Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:21

MTN generalları şikayətlərini geri götürür


Prezident İ.Əliyev MTN hospitalının açılışında. 2012
Prezident İ.Əliyev MTN hospitalının açılışında. 2012

2015-ci ildə MTN-dəki əməliyyatdan sonra həbs olunan generalların hamısı birinci və apellyasiya instansiya məhkəmələrini keçəndən sonra Ali Məhkəməyə şikayət etsələr də, sonradan şikayətlərini geri götürüblər. Baxmayaraq ki, onlar müxtəlif qrupların tərkibində, bir-birindən ayrı mühakimə olunurlar, hamısı eyni addımı atıb.

Avqustun 1-də Ali Məhkəmədə MTN-in Antiterror Mərkəzinin rəisi olmuş general Elçin Quliyevin də şikayətini geri götürdüyü açıqlanıb. Hakim bildirib ki, onun özü məhkəməyə bu barədə ərizə göndərib.

Eyni gündə Ali Məhkəmədə MTN-in Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, müavini, polkovnik Füzuli Əliyev, nazirliyin Monitorinq Mərkəzinə rəhbərlik etmiş general Teymur Quliyev, keçmiş əməliyyatçılar Natiq Alıyev Zaur Məmmədovun da şikayətinə baxılıb. Bu işdə də keçmiş MTN-çilər şikayətlərini geri götürüblər, məhkəməyə bu barədə ərizə göndəriblər.

MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik İdarəsinin rəisi olmuş general Akif Çovdarov da Ali Məhkəməyə şikayətini geri götürmüşdü. Ancaq o, bir müddət əvvəl yenidən şikayət verib və hazırda icraatdadır.

130 minlik iddia

Zərərçəkənlər isə hələ də onlara dəymiş ziyanın ödənilməsini tələb edirlər. S.Qurbanov, T.Quliyevin də olduğu 10 nəfərlik qrupun işi üzrə zərərçəkənlərdən biri İlqar Əliyevin oğlu Nəriman Əliyev avqustun 1-də Ali Məhkəmədə çıxışında 130 minlik mülki iddialarının təmin olunmasını istəyib. İ.Əliyev və başqa zərərçəkənlər keçmiş MTN əməkdaşlarının onları qanunsuz saxlayıb, pul alıb buraxdıqlarını iddia edir, qaldırdıqları mülki iddialarla həmin pulları geri istəyirlər.

N.Əliyev deyir ki, həm Bakı Hərbi Məhkəməsi, həm də Bakı Apellyasiya Məhkəməsi onların mülki iddiasının təmin olunmamasını belə əsaslandırıb ki, MTN işi üzrə həbs olunanlara mütəşəkkil dəstə ittihamı verilib. Bu dəstənin bütün üzvləriylə bağlı araşdırmalar hələ yekunlaşmayıb. Eləsi var, hələ birinci instansiyada işinə baxılır, eləsi var, istintaq gedir. Ona görə də indiki halda mülki iddianın təmin olunması doğru hesab edilməyib.

«Amma elə zərərçəkənlər də var ki, onlara münasibətdə mülki iddialar təmin olunub. Bu halda bizə münasibətdə niyə fərqli qərar qəbul edilib, anlaşılmır», – zərərçəkənin oğlu belə deyib.

Təqsirləndirilən polkovnik F.Əliyevin vəkili isə mülki iddiaya etiraz edib. Deyib ki, indiki halda onun müvəkkili və başqa təqsirləndirilən şəxslər şikayətlərini geri götürüblər. Ancaq gələcəkdə onlar yenidən şikayət edə bilər. Bu halda onların gələcəkdə hansısa epizodlar üzrə, yaxud tam bəraət almaq ehtimalı var. Buna görə də bəri başdan onlara qarşı mülki iddia təmin olunmamalıdır.

Ali Məhkəmə də zərərçəkənin mülki iddiasını təmin etməyib.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib.

Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib. Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlardan təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir Eldar Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

Həbs olunan sabiq MTN-çilərdən bir qismi artıq azadlığa buraxılıb.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG