Qırğızıstanın paytaxtı Bişkekdə polis keçmiş prezident Almazbek Atambaevin tərəfdarlarının keçirdiyi etiraz aksiyasını səs qumbaraları və gözyaşardıcı qazlarla dağıdıb.
Bu hadisənin canlı yayımını Aprel telekanalı aparırdı.
Təhlükəsizlik qüvvələri etirazçıları paytaxtın mərkəzi meydanından və küçələrindən çıxarıb.
Bundan əvvəl Atambaev Bişkekdə müddətsiz mitinq elan etmişdi.
***
Qırğızıstandan alınan son xəbərlərdə deyilir ki, ölkənin xüsusi təyinatlı polis qüvvələri keçmiş prezident Almazbek Atambaevin malikanəsinə hücum əməliyyatı keçirərək onu həbs ediblər.
Ötən gecə burada Atambaevin tərəfdarları və polis qüvvələri arasında baş vermis toqquşmada 1 nəfər həlak olmuş, onlarca insan yaralanmışdı.
Interfax da daxil, yerli media xəbər verir ki, Atambaev saxlandıqdan sonra Daxili İşlər Nazirlyinə aparılıb.
Interfax əlavə edir ki, Daxili İşlər Nazirliyinə aparılan Atambaevi onun ictimai müdafiəçisi Farid Niyazov və Sosial Demokrat Partiyası sədrinin müavini Kunduz Zholdubaeva müşayiət ediblər.
AzadlqıRadiosu Atambaevin həbsi barədə xəbərləri başqa mənbələrlə hələlik təsdiqləyə bilməyib.
Bununla yanaşı xəbər verilir ki, polis həbs zamanı səs qumbaralarından və rezin güllələrdən istifadə edib.
***
Qırğızıstan xüsusi qüvvələri keçmiş prezident Almazbek Atambaev-in iqamətgahına ikinci hücuma başlayıblar. Xəbəri AzadlıqRadiosu-nun hadisə yerində olan müxbirləri bildirir.
Polisin avqustun 8-də iqamətgaha girərkən qumbaralardan və gözyaşardıcı qazdan istifadə edib. Evdə isə Atambaev və onlarla tərəfdarı var.
***
Qırğızıstan prezidenti ilə sələfi bir-birini ittiham edirlər
Qırğızıstan Prezidenti Sooronbai Jeenbekov və sələfi Almazbek Atambaev ötən gecəki toqquşmalara görə bir-birini ittiham edirlər. Polislə Atambaev tərəfdarlarının toqquşmasında bir polis əməkdaşı öldürülüb, onlarla yaralı var.
Avqustun 8-də ölkədəki durum gərgin olaraq qalıb. Atambaev Bişkek kənarındakı iqamətgahındadır. Tərəfdarları polisin onu saxlamasını əngəlləyib, üstəlik üç təhlükəsizlik işçisini girov saxlayır.
Avqustun 8-də Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasında çıxış edən Jeenbekov deyib ki, ölümlə nəticələnmiş zorakılığa görə Atambaev məsuliyyət daşıyır.
“Almazbek Atambaev Qırğızıstan respublikasının konstitusiyasını və qanunlarını tamamilə gözardı edib, silah gücüylə istintaqın hüququ gerçəkləşməsini əngəlləyib”, – deyən Jeenbekov şuraya “ölkədə mümkün qədər tez sülh və sabitliyi bərqərar etməkdən ötrü gərəkən bütün addımları həyata keçirmək” göstərişi verib.
Atambaev isə avqustun 8-də iqamətgahında jurnalistlərə deyib ki, zorakılığa, reydin keçirilmə tərzinə görə Jeenbekov və hökuməti məsuliyyət daşıyır.
“Dünən onlar məni dindirməyə aparmağa gəldiklərini demədilər, qanqster kimi gəlib adamlara atəş açmağa başladılar. Bir-iki aydır deyirəm ki, kimsə evimin kandarından keçsə, özümü müdafiə üçün silahdan istifadə edəcəyəm. Mənə hədiyyə verilmiş tapansa və tüfəngim var”, – deyən Atambaev tərəfdarlarında odlu silah olmadığını sözlərinə əlavə edib.
Keçmiş prezident tərəfdarlarının altı xüsusi təyinatlı polis əməkdaşını girov götürdüyünü təsdiqləyib, onları buraxmağa çağırıb, çünki “onlar da kiminsə övladlarıdır”.
Atambaev deyib ki, tərəfdarları ilə birlikdə avqustun 8-də Bişkekdə ona məxsus, Aprel TV-nin yerləşdiyi Media Forum binasına gedəcək, orada mətbuat konfransı keçirəcək və sonradan yürüş üçün hökumət binasının qarşısına yollanacaqlar.
“Yürüş edəcəyik ki, kimsə bizi qoyunla səhv salmasın. Dünən baş verənlər ələ keçirmək cəhdi idi... Baş prokuror özünü qanunları bilməyən kimi göstərir, yaxud ola bilsin, qanunları bilmir. Məhkəmə başqa qərar çıxarmayanadək mənim evim dövlət mühafizəsi altındadır və heç kəsin ora daxil olmağa haqqı yoxdur”, – Atambaev vurğulayıb.
Səhiyyə Nazirliyi dünənki toqquşmalarda azı 15 polis əməkdaşı olmaqla 52 nəfərin yaralandığını bildirir.
***
Eks-prezidentin iqamətgahını tərk ediblər, girovlar buraxılıb
Qırğızıstan qüvvələri avqustun 8-də səhər keçmiş prezident Almazbek Atambaev-in yaşadığı kənddən çıxıblar, onu həbs etmək cəhdi alınmayıb. Basqın zamanı bir polis öldürülüb, 45 nəfər xəsarət alıb.
Atambaev tərəfdarları ilə danışıqlar aparılıb, onlar 7 avqust əməliyyatı zamanı girov götürdükləri altı nəfəri buraxmağa razılaşıblar.
Keçmiş prezident bir istintaq çərçivəsində ifadə verməyə getmirdi. Ancaq güc qurumları onun iqamətgahına basqın zamanı Atambaev tərəfdarlarının qanlı müqaviməti ilə üzləşiblər.
“İstənilən sualı cavablandırmağa hazıram”
Atambaev-in avqustun 8-də videomüraciətini Aprel TV yayımlayıb. O, özünün həbs edilməsi cəhdini qeyri-konstitusion və qanunsuz adlandırıb.
Atambaev deyib ki, o, sualları yazılı cavablandırmağı təklif edib, amma “hakimiyyət mənim qanun çərçivəsində hərəkət etmək çağırışlarıma qulaq asmayıb… İstənilən sualı cavablandırmağa hazıram, çünki korrupsiya olmayıb”, – o deyib.
O həmçinin hakimiyyəti “xüsusi qüvvələrin xalqımıza atəş açmamasını” təmin etməyə çağırıb.
Çuy regional polis rəisi Samat Kurmankulov-un da yaralandığı xəbər verilir. O, başından əməliyyat olunub və vəziyyəti ağır dəyərləndirilir. Hadisə yerində polis daşa tutulan zaman o, başından xəsarət alıb.
Atambaev-in iqamətgahına basqın başlananda o, tərəfdarları ilə əl sıxaraq görüşürdü.
İnternetdə yayılmış videoda keçmiş prezidentin onlarla tərəfdarının onun iqamətgahına girdiyi görünür.
Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (UKMK) polisin rezin güllələrdən istifadə etdiyini bildirir.
Prezident Bişkekə qayıdıb
Prezident Sooronbai Jeenbekov məzuniyyətini yarımçıq kəsərək Bişkekə qayıdıb və avqustun 8-də səhər Milli Təhlükəsizlik Şurasına sədrlik edib.
Gündəmdə duran əsas məsələ “2019-cu il avqustun 9-da baş vermiş durumla əlaqədar təhlükəsizlik və hququn aliliyinin təmin olunması”dır.
Atambaev 2017-ci ilin oktyabrında prezident seçkisində Jeenbekov-u dəstəkləyib. Ancaq son aylar onlar bir-birini səriştəsizlik və qeyri-peşəkarlıqda ittiham etməyə başlayıb.
Keçmiş prezident Atambaevin bir sıra yoldaşları korrupsiya ittihamları ilə həbs olunub. Onun özünə qarşı isə 2011-2017-ci illərdə prezident olduğu dövrdə törətdiyi iddia olunan əməllərə görə 5 ittiham irəli sürülüb. O, səlahiyyətlərindən sui-istifadədə, korrupsiyada və qanunsuz varlanmaqda ittiham olunur.
Atambaev bütün ittihamları rədd edir, onları siyasi motivli adlandırır. O, indiyədək Daxili İşlər Nazirliyinin çağırışlarından imtina edib.
Qırğızıstan qanunlarına görə, hüquq-mühafizə orqanlarının iki çağırışına cavab verməyən şəxs dindirmə üçün məcburi qaydada saxlana bilər.
Ötən mayda Qırğızıstan qanunlarına edilən dəyişikliklər Atambaevi toxunulmazlıqdan məhrum edib. Qırğızıstan millət vəkillərinin əksəriyyəti bu dəyişikliyə səs verib.
Atambaevin vəkili Sergei Slesarev düzəlişləri qanunsuz adlandırıb.