Keçid linkləri

2024, 18 Oktyabr, Cümə, Bakı vaxtı 07:48

Trump yenə də Putinlə görüşəcəyini deyir


Vladimir Putin (sağda) və Donald Trump (ortada) Helsinkidə, 16 iyul, 2019-cu il
Vladimir Putin (sağda) və Donald Trump (ortada) Helsinkidə, 16 iyul, 2019-cu il

ABŞ Prezidenti Donald Trump deyir ki, bu ayın sonunda Yaponiyada keçiriləcək Böyük 20-liyin sammitində rusiyalı həmkarı Vladimir Putin-lə görüşəcək. Ancaq Kreml potensial görüşü Vaşinqtonun təsdiqləmədiyini bildirir.

“G-20 sammitində Putin-lə görüşəcəyəm”, – Trump iyunun 12-də Ağ evdə jurnalistlərə deyib.

Trump ötən ay da belə bir görüşün olacağını deyirdi, amma Kreml üzbəüz görüş barədə razılaşma əldə olunmadığını bildirirdi.

Trump Putin-lə 2018-ci ilin iyulunda Helsinkidə görüşüb. Onlar aparıcı köməkçilərinin iştirakı olmadan iki saatlıq görüş keçirmişdilər. Belə bir formatda görüş ənənəvi siyasətin pozulması deməkdi və Trump-ın opponentləri tərəfindən sərt tənqid olunmuşdu.

Helsinkidə Putinə etiraz aksiyası
Helsinkidə Putinə etiraz aksiyası

“Razılaşma əldə olunmayıb”

Putin-in sözçüsü Dmitry Peskov TASS dövlət xəbər agentliyinə deyib ki, sammitdə üzbəüz görüşün olacağı haqda “Kreml təsdiq almayıb”.

Sammit iyunun 27-28-də Osakada olacaq.

“Bu istiqamətdə heç nə dəyişməyib. Amerika tərəfi ayrıca görüşün keçirilməsi təşəbbüsünü irəli sürməyib”, – o deyib.

Xarici işlər nazirinin müavini Sergei Ryabkov Interfax xəbər agentliyinə deyib ki, iki liderin Yaponiyada görüşəcəyinə inanır, ancaq razılaşma əldə olunmayıb.

Trump dəfələrlə deyib ki, Rusiya və özəlliklə də Putin-lə münasibətlərin yaxşılaşdırılmasını istəyir.

Helsinki sammitindən sonra ABŞ konqresmenləri, hətta bəzi respublikaçılar da deyirdilər ki, Trump Putin-dən Rusiyanın hərəkətlərinə görə haqq-hesab istəyə bilməyib. Belə ki, ABŞ-ın kəşfiyyat agentlikləri Moskvanın 2016-cı ildə ABŞ-da seçkiyə müdaxilə etdiyini bildirirlər.

XS
SM
MD
LG