Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:20

Suriyaya gedən daha iki azərbaycanlı məhkəmə önündə


arxiv foto
arxiv foto

Suriyada Bashar al-Assad hökumətinə qarşı vuruşmaq üçün bu ölkəyə gedib, orada təlimlər keçməkdə suçlanan daha iki azərbaycanlı məhkəmə qarşısına çıxarılıb. Bunlar Sumqayıt sakini Mehman Qarayev və Bakının Xətai rayonu, Zığ yolunda yaşamış Rövşən Rəhimovdur. Onların 2013-cü ildə Suriyaya gedib, orada vuruşduğu, bir müddət sonra geri qayıtdığı iddia olunur.

Həm M.Qarayev, həm də R.Rəhimov cinayətkar birlikdə iştirak etməkdə, həmçinin Azərbaycan qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmələr yaratmaqda, onların tərkibində iştirakda ittiham olunurlar. Ancaq onlar özlərini təqsirli bilmirlər.

M.Qarayev deyir ki, internetdə Suriyada müsəlmanlara qarşı zülmlərin göstərildiyi videogörüntüləri görəndən sonra zülmə qarşı çıxmaq qərarına gəlib. O, öncə Türkiyəyə getdiyini, Qaziantep şəhərində Sumqayıtdan tanıdığı bir nəfəri təsadüfən gördüyünü, sonra da onunla birlikdə sərhədi keçib Suriyaya getdiyini bildirir.

"DOĞRU YOLU AXTARIRDIM"

M.Qarayev orada xüsusi təlimlərdə iştirak etmədiyini, kimisə öldürmədiyini söyləyir. O, "peşmansanmı?" sualına da belə cavab verib:

"İnsan nəsə günah işlədəndə peşman olar. Mən heç bir günah işlətməmişəm axı..."

R.Rəhimov dəmirçi işləyib. Bu, onun 5-ci məhkumluğudur. Əvvəllər xuliqanlıq, xəsarət yetirmə kimi ittihamlarla cəzalandırılıb. Deyir ki, 2013-cü ildə Türkiyəyə qazanc dalınca gedib, orada paltar tikişi və satışıyla məşğul olan kiçik sexlərdən birində təxminən üç ay işləyib. Ondan sonra Suriyaya gedib. Bildirir ki, oradakı vəziyyəti görüb, hansısa formada insanlara kömək etmək istəyib, getməkdə məqsədi də bu olub:

"Fikirləşdim ki, maşın sürüb-eləyərəm, necəsə köməyim dəyər. Bu, mənim beşinci məhkumluğumdur. Doğru yolu axtarırdım. Dinə gəldim..."

R.Rəhimov həbs olunarkən evində axtarış aparılıb, tüfəng, binokl, ratsiya, oxatan və s. tapılıb. Gileylənir ki, maskalılar evə hücum ediblər, həmin vaxt mənzildə olan azyaşlı uşaqları qorxub. Evdən götürülən əşyalara gəlincə, R.Rəhimov belə deyir:

"Mən ov həvəskarıyam. Evdən tapılan da ov tüfəngi olub. Adi binokl idi. Ratsiyaların da başı sınmışdı. Bu şeyləri ovçular mağazasından almışdım. Bircə tir tüfəngini qaytardılar. Qalanlarıyla bağlı mənə yazdırdılar ki, guya özüm məhv edilməsini istəyirəm".

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

Suriyada artıq səkkiz ildir gedən vətəndaş müharibəsində Rusiya və İran Assad hökumətini, Birləşmiş Ştatlar və Türkiyə isə ayrı-ayrı üsyançı qrupları dəstəkləyir.

XS
SM
MD
LG