Birləşmiş Ştatlar 2014-cü ildə Ukrayna üzərində Malayziya təyyarəsinin vurulması ilə əlaqədar dörd şübhəliyə ittiham verilməsini alqışlayıb, bunu “həqiqət axtarışında vacib addım” adlandırıb.
İyunun 19-da axşam verdiyi bəyanatda Dövlət katibi Mike Pompeo Rusiyanı BMT-nin tələblərinə “sayqı göstərərək əməl etməyə”, “hazırda Rusiyada olan hər bir şübhəlinin mühakiməsini təmin etməyə” çağırıb.
“İttiham olunanlar Ukraynanın şərqində Rusiyanın rəhbərlik etdiyi qüvvələrin üzvləri olub”, – deyən Pompeo BMT-nin qətnaməsinə istinad edib. Həmin sənəddə faciəyə görə məsuliyyət daşıyanların hamısının “məsuliyyətə cəlb olunmasına, bütün ölkələrin məsuliyyətin müəyyənləşdirilməsi cəhdlərində hərtərəfli əməkdaşlıq etməsinə” çağırılırdı.
Ukrayna da BTK-nın açıqlamasnı alqışlayıb, Moskvanı faciə üzərindəki məsuliyyətini “etiraf etməyə” çağırıb.
Niderlandın Ədliyyə naziri Ferdinand Grapperhaus parlamentdə deyib ki, Moskva hüquqi sorğulara cavab vermədiyi, qeyri-dəqiq informasiya verdiyinə görə ona qarşı “diplomatik addımlar” atılıb.
Rusiyanın Xarici İşlər Nazirliyi isə istintaqla əməkdaşlıq etməməsinə dair ittihamları rədd edib. Ancaq eyni zamanda istintaqın məqsədinin Moskvanın imicinə zərbə vurmaq olduğunu deyib
“Bir daha Rusiyaya qarşı tamamilə əsassız ittihamlar irəli sürülür və məqsəd Rusiya Federasiyasını beynəlxalq ictimaiyyətin gözündən salmaqdır”, – Xarici İşlər Nazirliyi bildirib.
***
Boeing-in vurulmasında şübhəlilərin adları açıqlanıb
2014-cü ildə Ukraynanın şərqində Malayziya təyyarəsinin vurulmasındakı roluna görə dörd nəfər mühakimə olunacaq. Niderland prokurorları 298 nəfərin həlak olduğu həmin faciəylə əlaqədar üç rusiyalı və bir ukraynalıya qətl ittihamlarının irəli sürüləcəyini bildirib.
Birgə Təhqiqat Komandası (BTK) bu gün – iyunun 19-da keçidiyi mətbuat konfransında ilk ittihamları səsləndirib, Ukraynadakı separatçılarla Rusiya arasında hərbi komandanlıq sahəsində birbaşa əlaqəyə dəlil olduğunu deyiblər.
Bu iddianı əsaslandırmaqdan ötrü onlar telefon danışıqları səsləndiriblər, şübhəlilər telefonla, sosial media vasitəsilə insidenti müzakirə edirlər.
“Bu gün mühakimə olunacaq dörd şübhəli barədə beynəlxalq həbs orderi göndərəcəyik”, – Niderlandın Baş prokuroru Fred Westerbeke deyib.
Şübhəlilər rusiyalılar Sergei Dubinsky, Igor Girkin, Oleh Pulatov və ukraynalı Leonid Kharchenko-dur.
Amsterdamdan Kuala Lumpura uçan Boeing iyulun 17-də Ukraynanın şərqində, rusiyapərəst separatçıların nəzarətində olan ərazi üzərində partladılıb.
BTK 2016-cı ildə elan elədi ki, hücumun törədilməsində istifadə olunmuş Buk raket sistemi Rusiyadan gətirilib.
Moskva 2014-cü ildə Ukraynanın Krım yarımadasını ilhaq edib, Donetsk və Luqansk regionlarındakı separatçıları dəstəkləməyə başlayıb. O vaxtdan buradakı münaqişədə 13 minədək adam həlak olub.
Rusiya faciə ilə əlaqəsi olmadığını deyir, buna görə Ukraynanı, Birləşmiş Ştatların Mərkəzi Kəşfiyyat İdarəsini ittiham edir.
***Buna da bax: ‘Boeing’i vuran BUK Rusiya zenit-raket kompleksinə ‘aiddir’
BTK bildirib ki, iyunun 19-da Rusiyadan hazırda Rusiya torpağında olan şübhəlilərin ekstradisiyasını istəyəcək.
“Hətta şübhəlilər məhkəməyə gəlməsələr belə məhkəmə keçiriləcək”, – Westerbeke deyib.
Ukraynanın şərqindəki separatçıları keçmiş liderlərindən olan Girkin iddiaları rədd edib.
“Hər hansı şərh vermirəm. Bircə onu deyə bilərəm ki, Boeing-i üsyançılar vurmayıb”, – o, Interfax xəbər agentliyinə deyib.
Hücumu araşdıran komandaya Avstraliya, Belçika, Malayziya, Niderland və Ukraynadan müstəntiqlər daxildir.
***
Bu açıqlamadan öncə qurbanların ailə üzvləri jurnalistlərə deyiblər ki, müstəntiqlər onları məlumatlandırıb. “2020-ci il martın 9-da dörd nəfərə qarşı məhkəmə başlanacaq”, – faciədə oğlunu və gəlinini itirmiş Silene Fredriksz deyib.
Bellingcat müstəqil araşdırma təşkilatı isə iyunun 19-da yaydığı hesabatda şübhəlilərin adlarını açıqlayıb. Hesabatda Ukraynanın Donetsk regionunda rusiyapərəst separatçıların qurduğu “Müdafiə Nazirliyi”nə tabe üç qrupun üzvlərinin adları açıqlanır.
BTK 2016-cı ildə müəyyənləşdirdi ki, təyyarə Donetsk regionu üzərində Rusiya ordusundan alınmış BUK zenit-raket kompleksi ilə vurulub. Qrupun hesabatında deyilir ki, BUK Ukraynaya Krasnodon yaxınlığında daxil olub və təyyarə vurulandan dərhal sonra geriyə – Rusiyaya aparılıb.