Ermənistan iyulun 28-də Azərbaycan tərəfin açdığı atəşdən bir əsgərinin öldürüldüyünü iddia edir. Məlumatı Müdafiə Nazirliyinin sözçüsü Artsrun Ovannisyan Facebook-da yayıb.
O, “1995-ci ildə anadan olmuş, kontraktla hərbi xidmət keçən Arman Bulgardaryan-ın” Ermənistan sərhədinin şimal-şərq hissəsində “Azərbaycan tərəfin” açdığı atəşdən həlak olduğunu qeyd edir.
Əlavə informasiya verilmir.
Azərbaycan bu məlumata, hələlik, münasibət bildirməyib.
Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) iyulun 27-də yaydığı açıqlamada Azərbaycan-Ermənistan sərhəddində yerləşən Azərbaycanın sərhəd mövqelərinə qarşı təxribat törədildiyini bildirirdi. Açiqlamada vurğulanırdı ki, qarşı tərəfin snayperləri Azərbaycanın mövqelərinin arxa istiqamətdə hərəkətdə olan “Kamaz” markalı hərbi yük maşını atəşə tutublar, açılan güllələrdən biri avtomobilin ön şüşəsinə dəyib. DSX Azərbaycanın da buna cavab verdiyini qeyd edirdi.
Dövlət Sərhəd Xidməti iyulun 18-də isə bildirirdi ki, Ermənistan Silahlı Qüvvələrinin bölmələri bu ölkənin Noyemberyan rayonunun Zorakan kəndi istiqamətindən iriçaplı silahlardan atəş açılmaqla atəşkəs rejimini pozublar. Məlumatda habelə vurğulanırdı ki, hadisə zamanı Sərhəd Qoşunlarının «Qazax» sərhəd dəstəsində xidmət edən əsgər Ceyhun Bayramov yaralanıb.
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi 1988-ci ildə başlanıb. 1994-cü ildə tərəflər arasında gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs razılaşmasından sonra da cəbhədə tez-tez atəş səsləri eşidilməkdədir. Tərəflər, bir qayda olaraq, buna görə bir-birlərini ittiham edirlər.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.