiq yer tutub. Yazıda vurğulandığına görə, enerji sektoru ilə bərabər Azərbaycanda digər istiqamətlərin inkişafına da xüsusi diqqət verilir: «Bu gün ölkəmizin qarşısında daha yüksək inkişaf səviyyəsinə nail olmaq vəzifəsi durur. Bunun üçün mühüm məsələlərdən biri digər sahələrlə bərabər elm və təhsilin inkişafıdır».
Yazıda bildirilir ki, indi informasiya-kommunikasiya texnologiyaları (İKT) sektoru dünyanın ən çox gəlir gətirən sahəsidir və onun həcmi 5.5 trln. ABŞ dolları miqyasında qiymətləndirilir. «Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycanda 2013-cü ili «İnformasiya-kommunikasiya texnologiyaları ili» elan etmişdi», - deyə müəllif qeyd edib.
Müəllifin fikrincə, indi Azərbaycanda Elmi Doktrinanın yaradılmasına ehtiyac var. Yazıda vurğulanır ki, bu Doktrina dövlət əhəmiyyətli proqramların həyata keçirilməsinə və yeni sahələrin inkişafına yönəldilməlidir: «Dövlət elmin hər bir sahəsinə deyil, onun inkişafına yönəldilən yeni perspektiv sahələrə vəsait ayırmalıdır. Belə siyasət dünyanın inkişaf etmiş ölkələrində müşahidə olunur. Məsələn, riyazi iqtisadiyyat, maliyyə riyaziyyatı, İKT-nin ölkəmiz üçün vacib olan və digər istiqamətlərə xüsusi diqqət ayrılmalıdır. Müasir zamanda ölkəmiz üçün əhəmiyyətli olan sahələr - hərbi məsələlər, enerji sahəsi, kənd təsərrüfatı və turizmdir...».