Birləşmiş Ştatların bir qrup respublikaçı senatoru Kremlin qaz kəməri layihəsinə sanksiyalar nəzərdə tutan qanun layihəsi hazırlayıblar. Vaşinqton bununla avropalı müttəfiqlərini Rusiyadan enerji təchizatından asılılığını azaltmağa sövq etməyə çalışır.
“ESCAPE” adlı layihə qəbul olunarsa Şimal axını-2 layihəsinin tamamlanmasını yubada bilər. Kreml bu layihə ilə Almaniyaya dənizin dibiylə qaz göndərməyi, Şərqi Avropadan tranzitdən yan keçməyi hədəfləyir.
Layihədə enerji ixracı layihələrini asanlaşdırmaqdan ötrü Rusiyaya investisiya, məhsul, xidmət təklif edən fərdlərə sanksiyalar nəzərdə tutulur. Layihəni iyunun 13-də senator John Barrasso təqdim edib.
İlə 55 milyard kubmetr qaz
Rusiyanın Gazprom qaz nəhənginin tikdiyi 11 milyard dollarlıq kəmər Almaniyaya ilə 55 milyard kubmetr qaz daşıyacaq. Rusiya ötən həftə bildirib ki, ilin sonunadək layihənin tamamlanacağını gözləyir.
Tənqidçilər bu kəmərin Avropanı Rusiya enerjisindən daha asılı edəcəyini deyirlər. Gazprom ötən il Avropaya 200 milyard kubmetrədək qaz göndərib və bu, regionun qaz istehlakının üçdə birindən azacıq çoxdur.
Bu kəmər həm də Rusiyaya Ukrayna ərazisindən qaz göndərişlərini azaltmaq imkanı verəcək. ABŞ-ın müttəfiqi olan Ukrayna şərq vilayətlərində rusiyapərəst separatçılarla mübarizə aparır. Rusiyadan gələn qaz tranzit haqları Ukrayna hökumətinin gəlir mənbələrindən biridir.
Barrasso-nun qanun layihəsindən bir gün öncə Prezident Donald Trump Almaniyanı bir daha Şimal axını-2 kəmərini dəstəklədiyinə görə tənqid edib. Trump deyib ki, Birləşmiş Ştatlar Almaniyanı müdafiə etməkdən ötrü milyardlar xərcləyir, “Rusiya isə Almaniyadan milyardlarla dollar alır”.
“Pis şeylər baş verərsə, Almaniya həqiqətən də Rusiyanın girovuna çevrilər”, – Trump iyunun 12-də deyib. O həmin gün onu da açıqlayıb ki, Polşa özünü Rusiyadan gələn enerji təchizatından uzaqlaşdırmaq məqsədilə Birləşmiş Ştatlardan daha 8 milyard dollarlıq mayeləşdirilmiş təbii qaz alacaq.
Rusiyanın ən böyük neft şirkəti olan Rosneft-in rəhbəri Igor Sechin ötən həftə Birləşmiş Ştatları nəhəng enerji rezervlərindən siyasi alət kimi istifadə etməkdə suçlayıb.