İyulun 3-də Minskdə müstəqillik günü münasibətilə keçirilən atəşfəşanlıqda bir yaşlı qadın ölüb, səkkiz nəfər xəsarət alıb. İnsidenti İstintaq Komitəsi və Müdafiə Nazirliyi də təsdiqləyib.
Dünən axşam saat 10-da Minskin 22 rayonunda salyut başlanıb. Artıq yarım saat sonra sosial mediada fişənglərin aşağıdan atılması barədə informasiya peyda olub. Bundan sonra şahidlər şəhər mərkəzində atəşfəşanlıq zamanı azı iki çox güclü partlayış eşitdiklərini, tüstü gördüklərini xəbərləyiblər. Partlayışlardan şəhərin müxtəlif yerlərində binaların şüşələri sınıb.
Fotoqraf Dmitriy Malakovych fişəngin atılma anının fotosunu paylaşıb, “nəyinsə düz getmədiyini” vurğulayıb.
Metal qırıntıları qadının boğazını kəsib
Şahidlər AzadlıqRadiosu-nun Belarus xidmətinə partlayış eşitdiklərini deyiblər.
“Salyut atılanda qırıntılar ətrafa səpələndi. Qadının boğazı kəsilmişdi, qanı axırdı, dəhşət... Onu təcili yardımın necə apardığını gördüm. Yaşlı qadın idi...” – bir şahid danışıb.
Bir neçə nəfər yerdə 3-4 partlayış gördüyünü, ətrafa qəlpələr sıçradığını deyib.
İstintaq Komitəsi 1955-ci ildə anadan olmuş bir qadının dünyasını dəyişdiyini bildirib. O, Svisloç çayı kənarında salyuta baxırmış, xəsarət alıb və həyatını xilas etmək mümkün olmayıb. Şahidlər onun boynunu metal qırığının kəsdiyini deyiblər.
Xəsarət alanlardan başqa bir neçə nəfər də tibbi xidmət üçün müraciət edib, ancaq xəstəxanaya yerləşdirməyə ehtiyac olmayıb.
Müdafiə Nazirliyinin komissiyası İstintaq Komitəsi ilə birlikdə bildirir ki, adamların salyut vaxtı travma almasının səbəbləri müəyyənləşdirilir, cinayət işi açılması məsələsi üzrə də qərar veriləcək.
Nazirlik həmin partlayıcı maddələrdən indiyədək salyutlarda istifadə olunduğunu açıqlayıb. Təsdiqlənməmiş rəsmi məlumata görə, Belarus hərbçiləri partlayıcıları Rusiyanın “Piro-Ross” şirkətindən alıb və həmin maddələr Çin istehsalı olub.
2008-ci ildə də iyulun 3-dən 4-nə keçən gecə Minskdə əldəqayırma partlayıcı qurğudan partlayış törənmişdi, 50-dən çox adam xəsarət almışdı. Ovaxtkı partlayış “xuliqan” hərəkəti hesab edilmişdi.