Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:35

10 ildən bir dönüş nöqtəsi yaşayan Murakami


Haruki Murakami
Haruki Murakami

Dünyada ən çox tanınan yapon yazıçısı Haruki Murakami 40 il öncə Tokioda Gənc Yazıçılar üçün Gunzo mükafatına layiq görülüb. Yazıçı Yaponiyanın «Kyodo News» xəbər agentliyinə geniş müsahibə verib. AzadlıqRadiosu müsahibədən bəzi hissələri təqdim edir.

40 illik yazıçılıq karyerası olan Murakami hər 10 ildən bir dönüş nöqtəsi yaşadığını deyir: «Mən heç vaxt yazmaqdan bezməmişəm. Həmişə yeni bir məqsəd olub. Məncə bu, yaxşı şeydir».

Keçmişdən gələn elçi?

Murakaminin «Komandoru öldürmək» adlı son kitabının adı Motsartın «Don Covanni» operasından götürülüb. Yazıçı oxşar başlıqlı, ancaq Yaponiyada cərəyan edən hekayə yazmaq qərarına gəlib. Bu mənada bu əsər onun «Sahildəki Kafka» kitabı ilə oxşardır: «Öncə başlığı düşünüb tapdım, sonra necə bir hekayə yarada biləcəyimi düşündüm, daha sonra yazmağa başladım. Buna görə də çox vaxt gedir. Məncə «Norveç meşəsi» yeganə kitabdır ki, bitənə qədər başlığı olmayıb».

Murakami deyir ki, onun hekayələri təbii olaraq şüurdan kənar, yaxud təhtəlşüur məcrasına, şüurun dərin qatlarına keçir: «Biz şüurun dərin qatlarına daldıqca orada, lap dibdə qara varlıqların qrotesk dünyasını kəşf edirik. Son nəticədə biz o qaranlıqdan nəyi çıxaracağımıza qərar vermək üçün yalnız öz instinktlərimizə güvənə bilərik, elə deyilmi? Bizim öz idrakımızın bütün tərəflərini itiləmək və özümüzü instinktlərimizlə əhatələməkdən başqa seçimimiz yoxdur. Biz məntiqdən, yaxud əvvəlki nümunələrdən asılı ola bilmərik, çünki bu, müəyyən mənada təhlükəlidir. «Vəhşi qoyunun izində» kitabında bu, «Qoyun adam» idi. «Mexaniki quşun xronikası»nda bu, su quyusundan keçilib gedilmiş başqa bir dünya idi. «Qaynadılmış möcüzələr diyarı və dünyanın sonu»nda bu, «INKlinqlər» idi. İndi isə «Komandor» var».

Kitabda Komandor özünü «ideya», «məfhum» adlandırır. Yazıçı deyir ki, bu personaja müəyyən bir məna vermək mümkün deyil: «Mən romanı bitirəndən sonra bu haqda düşündüm. Ancaq məncə, Komandor baş qəhrəmanların alter-eqo-larının (alternativ «mən»lərinin) birləşməsidir. Bəlkə də o, hər bir personajın fərqli tərəflərini əks etdirən bir güzgüdür. Bununla yanaşı, o, həm də tarixi bağlantı, yaxud da keçmişdən gələn bir elçi ola bilər. Ancaq bunların hamısı sadəcə ehtimallardır və nəyin doğru olduğunu heç mən də bilmirəm. Bu haqda düşünməyi oxucuların öhdəsinə buraxa bilərik».

«Neytral varlıq»

Murakami Komandoru həm də «neytral varlıq» adlandırır: «Onun yaxşı varlıq olduğunu deməzdim, ancaq pis də deyil. Məncə, bu cür dəyərlərdən çox uzağa getmiş bir «bələdçi»dir. Özü də o, hamının görə biləcəyi bir şey deyil. Onu yalnız görə bilənlər görür».

Murakami, eyni zamanda, çoxlu tərcümə edir və tez-tez xaricə səfər edir. O, uzun müddət xaricdə yaşayıb. Ancaq romanlarında, o cümlədən, «Komandoru öldürmək» kitabında hadisələr Yaponiyada cərəyan edir. Yazıçının sözlərinə görə, bu onun «daxil» və «xaric»i mübadilə etməyə həvəsindən irəli gəlir: «Məsələn, romanda qərbli olmalı olan Komandor altıncı – səkkizinci əsrlərə aid Asuka dövrünün yapon tərzi paltarlarını geyinir. Bu dissonans oxucuları maraqlanmağa vadar edir. O, eynilə Don Covanninin geydiyi paltarları geysəydi, bu, hekayə olmayacaqdı…

Mən ilk dəfə başlayanda xarici ölkələrdə cərəyan edən çoxlu romanlar vardı. Ancaq onlar məni çox da cəlb etmirdi. Daha çox mənaların, ruhların mübadiləsi kimi səciyyələndirilə bilən işlərlə maraqlanırdım. Bunu mövcud oturuşmuş ədəbi üslubla etmək, demək olar ki, qeyri-mümkün idi, buna görə ədəbi leksikonu yenidən qurmaq lazım idi».

XS
SM
MD
LG