Rusiya Avrasiya İqtisadi Birliyindən (AİB) olan işçi miqrantlara, hətta onlar vətənlərinə qayıtsalar belə, təqaüd verəcək. Bu birliyə Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir. Bu haqda RBK portalı AİB-in hazırlanan layihə haqda sənədlərinə və Rusiya Əmək Nazirliyini rəsmi məktubuna istinadla yazır.
Birlik üzvləri gərəkən daxili restrukturizasiyanı aparandan, qalan üzvləri bundan xəbərdar edəndən sonra razılaşma qüvvəyə minəcək.
Sənədlərə görə, razılaşma bu ilin sentyabrında imzalanacaq, ödənişlər isə artıq 2020-ci ildən başlanacaq.
İş stajı toplanacaq
Mövcud pensiya qanunvericiliyində deyilir ki, təqaüd, vətəndaşlıqdan asılı olmayaraq daimi yaşayış ölkəsində verilir. Bu səbəbdən Rusiyadan gedən miqrantlara iş stajı yazılmır, Rusiyanın pensiya fondundan ödəniş ala bilmirlər. Yeni razılaşma isə ödəniş sxemini dəyişir.
Bundan sonra Rusiyada qazanılan pensiyanın bir hissəsi, hətta ölkədən gedəndə belə veriləcək. AİB ölkələrində qazanılan iş stajı isə üst-üstə toplanacaq. Rusiya vətəndaşı yaşa görə pensiya hüququ əldə edirsə, sonra AİB-in başqa bir ölkəsinə köçürsə, bu halda da təqaüdü Rusiyadan alacaq.
Razılaşma geri tarixə aid edilmədiyindən pensiya fondunun ilkin dövrdə xərcləri böyük olmayacaq. Əmək Nazirliyinin məktubunda yazılıb ki, 2020-2021-ci illərdə pensiya fondu yeni razılaşma üzrə əlavə olaraq 166 milyon rubl ödəniş edəcək. Onun 91 milyonu AİB-in digər ölkələrinə köçmüş Rusiya vətəndaşlarına veriləcək. Ancaq ildən ilə və miqrantların pensiya stajı artdıqca ödənişlərin həcmi də böyüyəcək.
Mövcud qanunvericiliyə görə, işəgötürən xarici işçilərə görə Rusiyanın pensiya fonduna ödənişlər edir, ancaq işçilər pensiya ödənişlərinə iddia edə bilməzlər. Pensiya fondu RBK-yə bu pulların haraya getdiyini açıqlamaqdan imtina edib.