Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 08:59

Vəkilləri hədəf alan hakim hədələri suallar doğurur


Hakim
Hakim

Bu hal məhkəmələrdə vaxtaşırı gözə çarpır – hakimlər vəkilləri onların üzv olduqları Vəkillər Kollegiyasıyla hədələyirlər. Son belə hal Gəncə hadisələrinin araşdırıldığı məhkəmə iclaslarından birində yaşanıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanov vəkil Əziz Qənbərovu ondan Vəkillər Kollegiyasının rəhbərliyinə şikayət etməklə hədələdi. Səbəb - müvəkkili Bəkrəm Əliyevin müdafiəsilə əlaqədar vəkilin vəsatətiydi.

Daha öncə vəkil Zibeydə Sadıqova müvəkkilinin işgəncə şikayətləri barədə qaldırdığı vəsatətə buna dair mediada yazılanları əlavə etdiyindən, hakimin eyni xəbərdarlığıyla üzləşmişdi.

Bir müddət öncə Suraxanı Rayon Məhkəməsinin hakimi Ceyhun Qədimovun «məhkəmə zalında qapını çırpıb, məhkəməyə hörmətsizlik edib» iddiası əsasında vəkil Aqil Layıcov cəzalandırılmışdı. Vəkillik fəaliyyəti yarımillik dayandırılan A.Layıcovun cəzası bu yaxınlarda başa çatıb.

Qanun nə deyir?

«Vəkillər və vəkillik fəaliyyəti haqqında» Qanunun 1.3 maddəsində yazılıb ki, vəkillərin, onların birliyinin peşəkar fəaliyyətinə dövlət orqanlarının, o cümlədən məhkəmələrin, vəzifəli şəxslərin müdaxiləsi, təzyiqi qadağandır.

Vəkillər Kollegiyasının Nizamnaməsinin 3.1 maddəsində isə göstərilib ki, bu qurum öz üzvlərini qoruyur.

Bu halda təbii sual doğur: Hakimlər vəkilləri niyə üzv olduqları qurumun rəhbərliyi ilə hədələyirlər?

A.Bağırov
A.Bağırov

«Məbləğin olduğu kimi yazılmamasından şikayətlənirlər»

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov kollegiya rəhbərliyinin öz üzvlərini müdafiə etməməsi fikriylə razılaşmır. O, AzadlıqRadiosuna bildirib ki, Vəkillər Kollegiyasına məhkəmələrdən elə çox şikayət də gəlmir: «Hakimlərin vəkillərdən şikayəti ümumi şikayətlərin çox cüzi hissəsidir. Bir faiz ola, ya olmaya».

Kollegiya sədrinin sözlərinə görə, vəkillərdən şikayətlərin böyük hissəsi sıravi vətəndaşlardan gəlir. Onlar da daha çox pul məsələsindən şikayətlənirlər: «Şikayətçi olanların təxminən 90 faizi vətəndaşlardır. Cəmi 10 faiz şikayət dövlət və ya qeyri-dövlət orqanlarından gəlir. Onların da əksəriyyəti əsassız olduğundan, biz rədd edirik. Sıravi vətəndaşlar, əsasən, qonorarla bağlı şikayətlənərək, bildirirlər ki, vəkillərə ödədikləri məbləğ onlarla bağlanan müqavilədə olduğu kimi yazılmır».

A.Bağırov dövlət orqanlarının əsassız şikayətləri əsasında vəkillərin cəzalandırılması barədə fikirlərin də doğru olmadığını vurğulayır.

Y.İmanov
Y.İmanov

«Hakimlər də görür ki, kollegiya rəhbərliyi öz üzvünü müdafiə etmir»

Dövlət orqanlarından birinin şikayəti əsasında Vəkillər Kollegiyasından uzaqlaşdırılan Yalçın İmanov fərqli düşünür və deyir ki, hakimlər Vəkillər Kollegiyasının rəhbərliyinin öz üzvlərinə münasibətindən cəsarətlənib, vəkilləri hədələyirlər: «Vəkillərin haqlı olduğu məqamlarda da, dəfələrlə, kollegiya rəhbərliyi öz üzvünü yox, dövlət orqanının, vəzifəli şəxsin əsassız mövqeyini müdafiə edib. Hakimlər və başqa vəzifəli şəxslər də bunları görür, bilir və buna uyğun davranaraq vəkilləri hədələyirlər».

Y.İmanov hüquqlarını qoruduğu şəxsin – Nardaran məhbusu Abbas Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə şikayətindən mətbuata açıqlamasına görə cəzalandırılıb və Penitensiar Xidmətin rəis əvəzi Oqtay Məmmədovun şikayəti əsasında onun vəkillik fəaliyyətinə xitam verilib.

Y.İmanov vəkillərə sayqısızlıq göstərən, qanunu pozan hüquq-mühafizə orqanları əməkdaşlarının, hakimlərin cəzasız qalmasına da diqqət çəkir. O, ayyarım öncə Binəqədi rayonu, 4-cü polis bölməsində döyüldüyünü deyən vəkil Orxan Kəngərli ilə bağlı olayı yada salır və deyir ki, ortada vəkilin üzərində xəsarətlər aşkarlanması barədə ekspert rəyi olsa da, heç kim məsuliyyətə cəlb edilməyib: «Bir ara söz-söhbətlər gəzdi ki. guya bölmədə 4 nəfər işdən çıxarılıb, amma bu da rəsmi şəkildə təsdiqlənmədi. Hətta işdən kənarlaşdırma olsaydı belə, proses bununla sonlana bilməzdi. Axı ortada döyülmə faktı, xəsarətlərlə bağlı ekspert rəyi vardı...».

XS
SM
MD
LG