Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:32

ABŞ-ın bu ölkələrlə münasibətlərində yumşalma görünmür


Donald Trump (sağda) və Rusiya Prezidenti Vladimir Putin, arxiv fotosu
Donald Trump (sağda) və Rusiya Prezidenti Vladimir Putin, arxiv fotosu

Donald Trump 2017-ci ilin yanvarından ABŞ Prezidenti postuna keçəndən bu ölkənin Rusiya, Türkiyə və İranla münasibətləri pisləşib. Bu üç ölkə Birləşmiş Ştatların əsas strateji rəqibləridir və onların regional geosiyasətə təsiri dərinləşib.

“The Economist Intelligence Unit” (EIU) 200-dən artıq ölkə üçün iqtisadi və siyasi proqnozlar hazırlayır. Bu dəfə isə Rusiya, Türkiyə və İranın ABŞ-la münasibətləri təhlil olunur.

Hazırda Rusiyayla ABŞ geosiyasi nüfuz mübarizəsi aparırlar. Rusiya ABŞ-a bərabər qüvvə kimi tanınmaq, ABŞ isə Rusiyanın dirçəlişini önləməyə çalışır.

Üç məsələ

ABŞ ilə Türkiyə arasında gərginlik də yüksəlir, Türkiyə ənənəvi NATO müttəfiqlərindən kənara çıxmağa, diplomatik əlaqələrini şaxələndirməyə çalışır, ABŞ buna qarşıdır.

Vaşinqtonun Tehranla münasibətləri 1979-cu ilin girov böhranından bəri ən aşağı səviyyəyə enib. Səbəb ABŞ-ın ötən il İranla 2015-ci il nüvə sazişindən çıxmasıdır. ABŞ İranın Yaxın Şərqdə sabitsizlik yaratdığını deyir, İran isə iddia edir ki, yalnız onun maraqlarına müdaxilə edən aqressiv Birləşmiş Ştatlara reaksiya verir.

Vladimir Putin (ortada), İran Prezidenti Hassan Rohani (solda) və Türkiyə Prezidenti Recep Tayyip Erdogan
Vladimir Putin (ortada), İran Prezidenti Hassan Rohani (solda) və Türkiyə Prezidenti Recep Tayyip Erdogan

EIU yazır ki, bu ölkələrlə Birləşmiş Ştatların əlaqələrinin gələcək inkişafı üç məsələdən ibarətdir: Onlar daxili maraqlar saydıqları, adətən ABŞ-ın xarici siyasətilə düz gəlməyən məsələlər uğrunda nə dərəcədə savaşacaqlar;

Birləşmiş Ştatlar bu ölkələrə (əlavə) sanksiyalar tətbiq edəcəkmi;

Bu üç ölkə beynəlxalq arenada özünü necə aparacaq.

Həmin üç ölkədən ötrü ABŞ-ın təzyiqinə boyun əyməmək daxili siyasətdə çox önəmlidir. Sonucda Rusiya, Türkiyə və İran hökumətləri Birləşmiş Ştatlara, məsələn, onun sanksiyalarına meydan oxuduqlarını göstərəcəklər.

Sanksiyalar olacaqmı

Bu il ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq edə bilər, ancaq bu sanksiyaların miqyası məhdud olacaq, Rusiyanın dövlət borcunu hədəfləməyəcək.

ABŞ-Türkiyə münasibətlərində gərginlik qalacaq, bu, özəlliklə Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasıyla əlaqədardır. ABŞ bu il Türkiyədən bəzi fərdlərə məhdud, simvolik sanksiyalar elan edə bilər.

Və ən nəhayət, Birləşmiş Ştatlar İran rejiminə təzyiqi saxlayacaq, indiyədək qoyduğu ən sərt sanksiyaları davam etdirəcək.

EIU qeyd edir ki, bütün bunların fonunda Rusiya, Türkiyə və İran hələ bir neçə il ərzində ikitərəfli münasibətləri inkişaf etdirəcək, ABŞ sanksiyalarından yayınmağı hədəfləyən mexanizmlər hazırlayacaq, məsələn, valyuta mübadiləsi razılaşmaları kimi. Bu da o deməkdir ki, Birləşmiş Ştatlarla bu üç ölkə arasındakı gərginlik hələ bir müddət yüksək həddə qalacaq, təhlil müddətində daha da qızışa bilər.

XS
SM
MD
LG