Keçid linkləri

2024, 16 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 23:21

İranda taksi şirkəti ətrafında hicab qalmaqalı yaranıb


İllüstrasiya
İllüstrasiya

İranlılar cəmiyyətin ən həssas mövzularından biri olan hicab qanununu müzakirə etməyə daha bir yeni platforma tapıblar.

Hər şey Tehranda bir taksi sürücüsünün bir qadının geyim qaydalarını pozduğunu deyərək onu öz maşınında mənzil başına çatdırmaq istəməməsindən başlayıb. Sürücü ölkənin Uber tipdə ən böyük şirkəti olan Snapp üçün çalışırmış.

Mübahisə boykot çağırışlarına yol açıb.

Qadın üzr istəyib

İnsident əvvəlcə Twitter-də görünməyə başlayıb. Müştəri Snapp sürücüsünün onu “başını yaxşı bağlamadığına görə” tufan zamanı magistral yolun ortasında düşürməsindən gileylənib.

Müştərinin sürücünün məlumatlarını internetdə paylaşdığı da deyilir. O daha sonra Snapp-in ondan üzr istədiyini və tədbir görməyə söz verdiyini bildirib.

Ancaq mühafizəkarların tənqidinə tuş gələn Snapp açıq şəkildə sürücünün tərəfini tutub.

@poouyeh adı ilə paylaşım edən qadın sözügedən tvitlərini pozaraq sürücüdən, Snapp-dən və “xətrinə dəyilmiş hər kəsdən” üzr istəyib. Nəticədə onun hansısa formada təzyiqə məruz qalaraq bu addıma vadar edilməsi ilə bağlı şübhələr yaranıb.

Snapp iyunun 9-da verdiyi bəyanatda sürücünün şirkətin qaydalarına əməl etdiyini, qaydalarda isə “hicab məcburiyyəti” haqda yazıldığını bildirib.

İranda 1979-cu il islam inqilabından sonra qoyulmuş sərt qaydalara görə, qadınların ictimai yerlərdə saçlarını və bədənlərini örtmələri mütləqdir. Bu qadağalar qırx il öncə qəzəb və etiraza yol açsa da, qüvvədə qalmışdı.

Ancaq sonralar qadınlar baş örtüklərini kiçildərək və daha dar üst geyimlərinə üstünlük verərək onlara qoyulmuş sərhədləri aşmağa başladılar. Onlar artıq saçlarının bir hissəsini açıq saxlayırlar. Bəziləri hətta maşın sürərkən və ya hər hansı ictimai etirazlar zamanı başlarını tam açırlar.

Boykot aksiyası

Bəzi müştərilər Snapp-in xidmətlərindən istifadə etməyəcəklərini deyiblər. Onlar şirkəti müştəri hüquqlarına sayğısızlıqda və qadınları təhlükəyə atmaqda ittiham ediblər. Digərləri Snapp-i “harınlıqda” və hökumətə yarınmaqda suçlayıblar.

“Bu qanunsuzluğa etiraz etmək üçün Snapp-i öz telefonumdan pozdum... Bilməlisiniz ki, sizin maşınlarınız əxlaq polisi deyil”, – jurnalist Fatemeh Jamalpour yazıb. O öz tvitinə #Boycott_Snapp heşteqini əlavə edib.

Snapp sürücüsü Saeed Abed isə dövlətin nəzarətində olan telekanala çıxaraq öz versiyasını danışıb. O deyib ki, dini borcunu yerinə yetirərək müştəridən başını örtməsini tələb edib.

İranda Snapp aplikasiyası ilə çağırılan taksi xidməti populyardır
İranda Snapp aplikasiyası ilə çağırılan taksi xidməti populyardır

O həmçinin müştəriyə hicabsız qadını maşınına buraxdığı üçün polisin təzyiqinə məruz qala biləcəyi haqda xəbərdarlıq etdiyini də deyib. Əlavə edib ki, birtəhər dolanmaq üçün taksi sürən təqaüdçüdür.

"Mən ona baş örtüyünü düzəltməli olduğunu dedim və əxlaqdan danışmaqdan başqa, səbəb kimi polisi göstərdim. Ancaq o mənə çox nəzakətsiz şəkildə dedi ki, öz işimlə məşğul olum və maşınımı sürüm”, – Abed deyib.

Onun sözlərinə görə, aralarında baş verən mübahisədən sonra qadın onun maşınından düşüb.

Qadının hökumətin sorğu-sualına məruz qalması haqda xəbər təsdiqini tapmayıb. Qadının özü televiziyaya çıxmayıb.

Sənədli film çəkilir

Ancaq eyni xəbərdə qadının sürücünün məlumatlarını paylaşmaqla İran qanunlarını pozduğunu iddia edən “ekspertə” istinad olunub. Həmin ekspert sürücünün İran qanunları çərçivəsində və İslam qaydalarına uyğun hərəkət etdiyini deyib.

Mühafizəkarlar, o cümlədən İslam inqilab keşikçiləri korpusunun hava qüvvələrinin komandanı sürücünü alqışlayıblar.

İyunun 10-u jurnalistlərə müsahibə verən məhkəmə sözçüsü Gholamhossein Esmaili Abedi “bizim əziz sürücü qardaşımız” adlandırıb və onun hərəkətini İslam əxlaq qaydalarının tətbiqi və günahın önlənməsində “dəyərli nailiyyət” adlandırıb.

Ultramühafizəkar gündəlik “Keyhan” qəzeti Abedin hərəkəti haqda sənədli film çəkilişlərinə başlandığını yazıb.

Polis rəisinin müavini Ayoub Soleimani isə bu tip şirkətlərin öz müştərilərini hicab taxmalı olduqları haqda xəbərdar etməli olduqlarını deyib.

"Maşın sahibləri hüquqi məsuliyyət daşıyırlar… Ona görə də sürücülər sərnişinlərin qanunu pozmasına, o cümlədən hicabı çıxarmasına imkan verməməlidirlər”, – o deyib.

XS
SM
MD
LG