Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 21:46

Rusiya Ukrayna məsələsinə dair Beynəlxalq Məhkəmənin səlahiyyətini tanımır


Beynəlxalq Məhkəmədə 3 iyun dinləməsi
Beynəlxalq Məhkəmədə 3 iyun dinləməsi

Rusiya bildirib ki, Beynəlxalq Cinayətlər Məhkəməsinin Moskvanın Ukraynanın Krım yarımadasını ilhaq etməsi və bu ölkənin şərqində separatçılara dəstək verməsi ilə bağlı Kiyevin şikayətinə baxmaq səlahiyyəti yoxdur.

Hollandiyanın Haaqa şəhərində yerləşən məhkəmə Ukraynanın iddiaları üzrə dinləməyə iyunun 3-də başlayıb. Bu dinləmədə iştirak edən Rusiya nümayəndələri Kiyevin iddialarını qətiyyətlə rədd edirlər.

Ukrayna nümayəndələri iş üzrə rəsmi iddialarını iyunun 4-də təqdim etməlidirlər. İddialar üzrə ikinci dinləmə iyunun 6-7-də keçirilməlidir.

Moskva Krım yarımadasını 2014-cü ilin martında ilhaq edib və o vaxtdan Ukraynanın şərqindəki separatçılara dəstək verməyə başlayıb.

Ukrayna buna görə Beynəlxalq Məhkəməyə 2017-ci ilin yanvarında müraciət edib. Ukrayna Rusiyanı Terrorizmin Maliyyələşdirilməsinin Qarşısının Alınmasına və İrqi Diskrimanisiyanın Bütün Formalarının Ləğvinə dair beynəlxalq konvensiyaları pozmaqda ittiham edir.

Kiyev bildirir ki, Moskva Ukraynanın daxili işlərinə 2014-cü ildən qarışmağa başlayıb. Bu iddiaya görə Rusiya Ukraynaya hərbi müdaxilə edib, terroru maliyyələşdirib və milyonlarla Ulkrayna vətəndaşının insan hüquqlarını, ən ümdəsi yaşamaq hüququnu pozub”.

Ukraynanın iddiasında habelə 2014-ci ilin iyul ayında Malayziya Hava Yolları şirkətinin MH17 reysinin vurulmasında Rusiyanın rolu məsələsi də var.

Rusiya 298 nəfərin ölümü ilə nəticələnmiş bu hadisə ilə hər hansı əlaqəsi barədə iddiaları rədd edir.

Beynəlxalq təhqiqat qrupu sözü gedən təyyarənin Rusiya ərazisindəki 53-cü Raketdən Müdafiə briqadasına aid Buk raketi ilə Ukraynada separatçıların nəzarətində olan ərazidən vurulduğunu müəyyən edib.

Rusiya nümayəndələri bildiriblər ki, Ukrayna MH17 təyyarəsinin vurulması, habelə separatçılara pul və silah verilməsinə dair yeni sübutlar təqdim etməyib.

Rusiya nümayəndəsi Dmitry Lobach deyib ki, Ukraynanın iddiası yurisdiksiyanın olmaması səbəbilə rədd edilməlidir.

Beynəlxalq Məhkəmə 2017-ci ilin aprelində Rusiya tərəfindən ilhaq edilmiş Krımda etnik Krım tatarlarına və Rusiyadakı ukraynalılara qarşı “irqi diskriminasiya” törədilməsinə dair ilkin qərar qəbul edib.

Lakin məhkəmə Moskvaya Ukraynanın şərqində separatçılara dəstək verilməsinin qadağan olunmasına dair Ukraynanın iddiasını rədd edib.

XS
SM
MD
LG